Rusiya Telman İsmayılovun “kəlləsini istəyir”
Telman İsmayılovun ekstradisiyası niyə bu qədər önəmlidir?
Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə federasiyaya giriş qadağası tətbiq edir. Bu barədə Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyindən nota göndərilib. Qeyd edilir ki, müvafiq tədbir Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə – iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.
Xatırladaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib.
Ötən il beynəlxalq axtarış çərçivəsində Telman İsmayılov Monteneqroda saxlanılıb. 21 gün həbsdə saxlanılandan sonra ittihamlarda siyasi çalarlar olduğuna görə o, Rusiyaya ekstradisiya edilməyib. Bununla belə, Rusiya siyasi rəhbərliyi israrla Telman İsmayılovun həbsini tələb edir.
Rusiya üçün Telman İsmayılovun ekstradisiyası niyə bu qədər önəmli şəkil alıb? Səbəb yalnız İsmayılov və qardaşlarının adı keçən cinayət işidir, yoxsa siyasi motivlər də var?
2016-cı ilin may ayının 16-da Moskva vilayətinin Novorijskoye şosesində avtomobilin salonunda 2 nəfər qətlə yetirilir – “Stroymarket №1″ ticarət mərkəzinin sahibi Vladimir Savkin və ”Lüblino Motors”un təsisçisi Yuri Brilyov. İstintaq bu 2 nəfərin qətlinin sifarişçisi kimi Telman İsmayılovu ittiham edir…
İstintaqın versiyasına görə, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun öldürülənlərdən birinə 5,5 milyon dollar borcu olubmuş. Telman İsmayılov isə killerə “problemi” və şahidi məhv etmək əmri veribmiş. “Çerkizov” bazarının keçmiş sahibi eləcə də Koptev mütəşəkkil cinayətkar qrupunun 6 üzvünün məhvini sifariş verməkdə günahlandırılır. Guya onlarla ticarət obyektlərini bölüşdürə bilmirmiş. Daha bir zərərçəkən tanınmış pop ifaçı Avraam Russodur. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, bir zamanlar iş adamının sevilən müğənnisi bir dəfə atəşə tutulub, döyülüb və oğurlanıb.
İttiham aktında yazılanlar məhkəməyə qədər gedib çıxsa və Telman İsmayılov Rusiyada məhkəmə qarşısına çıxarılsa, onu ömürlük həbs cəzası gözləyir.
Ondan başlayaq ki, Rusiya ilə Monteneqronun ayrıca hüquqi yardım müqaviləsi yoxdur. 1962-ci ildə SSRİ ilə Yuqoslaviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilə imzalanıb və rəsmi olaraq qüvvədədir. Buna baxmayaraq, Monteneqro cinayət törətməkdə şübhəli bilinənləri Rusiyaya təhvil verir. Məsələn, 2021-ci ilin iyulunda Puşkin adına Sankt-Peterburq Dövlət Universitetinin keçmiş rektoru, eləcə də keçmiş senator Vyaçeslav Skvortsov Rusiyaya təhvil verilib. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurdu.
Lakin Monteneqro rəsmilərinin Telman İsmayılovla bağlı yanaşması fərqli oldu və onu rusiyalı məhkəmə müfəttişlərinin əlinə vermədilər. Bir çoxları bunu Telman İsmayılovun Monteneqro prezidenti Milo Cukanoviçlə şəxsi dostluq münasibətləri ilə əlaqələndirdilər.
Rusiya hüquq-mühafizə orqanlarının təqiblərindən Telman İsmayılov əvvəlcə Türkiyədə, özünə məxsus “Mardan Palace” hotelində gizlənirdi. Ancaq tezliklə Türkiyə müfəttişlərinin sualları ortaya çıxdı. Onların fikrincə, İsmayılov Rusiya kriminal dairələrində tanınan “qanuni oğru” Rövşən Canıyevin öldürülməsində iştirak edib. Həbs olunmaqdan və ya Rusiya səlahiyyətlilərinə təhvil verilməsindən qorxan Telman İsmayılov hotelini İstanbul bankına cəmi 124 milyon dollara satıb və özü də tələsik Monteneqroda kirayə qaldığı bir villaya köçüb. Bundan sonra Rusiyanın VTB Bankının iddiasına görə, Nevada məhkəməsi Las-Veqasda İsmayılova məxsus Craig Valley Plaza ticarət mərkəzini həbs edib. Telman İsmayılov ABŞ-da cinayət təqibi ilə bağlı əsl təhlükə ilə üzləşmişdi. O, kredit mənimsəməkdə və Amerika hesablarından vəsait çıxarmaqda şübhəli bilinirdi. Məhkəmə icraçıları onun pulunu axtarırlar. İsveçrədə Telman İsmayılovun vəziyyəti daha da pisdir, “BM-Bank”ın versiyasına görə, o, oğurladıqlarının bir hissəsini gizlədərək qanuniləşdirib. Sürix prokuroru artıq onu dələduzluqda, əmlakını gizlətməkdə və aktivlərinin çıxarılmasında ittiham edərək cinayət işi başlayıb. Telman İsmayılovun Azərbaycan Beynəlxalq Bankına 70 milyon dollar borcu var və ölkəyə gələcəyi təqdirdə bu məbləğlə bağlı sorğu-sual oluna bilər. VTB kreditorlarının uzun əlləri Telman İsmayılova bu yaxınlarda yaşadığı Monteneqroda da çatıb. Borclara görə yerli icra məmurları oğlu Ələkbərə məxsus Budvadakı Avala kazinosunu həbs ediblər. Hələ 2017-ci ildə, Telman İsmayılovun başının üstündə qara buludlar dolaşanda Fransada gizlənməyə çalışıb.
Telman İsmayılovun yüksəlişi və iflası 90-cı illərin biznesmenləri üçün səciyyəvidir. Bakıda dağ yəhudilərinin ailəsində anadan olub. Atası böyük bir atelyedə işləyirdi və oğluna o zaman ən yaxşı təhsil vermişdi. Telman İsmayılov Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib və Ticarət Nazirliyində iqtisadçı işləyib. 1987-ci ildə gələcək milyarder “Kommersiya xeyriyyə şirkəti” kooperativini açıb. Biznesini inkişaf etdirərkən Moskva şəhər İcraiyyə Komitəsinin Kooperativ Fəaliyyəti Komissiyasının sədri Yuri Lujkovla tanış olub. Dost olduqdan sonra hər ikisi postsovet Moskvasında uğur qazanıb. Telman İsmayılov bazarlara və daşınmaz əmlaka sahib olub. 1 milyard dollarlıq sərvəti ilə “Forbes”in reytinqinə düşüb. Əsas aktivi Moskvanın şərqindəki “Çerkizov” bazarı idi. O, Türkiyənin Antalya şəhərində Avropada ən bahalı sayılan və dəyəri 1 milyard dollar olan “Mardan Palace” hotelini tikdirib. Açılışında Peris Hilton, Şeron Stoun və Monika Beluççi iştirak ediblər. Lenti Lujkov-Baturina cütlüyü kəsib.
“Mardan Palace” hotelinin açılışından sonra Rusiyada Telman İsmayılova qarşı basqılar birə yüz artıb. Onun Moskvadakı “Çerkizov” bazarı bağlanıb, oradakı mallar keyfiyyətsiz elan edilərək məhv olunması üçün müsadirə edilib. Bazardan götürülən malların ümumi dəyərinin 6 milyard dolları aşdığı deyilir. Bundan sonra Moskva meri Yuri Lujkov Rusiya prezidentinin etimadını doğrultmadığına görə istefaya göndərilib. Telman İsmayılovun imperiyası çöküb, özü iflas edib və indi müxtəlif strukturlara milyardlarla borcu var.
Telman İsmayılov müsahibələrində başına gələnləri Rusiya prezidenti Vladimir Putinin ətrafında olan məmurların ayağına yazır. Deyir ki, prezident Putin 2 dəfə ona etimad göstərərək mükafatlandırıb. Ətrafındakı məmurlar isə onun gözdən düşməsi üçün əllərindən gələni ediblər və haradasa istəklərinə nail olublar. Telman İsmayılov ötən il bildirib ki, prezident Putinin ətrafında olan və ona qarşı gözdənsalma kampaniyası aparmış məmurun adını açıqlayacaq. Telman İsmayılovun bu açıqlaması hələ ki ictimailəşməyib.