“Tərtər işi” ilə bağlı şok açıqlama: “Bu işin təşkilatçıları yüksək rütbəlilərdir!”
Baş Prokurorluq “Tərtər işi” ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb. Yerli media həmin hərbçilərin ikisinin kimliyi və vəzifələri ilə bağlı məlumatlar əldə edib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlunun rütbəsi polkovnik olub. O, Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri kimi 2017-ci ilin aprel-may aylarında tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.
Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.
Yekunda V.Ələsgərov 3500 manat cərimə olunmaqla həbs edilməyib. Hazırda yenilənən istintaqla polkovnikə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham elan olunub.
CM-in 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən Axundov Fuad Arazi oğlu isə ədliyyə mayoru olub. O, N saylı hərbi hissədə Vüsal Ələsgərovun hüquq işləri üzrə köməkçisi kimi çalışıb. Tərtər hadisələri zamanı qeyri-qanuni sorğulama məntəqəsi yaradıb. Düşmən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhələndiyi hərbçiləri Vüsal Ələsgərov vasitəsilə həmin məntəqəyə aparıb. Hərbi hissənin kəşfiyyat bölüyünün əsgərlərini isə qanunsuz olaraq həmin məntəqədə öz əməllərini törətmək üçün istifadə edib. Belə ki, Fuad Axundovun rəhbərliyi ilə kəşfiyyat bölüyünün 14 hərbi qulluqçusu düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbçilərə işgəncələr verib. İşgəncəyə məruz qalan 109 nəfər hərbçidən 8 nəfəri buna dözməyərək vəfat edib.
Məlum olduğu kimi, ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.
Baş Prokurorluğun yaydığı son məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilərək məhkəmələrə apelyasiya protestləri verilib. Deməli, hakimlər də qondarma qərar çıxarıb, yalançı ittiham aktlarını təsdiqləməklə kifayətlənib. Məhkəmələr araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər.
Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar.
Görünür, faktlar təsdiqləndiyi halda Hərbi Prokurorluqdan da istefalar və həbslər olacaq.
İlham İsmayıl: “Həbs olunan zabitlər əvvəl-axır danışacaqlar ki, göstərişi filankəslər verib”
Yeni xüsusatlarla bağlı “Yeni Müsavat”a danışan təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirdi ki, “Tərtər işi” təxminən 4 il sonra-2021-ci ilin payızında yenidən gündəmə gəlib. Bu məsələ ilə bağlı ictimaiyyətin müzakirələri genişləndikcə, məsələyə reaksiya verilməyə başlandı. Bu reaksiyalardan biri də baş prokurorun yeni şəxslə əvəz olunması idi: “Cəmiyyətdə olan müzakirələr, edilən müraciətlər əvvəl-axır bir reaksiya tələb edirdi. İki ay öncə ”Tərtər işi” yenidən istintaqa qaytarıldı və yeni istintaq qrupu yaradıldı. Burada vətənə xəyanət faktlarını araşdırarkən yol verilmiş qanunsuz hərəkətlərə baxılmağa başlanıb. Bu zaman məlum olub ki, əslində xeyli zərərçəkən olub. 281 nəfər zərərçəkənin olduğu artıq rəsmi açıqlamada qeyd edilir. Proses davam edir. Hiss olunur ki, “Tərtər işi” dayanmayacaq, gedəcək. Hazırda generallar yox, onlardan aşağı rütbəli olan zabitlər tutulub. O şəxslər ki, onlar haqqında məhkəmə qərarları olub, bəzilərinə şərti cəza verilibmiş, bəziləri haqda az keçdikdən sonra bəraət qərarı çıxarılıbmış. İndi həmin şəxslərin bəziləri yenidən istintaqa cəlb ediliblər və barələrində cinayət işi açılıb. Onların cinayət işi indi sübuta yetirilsə, deməli, belə məlum olacaq ki, onlara bəraət hökmü çıxarmış hakimlər qanunsuzluq ediblər. Deməli, həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır”.
İlham İsmayılın sözlərinə görə, bu prosesdə narahatedici məqam ondan ibarətdir ki, əmri vermiş şəxsləri deyil, əmri icra edənləri tuturlar, təşkilatçılar, əmri verənlər hələlik ortada yoxdur: “Əslində isə əmri verənlər, təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Çünki heç cür mümkün deyil ki, bu qədər genişmiqyaslı qanunsuzluqlar üçün həmin icraçılar özləri qərarlar verərlər. Bu adamların əməlləri, şübhəsiz, qanunsuzdur, bunlar öz yerində. Amma məsələ burasındadır ki, təşkilatçılar, icraçılara əmri verənlər kimlər olub? İstintaq bu istiqamətə yönəldilməlidir və təşkilatçılar, əmr verənlər məsuliyyətə cəlb olunmalıdır. İstintaq qrupunun yarandığı hələ iki aydır. Qanunla bundan sonra 1 il 4 ay bu istintaq dava edə bilər və əlavə şəxslər də cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan cəmiyyəti gözləyir ki, istintaq bu işin təkcə icraçılarını deyil, həmçinin təşkilatçılarını, göstəriş verənlərini də müəyyənləşdirib məsuliyyətə cəlb etsin”.
Ekspert qeyd etdi ki, bu işdə Müdafiə Nazirliyinin daha yüksək rütbəli şəxsləri iştirak ediblər. Mümkün deyil ki, aşağı ranqlı zabitlər, hərbçilər birbaşa özləri qərar verib özləri icraçı olalar: “Burada eyni zamanda Hərbi Prokurorluğun da məsuliyyəti var, çünki bu hadisələrin istintaqını onlar aparıblar. Həbs olunan aşağı ranqlı zabitlər, şəxslər əvvəl-axır danışacaqlar ki, göstərişi yuxarıda filankəslər verib. Düzdür, qanunsuz əmri yerinə yetirmək də cinayətdir. Amma əmri verənin əməli də cinayət əməlidir. Odur ki, yenə deyirəm, bu işin təşkilatçıları var və onlar daha yüksək rütbəlilərdir. İstintaq onlara gedib çıxmalıdır. Bu olmasa, cəmiyyətdə yeni başlanan istintaqa da inam olmayacaq və məsələ həllini tapmamış qalacaq”.
Novella Cəfəroğlu: “Xalq əmin olmalıdır ki, ”Tərtər işi”nin istintaqı ədalətli aparıldı”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, “Tərtər işi”nin istintaqının ədalətli aparılması çox vacibdir: “Bunu qanun da, insan hüquqları da, insanlıq da tələb edir, Azərbaycan ictimaiyyəti də bunu gözləyir. Xalq görməlidir ki, bu ölkədə qanunları pozan, özünü qanunlardan üstün tutan, əsgərlərimizə, zabitlərimizə düşməncəsinə davranan şəxslər kimliyindən asılı olmayaraq qanuni cəzalarını aldılar. Ortada yüzlərlə insanın hüququnun dəhşətli dərəcədə pozulduğu barədə məlumatlar var, bunu artıq Baş Prokurorluq da yaydığı açıqlamada qeyd edir. Odur ki, bu iş həm də hesab edirəm ki, hüquq müdafiəçilərinin, medianın da diqqətində olmalıdır, bu proses barədə vaxtaşırı olaraq ictimaiyyətə ətraflı məlumat verilməlidir. Xalq əmin olmalıdır ki, ”Tərtər işi”nin istintaqı ədalətli aparıldı və törətdiyi cinayətin məsuliyyətindən kənarda qalan olmadı. Bu məsələ dövlətimiz üçün milli maraq məsələsinə çevrilib. Bu işdə əli olan, cinayətə yol verən bütün şəxslərin qanunun tələb etdiyi şəkildə cəzalandırılmasını həm də milli, dövlət maraqlarımız tələb edir. Ona görə də istintaq bu işin kökünə qədər getməlidir. Zamanında qanunsuz hökmlər çıxarmış, qanunsuz, sifarişli qərarlar çıxarmış hakimlər də məsuliyyətə cəlb edilməlidir. Xalq görməlidir ki, onun hərbiyə, əsgərliyə göndərdiyi oğullarına işgəncə əmrini verənlər, bu əmri icra edənlər layiqli cəzalarını aldı”.