Putini Ərdoğan dayandıracaq? – “Türkiyə hərəkətə keçəcək”
Rusiya Ukrayna ərzisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıyıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib. Rəsmi Türkiyə Rusiyanın bu addımına münasibət bidirərək qəbuledilməz adlandırıb. ““DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanınması Minsk razılaşmalarını və Ukraynanın ərazi bütövlüyünü pozan qəbuledilməz addımdır”,- deyə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırır”, – Türkiyə XİN-in bəyanatında qeyd olunur.
Maraqlıdır, bu açıqlamadan sonra Türkiyə və Rusiya münasibətləri hansı məcrada davam edəcək?
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Türkiyə bu mövzuda beynəlxalq hüququn tələb etdiyi yöndə addımları davam etdirəcək:
“Çünki bu, beynəxalq hüququn ciddi pozuntusudur. Əlbəttə ki, hüquq dövləti olan Türkiyə məsələyə etirazını açıqlamalarında da birmənalı olaraq göstərib. Türkiyənin bundan belə ata biləcəyi addım Ukrayna Prezidenti Vladimir Zelenski ilə məsləhətləşmələrdən sonra müəyyən olacaq. Ümumiyyətlə, Rusiyanın separat rejimləri tanımasından sonra beynəlxalq vəziyyət tamamilə fərqli məcraya gedir. Rusiyanın bu addımlarına qarşılıq olaraq, Qərbin iqtisadi sanksiyaları nəzərdən keçirilir. Bu sanksiyaların sabah elan olunacağı haqqında informasiya da var.
Türkiyə də bundan sonra Rusiyanın daha da irəli getməsinin qarşısını almaq üçün beynəlxalq səviyyədə addımlar atmağa davam edəcək. Bilirsiniz, müharibələr təkcə quruda getmir. Eyni zamanda, müharibə bu gün Rusiyanın hegemon olduğu Qara dəniz ekvatoriasında gedəcək ki, Qara dənizin də güclü sahil ölkələrindən biri məhz qardaş Türkiyədir. Buna görə də Türkiyə bu prosesin qarşısını almaq üçün hərəkətə keçəcək”.
Politoloqun sözlərinə görə, Türkiyə burada öz geosiyasi maraqlarını da üstün tuta bilər:
“Türkiyə və Rusiya münasibətlərinə gəldikdəı, Türkiyə özünün geosiyasi maraqları qarşısında Rusiya ilə münasibətləri pozmaq istəməyəcək. Çünki Ukraynadan başqa, Rusiya və Türkiyənin ortaq geosiyasi maraqları olan bölgələr də var. Suriya, Liviya, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz kimi. Düşünmürəm ki, Türkiyə Rusiya ilə münasibətləri kəskinləşdirəcək. Çünki bu, indiki vəziyyətdə Türkiyənin maraqlarına uyğun deyil. Ayrıca, Türkiyə özünün “NATO müttəfiqləri”ndən də əmin deyil. Rusiyanın separat rejimlərinin tanınmasına gətirib çıxaran addımının səbəbinin bilavasitə Qərbin yetərsiz davranışları olduğunu Türkiyə bilir. Özünün “müttəfiqələrinə” güvənməyən Türkiyə geosiyasi maraqları çərçivəsində bundan sonra hərəkət edəcək. Bu da Rusiya ilə tərəfdaşlığı pozmayacağını ehtiva edir”.