Qarabağda və Ermənistanda demoqrafik böhran – köçürülən ermənilər də qaçırlar
İşğalçı ölkə olan-qalan əhalisini də itirir; İrəvanın repatriasiya siyasəti iflasda; yeni qara statistika və Azərbaycanın hərbi müdaxiləsini qaçılmaz edən gəlişmə…
İstənilən ölkənin demoqrafik göstəriciləri onun iqtisadi-maliyyə potensialına düz mütənasibdir. Əhali sayı isə strateji önəm kəsb edən faktor sayılır. Xüsusən də müharibə vəziyyətində olan, cırtdan Ermənistan üçün. İllərdir blokada şəraitində olan, iqtisadiyyatı tənəzzüldən çıxa bilməyən, hər hansı inkişaf perspektivi və investisiya cəzbediciliyindən məhrum düşmən ölkədə əhalinin ilbəil azalması, xaricə köçün davam eləməsi təbiidir.
Məntiq diktə edir ki, belə böhranlı durumdan yalnız əsas səbəbi aradan qaldırmaqla, yəni Azərbaycana qarşı işğalçı siyasətə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarına son verməklə çıxmaq olar. Əfsus ki, Ermənistanın hazırkı rəhbərliyi ilk növbədə əsas qonşularda problemləri yoluna qoymaq əvəzinə, sələfləri kimi, səbəbi “dağda-daşda” axtarır. Demək, Ermənistanın daha böhranlı günləri hələ qabaqdadır. Bu da yeni “qara” statistika.
*****
Bu arada Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti Statistika Komitəsinə istinadən yazıb ki, 2020-ci ilin ilk altı ayı ərzində Ermənistanda yeni doğulanların sayı azalıb, ölənlərin sayı isə artıb.
“2018-ci ildən etibarən yeni doğulmuş uşaqların sayında azalma tendensiyası davam edir. 2018-ci ilin yanvar-iyun aylarında yeni doğulanların sayı 16 min 261, 2019-cu ilin yanvar-iyun aylarında 16 min 21, bu ilin altı ayında isə 15 min 893 olub. Bu ilin yanvar-iyun aylarında 14 417 ölüm halı qeydə alınıb. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 13 724, 2018-ci ildə isə 13.288 olub”, – deyə nəşr qeyd edib.
Eyni neqativ demoqrafik proses işğal altındakı Dağlıq Qarabağda gedir. Paşinyan hökuməti isə belə görünür, vəziyyətdən xaricdə yaşayan ermənilər hesabına çıxmaq istəyir. Son olaraq, Beyrutdakı partlayışdan sonra Livan ermənilərinin müəyyən qisminin – təxminən 500 nəfərin ölkəyə gətirilməsi haqda Ermənistanın Diaspor məsələləri üzrə baş komissarı Zare Sinanyan (Amerika ermənisi, ABŞ-ın Qlendeyl şəhərinin meri olub) məlumat verib. Onların da bir hissəsinin Dağlıq Qarabağda yerləşdirilməsi planlaşdırılır.
Lakin bu, yel dəyirmanı ilə mübarizə aparmaq kimi bir şeydir və heç bir nəticəsi ola bilməz. Çünki köçü təmin eləmək üçün Ermənistanın minimum iqtisadi-maliyyə imkanları, infrastruktur yoxdur, sosial şərtlər (mənzil, iş yerləri) heç Ermənistanın olan-qalan əhalisi üçün əlçatan deyil, o ki ola gəlmə ermənilər üçün. Bir yandan da davam edən və istənilən sosial-iqtisadi problemi daha da ağırlaşdıran müharibə şəraiti.
*****
“Zare Sinanyanın hazırkı diaspor siyasətinin bəzi məqamları çox qəribədir. Belə görün
ür ki, demoqrafik artımın rəqəmləri və göstəriciləri dalınca qaçan Diasporla işləri üzrə baş komissar bundan ötrü zəruri təhsil, sosial, mədəni, iqtisadi və siyasi sistem yaratmağı düşünmür”,
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı təhlili məqaləsində yazır.
Müəllif daha sonra qeyd edir: “İndiki Ermənistanın multikultural cəmiyyət qurmaq təcrübəsi yoxdur. Onun siyasəti milli dövlət qurmağa yönəlib. Məmurlar ölkənin təkcə ermənilər üçün cəlbedici olmamalı olduğunu söyləməklə nəyə ümid edirlər, əgər ölkədə zəruri intellektual, siyasi və iqtisadi potensial yoxdursa? Ermənistan bunsuz necə repatriasiyasının (vaxtilə ölkədən getmiş əhalinin geri dönüşü prosesi – red.) mərkəzi ola bilər? Əhalinin mexaniki şəkildə artmasına və Ermənistan vətəndaşlarının özlərinin belə imtina edərək xaricə getdikləri şəraitdə xaricdən gətirilən qaçqınların yaşamağa razı olacağına ümid bəsləmək ağılsızlıqdır. Bu fonda Sinanyanın hazırkı iqtidarın diaspor siyasətinə sıfırdan başladığı haqda sözləri açıq-aşkar populizmdir”.
Babayan bu yerdə məntiqli sual verir: “Erməni siyasətçiləri əhalinin ölkədən köç problemini həll etmədən respublikanın cəlbediciliyini artırmağı necə təsəvvür edirlər? BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin məlumatına görə, keçən il ölkəni 2 mindən çox adam tərk edib. Bu il COVID-19 pandemiyası sayəsində (əgər belə demək mümkünsə), xaricə axın nisbətən azalıb. Nikol Paşinyan hökumətindən olan ”inqilabçılar” isə sələfləri kimi Ermənistanın iqtisadi rəqabət qabiliyyətinə malik olmadığını inadla iqnor edirlər. Görünür inteqrasiyası üçün lazımi potensial yaratmaq əvəzinə, rəsmilərə gələcəyini əsla Ermənistanla bağlamaq istəməyən qaçqınlar (gəlmə ermənilər – red.) üçün xəyali qayğı nümayiş etdirmək daha asandır”.
*****
Rasim Musabəyov
Öz növbəsində politoloq Rasim Musabəyov ciddi şəkildə şübhə edir ki, Beyrutda baş verən güclü partlayış zamanı evlərini və əmlakını itirən ermənilər işğal altındakı ərazilərimizdə tikilən yaşayış məntəqələrinə getməyə razı olacaqlar.
“Axı əvvəllər vətəndaş müharibəsinin dəhşətlərindən qaçan Suriyalı ermənilərin yalnız bir neçə yüz ailəsi Ermənistanda qalıb və onlardan da yalnız barmaqla sayılacaq qədəri Qarabağa köçüb. Təəccüblü deyil. Hətta Bakı, Gəncə, Sumqayıtdan olan ermənilərin mütləq əksəriyyəti azərbaycanlıların qovulduğu yerlərdə – Ermənistanda və Qarabağ kəndlərində məskunlaşmaq istəmədilər, Rusiyaya, Avropaya və ABŞ-a köçməyi üstün tutdular. Aydındır ki, xüsusən də Dəməşqin, Hələb və ya Beyrutun şəhər mədəniyyətin şəraitində böyüyən ermənilərin işğal edilmiş Qarabağdakı kənd yaşayış məntəqələrində yaşamaq, üstəlik, daim yeni müharibənin alovları içində düşmə təhlükəsi altında yaşamaq kimi lüksü ola bilməz”, – deyə o, özəl şərhində qeyd edib.
Politoloqa görə, demokratik və maliyyə mənbələrinin azlığı səbəbindən işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin oturuşmaq planları uğursuzluğa məhkumdur: “Qarabağ münaqişəsinin başlamasından keçən müddətdə Ermənistan əhalisinin sayının 4 milyonu keçməsi gözlənilirdi. Amma əksinə, 2020-ci ilin əvvəlinə əhali rəsmi məlumata görə, 2,9 milyona qədər azalıb, gerçəkdə isə daha az – 2,5 milyondan çox deyil. 1989-cu ildə DQMV-nin əhalisi 190 min nəfərə çatırdı, onun 145 min nəfəri ermənilər idi. İndi yenə 145 min nəfərin orada yaşadığı iddia edilir – baxmayaraq ki, yalnız təbii artım ermənilərin sayını heç olmasa, 200 minə çatdırmalı idi. Halbuki orada indi daimi olaraq heç 100 min nəfər də yaşamır. Xankəndi istisna olmaqla, bütün digər rayon mərkəzlərində münaqişədən əvvəlki dövrlə müqayisədə daha az adam yaşayır”.
Bütün hallarda ekspert hesab edir ki, sadalananlar Bakı və vasitəçiləri vəziyyəti yaxından izləmək, Ermənistan hakimiyyətinin məskunlaşma planlarının yolverilməzliyi barədə xəbərdarlıqlar etmək və beynəlxalq ictimaiyyətin diqqətini bu beynəlxalq qanun pozuntusuna cəlb etmək məsuliyyətindən azad etmir. “Görünür bundan sonra ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma və iqtisadi fəaliyyətlərini dayandırmaq üçün, daha güclü və effektiv vasitələr, o cümlədən hərbi vasitələrdən istifadə lazım gələcək”, – deyə o, sonda əlavə edib.
Əfsus ki, rəsmi İrəvanın inadla davam etdirmək istədiyi süni məskunlaşdırma və işğal siyasəti hərbi güc variantını hər gün bir az da qaçılmaz edir…