Dünyam əlimdən çıxır….

(ömrümün 72-ci ilinə ərməğan edirəm)

“Unudulmaqdan qorxduğum üçün yazıram…”
 Orxan Pamuk

Yaddaşım  məni artıq heç vaxt yaşamayacağım və görməyəcəyim lakin, xoşbəxt   sandığım vaxtlara, illərə  qaytarır… Arxada qalan o günlər, aylar və illər  başıma qar dənəcikləri kimi tökülür. Uşaqlığım, “qaçaq” günlərim, qədrini bilmədiyim sağlam  gəncliyim indi çox uzaqlarda  qalıb. İmkanım olanda  bir də  geriyə  boylanıram, dərindən köks ötürürəm…

 Ağ saçlar və alın qırışları da bəzən yalançı olur. Gənclik illərində gözəl qamət  axtaran, müəyyən vaxtdan sonra  təmiz və saf qəlb sorağına çıxır, amma tapa bilmirlər…

Adətən yaş üstünə  illər  qalananda  xatirələr  yada  düşür, kövrəlirsən. İnsan  da vaxtında, səbrlə “yetişəndə” özünü  dərk  edir. Böyük Sədi demişkən:  “…Bir meyvə ki, səbr ilə yetişdi, şəkər oldu…”

Bəzən, Adəm övladı ixtiyar  çağında, yaşına uyğun  hərəkət  edə bilməyəndə, payızda bivaxt çiçəklənən  ağaca  bənzər. Bivaxt  çiçək  açan ağacda  meyvə qalmaz ki…

“…Payızda  bir alça  çiçəkləmişdi,

Bir vaxt yadımdadır  gülmüşdüm ona.

O bəladır gəlib başıma indi.

Düşdüm  o ağacın  bəd qarğışına…”(Musa  Yaqub)

Qocalıq sadəlövhlükdür, az qala hər şeyə inanırsan, hamının halına acıyırsan… Mənsəb sahibi olduğum zamanlarda bir az sərtliyim, hamıya və hətta oxuduqlarıma da inanmadığım günlər yadıma düşür. Kommunistsayaq zaman belə tələb edirmiş. İndi dövran dəyişib, insanlar zəhmətsiz gəlir dalınca düşüb vaxt itirirlər. Qazandıqları və gördükləri əsəb, qəzəb və hiddətdir…

Əslində, qocalıq uşaqlıq vəgənclik illəri ilə zənginləşir, müdrikləşir. Buraxdığın səhvlərə, törədilən günahlara görə min kərə peşmanlığını çəkirsən, Tanrıdan məğfirət diləyirsən. Görən qəbul olunarmı?

Uşaqlığın  da gəncliyi və ahıl  çağı  olmazsa, nakam həyat yaşamağa  məhkum olursan…

İmkan tapıb gənclik illərimlə bağlı zamanın ssenari müəllifi və rejissoru olduğu kadrlara baxanda köks ötürürəm… O illərdə qazandıqlarımı – “sərvətimi”  istədiyim kimi hamıya  sələmsiz borc  verdiyimi xatırlayıram. Sinnimin bu vaxtında, indi, “qapı-qapı”  düşsəm  də yığa bilmirəm. Qalıb o dünyanın  ədalət  mühakiməsinə… Amma  heyifslənmirəm. Sadəcə  gəncliyim  bu günü ilə öyünə və fəxr edə bilər. Bu günüm  keçmişi  ilə  öyünə bilmir. Bir də geri qayıdası olsam həyatımı başqa cür qurardım… Soruşa bilərsiniz, necə?

Cavab verirəm: Bu illər ərzində hər gün əllərimi yeri, göyü 7 günə Yaradanın dərgahına qaldırıb dua edərdim; Ya Rəbbi! İmkanım olsaydı bütün dünyanın kin və nifrətini, qəzəbini və həsədini, millətlərin bir-birinə olan düşmənçiliyini bir parça buzun üzərində yazardım. Sonra Səndən, Ya Rəbbi, yalnız Səndən günəşin çıxmasını arzulayardım…

Açığını deyim ki, bu yaşımda tənbəlliyə və işsizliyə görə çox ehtiyatlanıram. İşsizlik, sonra da adamı qollarına alan tənbəllik çox təhlükəlidir… Hər  bir  yaşın  özünəxas   cəhətləri  varmış…

Zamanında aldığım zərbələrdən  bədənim zəifləyib, güc tükənib, əl-ayaq  ağırlaşıb “sözə baxmır”, dil dolaşır, yaddaşı və ağılı daha “itiləmək” olmur, dünyanın “dar mənzili” yaxınlaşır. İstəsək də, istəməsək də Əzrayılla “dostluğa”, qolboyun olmağa tələsirik. Qısa “dostluq” sədaqətsizliklə başa çatır… Bundan sonra həyatın heç mənası olarmı!?

Qoca, müdrik və təbəssümlü görünəndə  qəşəng olur! Qocalığı   bacarmaq da  böyük  bir  incəsənətdir. Biz, qocaların  müdrikliyindən  olduqca  az  istifadə edirik(?).

72 il ərzində ömrümün ən sakit keçən saatları mənim üçün böyük  hadisəyə çevrilib, məətəl qalmışam bu səlis məntiq qarşısında. Sən demə, 1-dən 2-yə qədər də bir rəqəm varmış. 2 rəqəmi birdən-birə yaranmır ki,…

Ağac  işığa-günəşə sarı  nə qədər  boy atırsa, kökü də bir o qədər  dərinə, sona doğru gedir… İnsan da  ağac kimidir…

Bu çağımda, bir daha özümü dərk etməyə çalışıram… Axı,dünyam əlimdən gedir…

Deyirlər ki, dadla  bağlı mübahisə  etməzlər. Amma görünən odur ki, həyat nə qədər sərt və dolanbac  yollarla yadda qalırsa, bir o qədər də dadlıdır, mübahisəyə hacət yox…

Şəmsəddin Əliyev
Hüquqşünas publisist

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button