Soros Ermənistanda “partlayış” hazırlayır – Kremlə qarşı demarş

Rusiya daşınması baha başa gələn “qulpsuz çamadan”dan – Ermənistandan imtina edə bilər; moskvalı ekspert: “Ermənistan Rusiya üçün etibarlı müttəfiq deyil…”

Postsovet ölkələrində “rəngli” inqilabların müəllifi kimi tanınan Qərbçi milyarder və filantrop Corc Sorosun Ermənistan baş naziri Nikol Paşinyandan narazılığı təzə məsələ deyil. “Məxməri” baş nazir az öncə Aleksandr Lukaşenkonu təkrarən Belarus prezidenti seçilməsi münasibətilə təbrik etdiyi üçün Sorosun qəzəbinə gəlmişdi. Milyarder Ermənistandakı nümayəndəliyi vasitəsilə ona təpinmişdi.

Belə görünür ki, cənab Soros öz vədlərini tutmayan Nikol Paşinyandan əl çəkən deyil. Hərçənd erməni baş nazirin komandası əsasən “sorosçular”dan təşkil olunub. Həmin vədlərdən biri isə Ermənistanı tədricən Rusiyaya bağlı təşkilatlardan – Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxarmaqla Rusiya orbitindən uzaqlaşdırmaqla bağlı idi.

*****

Ötən ay xəbər yayıldı ki, Soros Fondu işğalçı ölkədəki qurumlarına – QHT-lərə və mediaya babat pul ayırıb. Təbii ki, bu vəsait boşuna verilmir. “Pulsuz pendir yalnız tələdə olur”. Hədəf isə ən əvvəl Rusiyaya sədaqət andı içən Paşinyana qarşı revanş və ya onu Qərbin xeyrinə kursu dəyişməyə vadar etməkdir. Hər halda, böyük pullar kimdədirsə, siyasi abı-havanı da o müəyyən edir. Amma həmişə yox.     

“Ermənistan hakimiyyəti payızdakı siyasi toqquşmalara ciddi şəkildə hazırlaşır. Kiçik bir gərginlik olacağı təqdirdə Ermənistanın əsas şəhərlərinin küçələri cəmiyyətə görüntü ssenariləri sırıyan Sorosçularla dolacaq”.

Bu barədə erməni nəşri 168.am yazıb. Saytın bildirdiyinə görə, payızdakı qarşıdurmalar belə olacaq: “Bir tərəfdən, Sorosçular Ermənistanda söz azadlığını imitasiya edəcəklər. Digər tərəfdən, müxalifəti asfalta uzadıb onların sərt formada həbs olunmasına baxacaqlar. Polis isə asayişi necə təmin etdiyini nümayiş etdirəcək. Dəqiq məlumat var ki, Ermənistanda payızda Soros tərəfindən təşkil olunacaq böyük bir ”siyasi partlayış” baş verəcək. Beləcə, Soros Nikol Paşinyana öz gücünü və dəstəyini göstərəcək. Qarşılığında isə Nikol hələ də bağlı qalan Amulsar mədənini işə salmalı, “Sasna Tsrer” terrorçularını cəzalandırmalı və özünün anti-Rusiya proqramını davam etdirməli olacaq”.

*****

Sözsüz ki, ehtimal edilən proseslərə Rusiya seyrçi qalmayacaq. Rəsmi Kreml isə onsuz da gizli “qərbçi” Nikol Paşinyanı öz adamı saymır. Ona etibar etmir. Hətta ilk fürsətdəcə onu Moskvaya qarşı daha loyal və səmimi olan, Qərblə Rusiya arasında oyun oynamayacaq birisi ilə dəyişməyə hazırlaşır. Lakin Moskvada bu xüsusda daha tənqidi düşünənlər də var.

Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı...

“Ermənistan ümumiyyətlə Rusiya üçün etibarlı müttəfiq deyil”.

“Yeni Müsavat”ın “Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata gör, bu sözləri Moskva Kornegi Mərkəzinin direktoru, Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Dmitri Trenin deyib.

Onun sözlərinə görə, tarixən Ermənistan Yaxın və Orta Şərq istiqamətində Rusiyanın forpostu olub: “Bu, gün onun ərazisində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası yerləşir. Bu ön mövqedir, ancaq coğrafi baxımdan Rusiya ərazisindən təcrid olunub və strateji bir eksklavdır. Demək ki, həm də həssaslıq amilidir”.

Moskvalı ekspertə görə, Rusiyanın müdafiə hədəfləri baxımından Ermənistandakı hərbi mövcudluğun xüsusi bir dəyəri yoxdur. “Çünki bölgədə Rusiyanın strateji sərhədi Cənubi Osetiya və Abxaziyada irəliləyən mövqelərlə Baş Qafqaz silsiləsi boyunca uzanır”, – deyə o qeyd edib.

Mərkəzin direktoru hesab edir ki, Ermənistan Cənubi Qafqazda – Türkiyə və İran istiqamətində Rusiyanın maraqlarını irəli sürmək üçün bir plasdarm da deyil: “Ermənistanla münasibətlərin Rusiya üçün iqtisadi əhəmiyyəti o qədər də böyük deyil. Oradakı hərbi mövcudluğumuzun əsas əhəmiyyəti Güney Qafqazda nisbi sabitliyin qorunması, Azərbaycan və Ermənistan arasındakı tarazlığın saxlanması və Türkiyənin ambisiyalarının qarşısını almaqdır”.

Eyni zamanda, o qeyd edir ki, əksinə, Ermənistan üçün Rusiya ilə müttəfiqlik münasibətlərinin həyati əhəmiyyəti var: “Kreml həmçinin 1,2 milyondan çox Rusiya ermənisinin hisslərini görməzdən gələ bilməz. Doğrudur, böyük ölçüdə İrəvan elitası diasporun Rusiyada yaşayan kəsiminə yox, kənarda – ABŞ, Fransa və digər ölkələrdə yaşayan diaspora oriyentasiya edir. Bununla belə, 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi Ermənistanın geosiyasi yönünün dəyişməsinə gətirmədi. Ona görə ki, Moskvanın İrəvana dəstəyinin alternativsizliyi Rusiyaya simpatiya bəsləməyənlər üçün də aydındır. Bununla belə, Ermənistan Rusiya üçün hazırda heç də etibarlı müttəfiq deyil. Gələcəkdə bu vəziyyət dəyişməzsə, Ermənistanla münasibətlərin Rusiya üçün əhəmiyyəti azalacaq və Rusiyanın maraqlarına xələl gətirilmədən bu ölkə ilə münasibətlərin xarakterinə yenidən baxılacaq və korrektə ediləcək”.

*****

Başqa sözlə, belə çıxır, Rusiya günün birində Ermənistandan – daşınması ona getdikcə qat-qat baha başa gələn “qulpsuz çamadan”dan imtina da edə bilər… 

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button