Rusiya ordusu Ukraynada yenidən yaşayış binasını hədəf aldı
Rusiya qoşunları Donetsk vilayətindəki Baxmut şəhərinə növbəti dəfə raket zərbələri endirib. Mərmilər beşmərtəbəli binaya, fərdi yaşayış evinə və inzibati binaya dəyib.
Bu barədə Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
“Fərdi evdə xilasedicilər dağıntılar altından altı nəfəri çıxarıblar, onların vəziyyətləri qənaətbəxşdir. Beşmərtəbəli binada bütöv bir giriş dağılıb, lakin ilkin məlumata görə, zərərçəkən yoxdur”, – deyə o özünün “Telegram” kanalında bildirib.
Kirilenko vaxtında edilmiş təxliyə sayəsində avizarəbələrdə qurbanların sayının çox olmadığını bildirib. Rəsminin sözlərinə görə, Baxmutun 73 min sakinindən hazırda 20 mindən bir qədər çoxu qalıb.
“Bir daha Donetsk vilayətini tərk etmək imkanı olan hər kəsdən xahiş edirəm. İndi Donetsk vilayətində tamamilə təhlükəsiz yerlər yoxdur. Təxliyə insanların həyatını xilas edir!” – deyə o çağırış edib.
Qeyd edək ki, Rusiyanın Baxmuta əvvəlki aviazərbəsi mayın 17-də olub. Raket beşmərtəbəli yaşayış binasına düşüb, bir giriş uçub, yanğın başlayıb. Son məlumatlara görə, hücumda biri iki yaşlı uşaq olmaqla beş mülki şəxs həlak olub. Daha dörd nəfər, o cümlədən doqquz, on iki yaşlı uşaqlar və on yeddi yaşlı yeniyetmə yaralanıb.