ABŞ Ukraynaya dağıdıcı silahları verməkdən ehtiyat edir
Ağ Ev Ukraynanı ABŞ-ın uzunmənzilli reaktiv yaylım atəşi sistemləri ilə təmin etməkdə tələsmir. Səbəblərdən biri Kremlin bunu həddindən artıq eskalasiya kimi qiymətləndirməsindən Vaşinqtonun ehtiyat etməsidir.
Bu barədə “Politico” məsələdən xəbərdar olan üç həmsöhbətin sözlərinə istinadən xəbər verib.
Birləşmiş Ştatlar artıq reaktiv yaylım atəşi sistemlərinin sovet modellərini çox anonsa ehtiyac duymadan Ukraynaya təhvil verib və bu sistemlər hələ də mülkiyyətində olan müttəfiqlərindən də bu istiqamətdə kömək istəyib.
Lakin Ukrayna daha dəqiq və güclü Amerika sistemləri almaqda istəklidir. Kiyev artıq bir neçə aydır ki, bu silahı istəyir və əmindir ki, şərqdəki döyüşlərdə artilleriya duellərində üstünlüyü artırmaq üçün güclü reaktiv yaylım atəşi sistemləri lazımdır.
Məlumata görə, Ağ Ev Kremlin bunu qəsdən eskalasiya kimi qiymətləndirəcəyindən qorxur, çünki ABŞ reaktiv yaylım atəşi sistemləri sovet analoqları və haubitsalardan daha uzun məsafəli və dağıdıcıdır.
Həmsöhbətlərdən biri qeyd edir ki, “Ramştayn” bazasında keçirilən görüşdə Ukraynaya hərbi yardımın koordinasiyası müzakirə ediləndə bu məsələ sanki gündəmə gəlib, lakin sonra proses yenidən səngiyib.
Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi deyib ki, Ukrayna və ABŞ reaktiv yaylım atəşi sistemləri ilə bağlı “aktiv müzakirələri” davam etdirirlər, lakin hətta ABŞ-ın Ukraynaya dəstək üçün ayırdığı maliyyənin miqyasına baxmayaraq, Kiyevin istədiyi hər şeyi tezliklə tədarük etmək mümkün deyil.