ABŞ “Taliban”ı ağıllandırmaq istəyir: Vaşinqtonun üç ssenarisi
Amerika Birləşmiş Ştatlarının strateji beyinləri Rusiya-Ukrayna müharibəsindən qalib obrazla faydalanması üçün düsturlar fikirləşərkən, supergüc başqa çağırışlarla da üzləşir.
Ukraynanın başına gətirilənlərin Mərkəzi Asiyaya da tətbiq ssenariləri bu region uğrunda geosiyasi dartışmanı körükləyir.
Burada üç əsas oyunçu önə çıxır – ABŞ, Rusiya və Çin. Türkiyə, Pakistan, İran, kimi aktorlar da maraqlarını həmin üç ölkənin maraqları ilə uzlaşdıraraq regionda möhkəmlənmək istəyirlər.
Hərbi-siyasi emosiyaların coşması regionda daimi maraqları olan dövlətləri Əfqanıstanda hakimiyyətdə olan “Taliban”a doğru sürüşdürür. Bəs “Taliban”a həmişə belə “xoş” münasibət qalacaqmı?
Bu sual ilk baxışda qəribə səslənə bilər, davamını gətirəndə isə həmin qəribəliyin strateji məntiq qarşısında əridiyi görünəcək.
Demək istəyirik ki, qlobal və regional güc mərkəzlərinin “Taliban”a olan “xoşməramlı” münasibətinin istismar müddəti olacaq, beynəlxalq oyunçular həmin tarixi müəyyən etmək üçün baş sındırırlar.
“Taliban” onların istədiyini verməsə, onda əsl tufan həmin zaman qopacaq, həmin vaxt isə ABŞ başqa ölkələrə müdaxilə siyasətinə müraciət etmək çağırışı ilə üzləşəcək.
Ümumiyyətlə qlobal güclər öz aralarında razılaşıblarmış kimi, “növbəli” müdaxilələr həyata keçirir, Ukraynadakı müharibə bitdikdən sonra ABŞ da özünü sınamalı olacaq. Bu sınaqlar qəribə və təəccüblü gəlməməlidir, elə həmin gücləri hegemon edən də bu cür imtahanlardır- udub-uduzmaq isə böyük strateji lövhədə ikinci dərəcəlidir.
ABŞ üçün Əfqanıstan mövzusu sonlandımı? Əlbəttə ki, xeyr, sadəcə ABŞ Asiyada itirdiyi enerjini bərpa etmək üçün “dincəlmək və bol qidalanmaq” siyasətinə çəkildi.
Rusiyadan sonra növbə Birləşmiş Ştatlarındır və Əfqanıstanda böyüyən humanitar böhran və ABŞ-ın Mərkəzi Asiyada artan maraqları Ağ evin hansı siyasət yürütməli olduğu sualı ilə üzləşir.
Nəticədə, Əfqanıstan ABŞ-ın prioritetlərindən qopmayıb və Ağ evin dahiləri ABŞ-ın bu istiqamətdəki perspektiv maraqlarını müəyyən edir.
Birləşmiş Ştatların yanaşmasında “Taliban”a dair üç ssenari mövcud ola bilər:
1. Bayaq dediyimiz kimi, istismar müddətinə qədər ABŞ “Taliban”la əlaqələr qurmaq üçün səylərini göstərəcək, məqsəd “Talibanı” şirnikləndirici vədlərlə asanlıqla ram edib öz tərəfinə çəkməkdir.
2. “Taliban” sözə baxmasa, ABŞ Əfqanıstan hakimiyyətini təcrid etməyə girişəcək və bununla da başıbəlalı ölkədə humanitar böhranın dərinliyi artacaq. “Taliban” isə bundan sonra sözə baxmaq məcburiyyətində qalacaq.
3. Heç biri baş tutmasa, ABŞ “Taliban”ı hakimiyyətdən uzaqlaşdırmağın yollarını axtaracaq ki, bu da Vaşinqtonun yenə okeanın o tayından gəlib burada öz nəfəsini hiss etdirməsi ilə nəticələnə bilər.
Bu ssenarilərin göstəriləcəyi teatrlar hazırlamamışdan öncə isə, ABŞ bölgədəki marağını terrorizmlə mübarizə və humanitar yardım adı altında bərkidəcək.
Aqşin Kərimov