Türkiyədən regionu dəyişəcək qərar – “Bu əməliyyat ilk növbədə Rusiyanın maraqlarına böyük zərbədir…”

Ankara həm Rusiyanı, həm də kollektiv Qərbi onun maraqlarını nəzərə almağa, onunla hesablaşmağa vadar edir

Ukraynada davam edən müharibə və Donbas istiqamətində qızışan döyüşlər fonunda Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat bir qədər diqqətdən kənarda qalıb, yaxud ikinci plana keçib. 

Ancaq əslində, bu əməliyyat təkcə Türkiyənin sərhədlərinin qorunması və məlum ərazilərin silahlı terror təşkilatlarından təmizlənməsi deyil, ümumilikdə Yaxın Şərqdəki geosiyasi durum və onun gələcəyilə bağlı mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 1-də hakim Ədalət və İnkişaf Partiyası ilə görüşdə bəyan edib ki, Ankara Suriyanın şimalında YPG terror qruplaşmasına qarşı hərbi əməliyyatın keçirilməsinə hazırdır: “Biz cənub sərhədimiz boyunca 30 kilometrlik dərin bufer zonası yaratmaq niyyətimizin yeni fazasına başlayırıq. Biz Tel-Rifat və Mənbici terrorçulardan təmziləyəcəyik və biz bu işi başqa regionlarda da addım-addım görəcəyik. İndi görərik kim Türkiyənin legitim addımını dəstəkləyir və kim buna əngəl olur”.

Ərdoğan bildirib ki yeni əməliyyatın əsas məqsədi Suriya ərazisində Türkiyə sərhədi boyunca 30 kilometrlik bufer qurşağının yaradılmasıdır. Ancaq daha diqqətlə baxsaq görərik ki, Ərdoğanın bu fikirlərində Türkiyənin təkcə 30 kilometrlik qurşaq yaradılması kimi daha çox texniki xarakterli addım atmaq yox, ümumilikdə regiondakı güclər nisbətinə əhəmiyyətli korrektələr etmək məqsədi dayanır. Bu baxımdan Türkiyənin sözügedən əməliyyatının məqsədinə sadəcə, hansısa regional problemin həlli istəyi kimi baxmaq doğru olmaz...

Türkiyənin Suriyada başlatdığı əməliyyatla bağlı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç maraqlı şərh verib.

Onun fikrincə, bu əməliyyatın Ukraynada davam edən savaşla birbaşa bağlılığı var və Türkiyə onu başlatmaq üçün uğurlu zaman seçimi edib.

Həmçinin, Türkiyənin son dövrlər İsraillə əlaqələrinin genişlənməsini xüsusi vurğulayan Arestoviç deyib ki, Türkiyə Silahlı Qüvvələrinin nəzarəti ələ götürməyə başladığı məlum ərazilər indiyə qədər Rusiyanın təsir zonasına aid idi. Lakin indi Rusiya Suriyadakı qüvvələrini çıxararaq, Ukrayna cəbhəsinə göndərmək məcburiyyətində qalıb: “Bu əməliyyat Hələb istiqamətində gerçəkləşəcək. İndiyə qədər bu ərazilər Rusiyanın maraq dairəsinə aid olub. Maraqlı olan həm də odur ki, Türkiyə ilə İsrail arasında əlaqələr xeyli güclənib. Son vaxtlar çoxlu sayda yüksək səviyyəli görüşlər, səfərlər keçirilib. Sizcə, məntiqlə orada hansı razılıqlar əldə olunub? Mümkündür ki, bu, Suriyada təsir dairələrinin bölüşdürülməsi olsun. Türkiyənin başlatdığı əməliyyat göstərir ki, onlar Əsəddən daha çox Rusiyadan qurtulmaq istəyirlər. Rusiya oradan çıxmağa başlayır və onun situasiyaya təsir imkanları azalır. Türkiyə ilə İsrail isə öz maraqlarından çıxış edərək, Suriyada təsir dairələrini genişləndirir və Rusiyanı oradan sıxışdırıb çıxarır”.

Arestoviç qeyd edib ki, Türkiyənin başlatdığı əməliyyat ilk növbədə Rusiyanın maraqlarına böyük zərbədir.

Türkiyənin olduqca uğurlu və incə xarici siyasət yürütdüyünü təkcə Ukraynada deyil, bütün dünyada qəbul edirlər. Bir tərəfdən ilk baxışdan Ankara dalana dirənən Rusiya üçün nəfəslik rolu oynayır. Bununla yanaşıda əvvəl-axır Ukraynada baş tutacaq sülh prosesində aparıcı fiqurun yenə Ankara olacağını göstərir. Digər yandan Türkiyə həm Rusiyanı, həm də kollektiv Qərbi onun maraqlarını nəzərə almağa, onunla hesablaşmağa vadar edir.

Məsələn, ötən gün bir sıra xarici mətbu orqanlarda gedən məlumatlara görə, ABŞ və Böyük Britaniya NATO-ya üzvlük ərizəsi verən İsveç və Finlandiyaya pərdəarxası danışıqlarda təzyiq göstərməyə başlayıb. Əsas mövzu isə Türkiyədir. ABŞ və Britaniya sözügedən ölkələrə təzyiq edir ki, Türkiyənin irəli sürdüyü tələbləri dərhal yerinə yetirsinlər.

NATO-nun Baş Katibi də eyni mövqedən çıxış edir. Buna paralel olaraq, Rusiya Qara Dəniz vasitəsilə Ukrayna taxılının dünya ölkələrinə çıxarılması imkanlarını yalnız Türkiyənin vasitəçiliyilə müzakirə edə biləcəyinə eyham vurur.

Bütün bu və digər məsələlər göstərir ki, Türkiyəyə hamının ehtiyacı var və o, artıq xeyli vaxtdır kimlərinsə diqtəsilə yox, öz mövqeyindən və maraqlarından çıxış edən gücə çevrilib. Özü də bu mövqe və maraqlar təkcə Türkiyəyə deyil, bütün dünya nizamına, bəşəriyyətin hüzur və rahatlığına xidmət edir…

Ərdoğanın yuxarıda qeyd etdiyimiz çıxışındakı “İndi görərik kim Türkiyənin legitim addımını dəstəkləyir və kim buna əngəl olur” fikri isə təsadüfi deyil. Bəlli məsələdir ki, Türkiyənin Suriyada başlatdığı yeni əməliyyata şimaldan cənuba, qərbdən şərqə qədər əngəl olmaq istəyən, onu tənqid və təhdid edənlər az olmayacaq. Lakin dünya dəyişir, Türkiyə isə haqlı olaraq, yeni dünyanın əsas söz sahiblərindən birinə çevrilir və sözsüz ki, ona dil və əl uzadanları susdurmaq, yerinə oturtmaq iqtidarındadır.

Bir sözlə, Türkiyə xarici siyasəti Suriyada, Yaxın Şərqdə və bütünlükdə dünya siyasətində olduqca incə və uzun bir yolun yolçusuna çevrilib və bu yol heç də Suriya sərhədindəki 30 kilometrlik sərhəd zolağıyla məhdudlaşmır…

C.Məmmədov

Hamısını Göstər

Related Articles

Back to top button