Ukraynanın “B” planına keçə biləcəyi açıqlandı – Polşa və Böyük Britaniya Rusiya ilə savaşa qatılır?
“Polşa və Böyük Britaniya aviasiyasının savaşa qatılması Ukrayna səmasında və eyni zamanda ABŞ-da vəziyyəti kəskin şəkildə dəyişəcək”
Ukraynanın Donbas bölgəsində qanlı döyüşlər davam edir. Rusiya böyük itkilərə baxmayaraq, həlledici üstünlük qazana bilməsə də, addım-addım irəliləyə bilir.
Ukrayna tərəfi isə çoxsaylı müraciət və tələblərinə baxmayaraq, Qərbdən Rusiyanı dayandıra və sonrakı mərhələdə öz ərazisindən qova biləcək miqdarda hərbi texnika, silah-sursat ala bilmir. Bu işi ən çox əngəlləyən ölkələr isə Fransa, Almaniya və İtaliya hesab edilir.
Bir çox şərhçilər hesab edirlər ki, NATO və Avropa İttifaqında məhz bu ölkələrin başçılıq etdiyi “koalisiya” daha çox Rusiyanın “əlinə oynamağa” və Ukraynanın qeyd-şərtsiz qələbəsini mümkün qədər əngəlləməyə çalışırlar. Bunun səbəbləri isə kifayət qədər çoxdur. Buraya sözügedən dövlətlərin siyasi elitasının korrupsiyalaşması, uzun illər Kreml tərəfindən açıq və gizli maliyyələşdirilməsindən tutmuş bu ölkələrin iqtisadiyyatı üçün Rusiyanın ucuz enerji daşıyıcılarının cəlbediliciyinə qədər bir çox amillər daxildir.
“Ukraynanın qələbə ehtimalı artdıqca, Fransa, Almaniya və İtaliyanın da qorxusu artır”.
Bunu məşhur rusiyalı politoloq və publisist Andrey Piontkovski ukraynalı jurnalist Roman Tsımbalyuka müsahibəsində deyib.
Piontkovskinin fikrincə, xüsusilə Fransa və Almaniya Ukraynanın qələbəsindən və Avropa İttifaqına üzvlük perspektivindən ehtiyat edir. Çünki bu, sözügedən dövlətlərin Avropadakı aparıcı dövlətlər statusundan məhrum edə bilər.
Ona görə də xüsusilə Makron Volodimir Zelenskiyə Ukrayna üçün əlverişsiz olan indiki durumda Putinlə bir masa arxasında oturması və Rusiyaya ərazi güzəştinə getməsi üçün təzyiq edir.
Şolts isə hər nə qədər vəd etsə də, Ukraynaya ağır hərbi texnika verməkdən yayınır və bunu etməmək üçün müxtəlif bəhanələr uydurmaqda davam edir.
Piontkovskinin fikrincə, bu gedişlə Ukraynanın hərbi baxımdan vəziyyəti pisləşə bilər ki, bu zaman da “B” planına keçid zərurəti yaranar.
Politoloq bildirib ki, NATO-nun 3-cü Ramştayn toplantısı da Ukrayna üçün həlledici dəstəyi radikal şəkildə tezləşdirməsə və qeyri-müəyyənlik qalsa, “B” planına keçmək lazımdır.
Piontkovski bu planı həm də “Boris Conson planı” adlandırıb: “Bu plan Putinin Qərbə qarşı aqressiyasının qarşısın alacaq üç dövlətin hərbi koalisiyasını nəzərdə tutur. Bunlar Ukrayna, Polşa və Böyük Britaniyadır. Bu, Britaniya və Polşa hərbi aviasiyasının hərbi əməliyyatlarda iştirakını nəzərdə tutur. Hazırda 2022-ci ilin Ukraynası Hitler Almaniyası ilə təkbətək qalan 1940-cı ilin Britaniyasının bənzəridir. Britaniya Ukraynaya dəstək verəcək. Polşa və Böyük Britaniya aviasiyasının savaşa qatılması Ukrayna səmasında və eyni zamanda ABŞ-da vəziyyəti kəskin şəkildə dəyişəcək. Çünki Böyük Britaniya hərbi münaqişədə real şəkildə iştirak edəcəyi təqdirdə siyasi siqnal tam başqa olacaq və ABŞ-dan gələn yardım da tamamilə başqa formada olacaq. Ramştaynda Podolaykın siyahısı(Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kiyevə lazım olan silahların siyahısını təqim edib-red.) təmin edilməsə, “B” planına keçmək zərurəti yaranacaq. Hesab edirəm ki, Polşa və Böyük Britaniya buna tam hazırdır”.
Bu fikrini əsaslandırarkən Piontkovski deyib ki, polşalılar üçün Ukraynanın məğlubiyyəti “milli fəlakət” hesab olunacaq. Onun fikrincə bu, NATO-nun bir təşkilat kimi yararsızlığını ortaya qoyacaq və Ukraynadan sonrakı hədəf isə Polşa olacaq. Bu səbəbdən Polşa dövlət və cəmiyyət olaraq Ukraynada savaşmağa hazırdır.
Böyük Britaniya isə hazırda “azad dünyanın lideri” rolunu oynamağa daha çox hazır olan dövlət və qüvvədir. Ona görə də, Rusiya Ukraynada irəliləyəcəyi və bütünlükdə Qərb sivilizasına təhlükə yaratmağa davam edəcəyi təqdirdə, İngiltərə və Polşa öz hərbi avisiyası ilə savaşa müdaxilə edəcək.
Piontkovskiyə görə, bu işdə sözügedən dövlətlərə Pribaltika ölkələri də dəstək verə bilərlər. Politoloq deyib ki, artıq Qərb bu planı səsləndirməlidir və ABŞ-ın dəstək verəcəyi Britaniya ilə Polşa savaşın taleyini həll edə bilər.
Politoloq sonda üçüncü Ramştayn görüşünün nəticələrinin qənaətbəxş olacağına ümid etdiyini və buna xeyli dərəcədə inandığını qeyd edərək, əks halda “B” planının qaçılmaz olacağını bildirib.
Xatırladaq ki, bir müddət əvvəl xarici mətbuatda Böyük Britaniyanın Baş naziri B.Consonun Ukrayna Prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət etdiyi barədə məlumat yayılıb.
Həmin məlumata görə, Britaniya “ruslarla maksimum barışmazlığa” hazır olan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini – Avropa İttifaqına alternativ yaratmağı təklif edir. Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənilir ki, buraya təkcə Avropa ölkələri – Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, eyni zamanda Türkiyə də daxil ola bilər.