“Moskva”nın sağ qalan dənizçilərini yenidən Ukrayna müharibəsinə göndərmək istəyirlər: Valideynlər narazıdır
Batmış “Moskva” kreyserində sağ qalan rusiyalı çağırışçıların valideynləri oğullarının yenidən Ukraynaya qarşı müharibəyə göndərilməsinə qarşıdır.
Bu barədə “Novaya qazeta.Evropa” valideynlərin müraciətinə istinadən məlumat yayıb.
Valideynlər dənizçiləri döyüş bölgəsinə göndərməməyi tələb ediblər.
Sevastopol hərbi prokurorluğuna, Əsgər Anaları Komitəsinə və İnsan Hüquqları üzrə Müvəkkilə göndərdikləri məktuba imza atanlar onlara verilən vədlərin əksinə olaraq çağırışçıların hələ də quruya aparılmadığını bildiriblər.
Valideynlərinin dediyinə görə, indi onlar 1981-ci ildə istismara verilən “Ladnı” patrul gəmisində saxlanılır. Dənizçilərin yaxınları gəminin təmirə ehtiyacı olduğunu və səfərlər üçün o qədər də uyğun olmadığını iddia edirlər.
Rusiya hərbçilərinin bəzi məlumatlarına görə, “Ladnı” patrul gəmisi döyüş əməliyyatlarında iştirak etmək üçün iyunun 30-da dənizə çıxmalıdır.
Məktubda bildirilir ki, hazırda gəmidə “Moskva” kreyserindən 49 çağırışçı var. Onların çoxu yenidən müharibədə iştirak etmək istəmir.