Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib ki, bu da haqlı narazılıqlara səbəb olur. Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.
Qeyd olunan qanunsuzluqların aradan qaldırılması, eləcə də ölkə başçısı İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədi ilə səhər saatlarından etibarən Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb. Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.
Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaq. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub.