Özbəkistan – Azərbaycanın Mərkəzi Asiyada strateji müttəfiqi

Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim müdafiə ediblər. Amma Özbəkistan bu baxımdan digər dövlətlərdən fərqlənir. Çünki onlar da bolşeviklərin dəstək verdiyi ermənilərin vəhşiliklərindən XX yüzilliyin əvvəllərində çox böyük əziyyət çəkiblər.

Ermənistan indiyədək həmin illərdə törətdikləri cinayətlərə görə Özbəkistandan üzr istəməyib. Rəsmi Daşkənd SSRİ dağılandan beş il sonra Ermənistanı tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, rəsmi Daşkəndin İrəvana qarşı mövqeyinin dəyişmədiyinin göstəricisi sayılır. Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistan və erməniliyə münasibətdə də ortaq yanaşmaya malikdirlər.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib. Yeri gəlmişkən, Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olub. Builki səfər isə əvvəlkilərdən fərqlənir. Çünki İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad etmiş bir sərkərdə, Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya bir daha sübut etmiş ölkənin lideri olaraq Özbəkistana gedib. İlham Əliyevin 12 ildən, xüsusilə müharibədən sonra məhz Özbəkistana səfər etməsinin də böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir.

Prezident İlham Əliyev nümayəndə heyətləri arasında keçirilən görüşdə bu məsələyə də toxunaraq ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirib:

“Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu vacib məsələni vurğulayıb:

“Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi-qəlbdən təbrik edirəm”.

Özbəkistan Prezidentinin qələbə münasibətilə təbriki Azərbaycanda dost, qardaş sözü kimi qəbul edilir. Çünki Azərbaycan ərazi bütövlüyünün bərpası işində, ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, Azərbaycan xalqı üçün çox qiymətlidir və ikitərəfli münasibətlərin tarixində unudulmaz hadisədir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması iki ölkənin strateji müttəfiqliyinin göstəricilərindəndir.

Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir.

Cənubi Qafqazda yaranan yeni şərait və Azərbaycanın dünyanın karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir.

Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” də müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir. Bu, tərəflərə hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək. Kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

Özbəkistan işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü fəal şəkildə müdafiə etdiyi kimi, Qarabağın bərpasında da əməli işi ilə seçilir. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevə Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarı, qardaş köməyinə görə də ayrıca təşəkkürünü bildirib:

“Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.

Müqavilə və sazişlərin imzalanması görüləcək işlər üçün vacib sayılsa da, ona əməl etmək də mühüm hesab olunur. Bu baxımdan, prezidentlərin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları əlaqələrin intensivləşdirilməsi, iqtisadi qarşılıqlı fəaliyyət, ticarət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsas yaradır.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin səfərinin ikitərəfli münasibətlərin tarixində vacib əlamətdar hadisə olduğunu bildirərək bunun münasibətlərə yeni təkan verəcəyini vurğulayıb:

“Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Heydər Əliyevin adını daşıyan yenilənmiş küçə və orada qoyulmuş abidə öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir”.

Özbəkistan lideri vurğulayıb ki, əgər yol xəritəsi tamamlansa və düzgün yol xəritəsi qəbul edilərsə, 2023-cü il nəticəli il olacaq. Şavkat Mirziyoyev Azərbaycanın müasir nəqliyyat imkanlarından faydalanmaq istədiklərini də qeyd edib:

“Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edərək yükdaşımaları bundan sonra da artırmaq niyyətindəyik”.

Qeyd edək ki, Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilib. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi üç trilyon kubmetr hesablanıb. Qaz ehtiyatlarının 90 faizi Buxara-Xivə bölgəsində cəmlənib. Özbəkistan qızıl ehtiyatına görə dünyada beşinci yeri tutur. 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var.

Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada yeddinci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. Səmərqənd və Cizzəx vilayətləri isə volfram yataqları ilə zəngindir. 2021-ci ildə isə Özbəkistanda 3,4 milyondan tondan artıq pambıq yığılıb.

Prezidentin səfəri, imzalanan sənədlər, dövlət başçılarının çıxış və bəyanatları Azərbaycan- Özbəkistan əlaqələrinin, münasibətlərinin dərinləşməsi, inkişafı, perspektivi baxımından əhəmiyyətlidir. Əvvəllər tərəflər bir-birini müxtəlif məsələlərdə dəstəkləyib, müdafiə edirdilər. Bundan sonra tərəflər beynəlxalq normalar çərçivəsinə uyğun olaraq daha əhatəli əməkdaşlıq edəcəklər.

Səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracaq. İki ölkə arasında perspektivdə təbii qaz, energetika sahəsində əməkdaşlığın genişlənəcəyi istisna olunmur. Zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək.

Hamısını Göstər

Related Articles

Back to top button