Bəxtiyar Vahabzadə haqqında oxunmamış səhifələr… – Azər TURAN yazır
Ankara. Qumrular caddəsi. TRT-dən dostum Raşit Demirtaşla bir yerdəyik. Yaxınlıqdakı binanın eyvanından Bəxtiyar Vahabzadənin dalğa-dalğa səsi ətrafa yayılır: “İdrakda yol açmış gecədən gündüzə Allah…”.
– Azərbaycanda istiqlal şairi olmaq, Türkiyədə istiqlal şairi olmağa bənzəməz. Çünki Bəxtiyar Vahabzadənin təbiriylə, “Anadolu türkləri tarixin heç bir dönəmində heç bir xalqın köləsi olmayıb”, amma buna rəğmən biz Azərbaycan türkləri iki yüz il istiqlala tamarzı yaşamışıq.
– Bəxtiyar Vahabzadə sovetlər dönəmində də belə ümmətçi, yaxud belə türkçüydümü?
– Bunu məndən sormayın, kəndi arxivlərinizdə, kəndi qəzetlərinizi, sovetlər dönəmində Vahabzadə barədə Türkiyədə dərc olunmuş yazıları araşdırın. O zaman milli dəyərlər baxımından təkcə Azərbaycanda deyil, Türkiyədə də Bəxtiyar Vahabzadənin kim olduğunu, hansı məqamın sahibi olduğunu görəcəksiniz. Məsələn, Türkiyə onu ilk dəfə 1972-ci ildə Saadet Çağatayın “Türk Ləhcələri Örnəkləri” kitabından – “Ana dili” şeiriylə tanıyıb. Yaxud “Milli Eğitim ve Kültür” dərgisinin 1979-cu il 2-ci sayında Əhməd Bican Ercilasunun “Bir Azeri Şairi” məqaləsində yazdıqlarını oxuyun: “Vahabzadə bizə öyrətdi ki, dil bir millətin namusudur… Şeirin əsrarəngiz gözəlliyini qeyb etmək üzrəydik ki, Vahabzadənin sirr dolu kəlmələri imdadımıza yetişdi… Mazi ilə istiqbal arasında onun şeirinin qanadlarıyla uçuyoruz” – deyir. “Tərcüman”, “Türkiye”, yaxud “Milliyet” qəzetlərinin 1987-ci il 17-22 ekim tarixli nüsxələrinə baxın: “Sözləriylə türk aydınlarına unudulmaz dərs verən azərbaycanlı professor Bəxtiyar Vahabzadə… bizim söyləmək istəyib də, söyləyə bilmədiklərimizi o qədər dəqiq bir şəkildə ifadə etdi ki, salonda adəta yer yerindən oynadı. “Mən, – dedi Vahabzadə, – Yunus Əmrənin, Füzulinin dilini anlayıram, fəqət, türkiyəli yazarları anlamıram. Siz dilinizi dəyişdirmisiniz. Bir millət dilini nasıl dəyişdirə bilər? Yazdıqlarınızı anlamayan xalq, sizi nə üçün oxusun? Dil pozmaq yenilik deyil, ən böyük əskilikdir (köhnəlikdir). Siz kökünüzdən qopmuşsunuz”, – deyə sözlərinə davam edən Vahabzadə “Keçmişinə qurşun atanların gələcəyinə güllə atarlar”, – dedi. Azərbaycanlı professorun son cümləsi isə mütləq söylənməsi gərəkən bir xüsusu ifadə edir: “Suçu kəndinizdə arayın… Türkiyədəki şair və yazarların dil qovğasına girişmələri çox yanlış. Xalqın ortaya çıxardığı dil qanunlarını kimsənin pozmağa haqqı yoxdur. Özünüzdən uzaqlaşmayınız. Millət əgər kökündən qoparsa, hər türlü təxribatı yapmaq mümkündür”.
Bir neçə il əvvəl professor Yavuz Akpınar məndən Bəxtiyar Vahabzadənin “Yel qayadan nə aparar?” məqaləsinin 1972-ci ildə çap olunmuş əslini istədi. “Əsli elə sizin oxuduğunuz kimidir”, – dedim və “Ədəbiyyat və incəsənət” qəzetinin 4 noyabr 1972-ci il tarixli sayının foto-surətini möhtərəm professora göndərdim…
Söhbət “dolambaclı ifadələr, ciftə mənalı tərkiblər və ya üstüörtülü duyğu bəlirtilərindən qətiyyən” (Hans Əhməd Şmide) xoşlanmayan Vahabzadənin məşhur məqaləsindən gedirdi. 1972-ci ilin avqustunda “Varlıq” dərgisi rəhmətlik İsmət Zəki Əyyuboğlunun “Ölü ədəbiyyat” adlı bir məqaləsini dərc etmiş, Bəxtiyar Vahabzadə isə Bakıda Əyyuboğluna cavab olaraq “Yel qayadan nə aparar?” adlı bir məqalə yazmışdı. Bəxtiyar Vahabzadənin Bakıda “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan məqaləsi 1973-cü ilin fevralında elə “Ölü ədəbiyyat”ın dərc olunduğu “Varlıq” dərgisində çap olunmuşdu.
Sonralar əski türk şeirinin başına pərvanə kimi dolanan Əyyuboğlu həmin məqaləsində klassik türk ədəbiyyatını ölü ədəbiyyat adlandırır, hələ üstəlik, Füzulinin şəstinə toxunurdu. Hətta təklif edirdi ki, Füzuli yaradıcılığı Türkiyə məktəblərində tədris olunmasın. Bəxtiyar Vahabzadənin timsalında isə bir Azərbaycan sovet şairi bir türk yazarına Vətən ədəbiyyatının dərsini keçir, eyhamlarla da olsa türk idealizminin tərəfini saxlayır, materialist düşüncəsinə görə Əyyuboğlunu qınayır, Əhməd Bican Ercilasunun təbiriylə, “bağımsız Türkiyədə türk kültürünə yapılan bir saldırı, bağımlı və sosialist Azərbaycandan şiddətli bir təpkiylə” qarşılaşırdı. Vahabzadəyə görə, irfan ədəbiyyatında ayağın yerdən üzülməsi, Göylər aləminə bağlılıq idealizm idi və bu, materializmin inkarı deməkdi. “Əyyuboğlu təsəvvüfdəki bu cəhəti nöqsan sayır. Bəs elə isə insanı Tanrı səviyyəsinə qaldırmağı nə üçün tənqid edir?”, – deyən Vahabzadə Əyyuboğlunu təsəvvüf ədəbiyyatının mahiyyətini bilməməkdə günahlandırırdı.
Əslində, Vahabzadə bu məqaləsi ilə iyirmi il sonra Əhməd Kabaklının “üçüncü kültür ihtilalı”, – deyə yamanlayacağı milli-mənəvi böhran dalğasına qarşı köks gərir, Türkiyədə türk düşüncəsinin təəssübünü çəkirdi və bəlkə elə bu səbəbdən idi ki, rəhmətlik Mustafa Necati Səbətçioğlu hələ o zaman Bəxtiyarı “kökümüzdən gələn səs” adlandırarkən, yaxud şairimizi “Türklüyün vicdanı” olaraq dəyərləndirən Əhməd Bican Ercilasun “Türk şeirinin tıxandığı yeri Vahabzadənin dili ilə aça bilərik”, – deyərkən ifrata varmamışdılar.
***
Yavuz Akpınar Bəxtiyar Vahabzadənin 1979-cu ildə İstanbulda nəşr etdirdiyi “Şiirler” kitabına yazdığı ön sözdə “H. Əhməd Şmide Vahabzadənin şeirlərindən seçmələr yaparaq bunları Türkiyə türkcəsinə aktarmış (uyğunlaşdırmış) və bunları “Açılan sabahlara selam” adıyla kitab halında yayınlamışdır. Baskı tarixi və yeri bəlirtilməmiş olan bu kiçik kitabın 1976-cı ildə yayınlanmış olduğunu təxmin ediyoruz”, – deyir. İndi bu sətirləri yazarkən yazı masamın üstündə olan həmin kitab deyildiyi qədər də kiçik deyil, 229 səhifədir. Vahabzadənin 124 şeirini və üç poemasını ehtiva edən və olduqca nəfis nəşr olunan bu kitab 1976-cı ildə deyil, 1977-ci ildə çapdan çıxıb.
Vahabzadə yaradıcılığının Türkiyə türkcəsində ilk toplu nəşridir. Kitabın məziyyətləri çoxdur, məncə, ən üstün məziyyətlərindən biri Hans Əhməd Şmidenin həmin kitaba yazdığı ön sözdə ifadə olunub. Şmide Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə, Bəxtiyarın timsalında Azərbaycan şeirinin o vaxtkı halı ilə alman və türk şeirini qiyaslandırır, Türkiyə oxucusuna xitabən: “Azərbaycan gəncliyi milli şairinə pərəstişkarlığa yaxın bir məhəbbət bəslər. Almaniya və hətta bugünkü Türkiyə kimi şairliyin bazarı olmayan bir məmləkətdən Azərbaycana gələn müsafir, XX əsrin ikinci yarısında şeirin, hələ şəkilcə ənənəvi şeirin bu dərəcə rəğbət gördüyünü şaşqınlıqla müşahidə edər… Bizdə (almanlarda) bir kərə iç rahatlığı ilə böyük şair deyə biləcəyimiz heç kimsə yox, çünki şeir Almaniyada ayaqda sürünüyor, xalq arasında canlı bir ifadə vasitəsi olmaqdan çoxdan çıxmış, bir tərəfdən, siyasət bəzirganlarının, digər tərəfdən, xalqı axmaqlaşdıran reklamçıların əlinə düşmüşdür. Türkiyə də, Allah saxlasın, bu duruma gəlmək üzrə. Yenə də mutlusunuz, zira bir Nəcib Faziliniz var…” – deyirdi.
H.Əhməd Şmidenin bu fikirlərini 1970-ci illər Azərbaycan poeziya tarixi kontekstində oxumaq xoş intibalar oyadır. Orta Asiyadan başlayaraq İstanbula və Bakıya qədər türk ədəbiyyatlarını mükəmməl bilən, alman ədəbiyyatının, Höte yaradıcılığının, alman maarifçiliyinin nüvəsində kamil insan problemini tədqiq edən ciddi bir alman şərqşünasının nəzərində 1970-ci illərdə Azərbaycan şeiri Almaniya və Türkiyə şeirindən qabaqdaydı və Bəxtiyar Vahabzadə yaşadığı dönəmdə türk ədəbiyyatındakı çağdaşları arasında yalnız Nəcib Fazil Qısakürəklə qiyaslandırılırdı. Şmide yazırdı ki, Bəxtiyar Vahabzadənin bir neçə almanca şeirini tədqiq etmiş bir alman ədəbiyyat alimi Qərbdə alışılmamış olan bu həyat anlayışının qaynayan vitalitesindən (həyat gücündən) heyranlıqla bəhs edər. Alman aliminin vətəndaşlıq bəyannaməsi olaraq dəyərləndirdiyi şeir “Dağda şəlalə kimi” əsəridir. Bu şeir Türkiyə türkcəsinə də ortaq türkcənin ən xalis örnəyi olaraq heç nəyini dəyişmədən uyğunlaşır.
Bir rengi yok, göklerin bin rengini severim,
Bir gülü yok, güllerin çelengini severim.
Ben çıkmaya tepe yok, yüce dağ istiyorum.
Hayatı hayat gibi yaşamak istiyorum.
Şmidenin yazdığına görə, şeirdəki “ifadə o qədər qüvvətlidir ki, yalnız Azərbaycan dilində deyil, alman dilində də heç bir şey itirmədən, eyni qüdrətlə səslənir”:
Nicht eine Farbe nur,
des Himmels tausend Farben liebe ich
Nicht eine Rose nur,
der Rosen reiche Fülle liebe ich
Zum Aufstieg will ich keine
Hügel sondern stolze Berge haben.
İch will dies Dasein leben,
will ein volles Leben haben!
“Dağda şəlalə kimi” şeiri 35 yaşlı gənc şairin qələmindən çıxıb. Bir il əvvəl, 1959-cu ildə isə bu qələm Azərbaycanın ədəbi və daha çox siyasi həyatında ətalət yuxusunu dağıdan bir “Gülüstan” fırtınası əsdirmişdi…
***
Bəxtiyar Vahabzadənin 1969-cu ildə yazdığı “Ay Allah” şeiri barədə haşiyə çıxmaq istəyirəm. Bu yaxınlarda hörmətli akademik Rafiq Əliyev Kulis.az saytına verdiyi müsahibədə dedi ki, “Sovet dönəmində “Allah”, “Ölüm” mövzuları qəti qadağan idi. Mən metafizik şairimiz kimi Cavidi tanıyıram. Caviddən sonra 60-cı illərdə Azərbaycan ədəbiyyatına yenidən “Allah” və “Ölüm”ü Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı gətirdi”. Baxmayaraq ki, Hüseyn Caviddə Allah mövzusu pozitivist qatda gəlişir. Buna rəğmən, “metafizik şair” məsələsində Rafiq Əliyev haqlıdır. Amma adı keçən digər üç şairin 60-cı illərdə Allah problematikasını ədəbiyyata hansı şeirlərində gətirdiklərini bilmirəm. 10-12 il bundan əvvəl TRT türk kanalına verdiyim bir müsahibədə mən də son metafizik şairimiz olaraq Cavidin adını çəkmiş, ondan sonra metafizik müstəviyə adlayan ilk şairin Bəxtiyar Vahabzadə olduğunu söyləmişdim. Fikrimi isə Vahabzadənin “Ay Allah” şeirinin örnəyində əsaslandırmağa çalışmışdım. Marksizmin “Din – tiryəkdir” təlimini heçə sayaraq, 1969-da “Yoxdan yaratmısan məni Sən özün / Ya məni yox elə, ya da dərdimi. / Sənə şəkk edənin can gözü bağlı, O, qalxmaz fövqünə bu qüdsiyyətin…” – deyən Vahabzadə, 1981-də “Allaha çatmağın nə imiş yolu” sualını qaldırıb sonra da o yolun səmtini nişan verirdi.
“Ay Allah” şeiri mənim üçün çox əzizdir. Səbəbini izah edim. Bəxtiyar 1969-cu ilin martında, “Əzizim İmamverdi! Bu şeri başladığım gün sən bizə gəldin. Müqəddəs duyğu ilə alışdığım gün, müqəddəs bir insan, pak bir vücud bizə gəldi. Bu da təsadüfi deyildi. Buna görə də həmin şeirin surətini sənə göndərməyi özümə borc bildim”, – deyə hələ mürəkkəbi qurumamış “Ay Allah”ı Neftçalaya, atama göndərmiş və yenə də atama yazdığı 28 iyul 1969-cu il tarixli növbəti məktubunda “Ay Allah”ın meydana gəlməsinin səbəblərini bir-bir izah etmişdi: “…Mən özüm özümdən xilas olmağa can atıram. “Ay Allah” şeiri də bu çırpıntıların, çabalamaların məhsuludur. Yol tapa bilmirəm… Mən indi özümü dünyanın ən aciz adamı, ən zəif qələm sahibi hesab edirəm. Mənim indiki üzüntülərimi, daxili çırpıntılarımı, əzab və işgəncələrimi yalnız mən bilirəm… Yaralarıma məlhəm ol! Öpürəm. Bədbəxt Bəxtiyar”.
“Dünyanın ən aciz adamı, ən zəif qələm sahibi” 1969-cu ildə “Ay Allah” şeirini yazmışdı. Və görünür, onun “Fəryad”a doğru gələn yolu da həmin ərəfələrdə başlamışdı. Çünki dostuna yazdığı 15 aprel 1970-ci il tarixli məktubunda belə bir fikir var: “Ay Allah” fikrimdə böyüyür”.
Sonralar daha çox Vahabzadənin fikir yetirməsi olan müstəqil Azərbaycanda siyasi biganələr onu incitdi. İmandan deyil, gümandan əsən küləklər Bəxtiyar Vahabzadəni hədəfə götürdü: “Bütün xalq şahiddir ki, mən 49 illik yaradıcılığım boyu Sovet quruluşunu – bu eybəcər sistemi bacardığım qədər lənətləmişəm. Həmişə kürəyimdə millətçi damğası gəzdirmişəm. Ömrüm boyu arzuladığım istiqlala, müstəqil dövlətə nail olandan sonra yenə mən pis kişi olmuşam. İndikilər də məni kommunistlikdə ittiham edirlər. Başımı itirmişəm. Doğrusu, mən bu cür təsəvvür eləmirdim. Bütün haqsızlıqlara birtəhər dözmüşük. Amma bu boyda haqsızlığa dözə bilmirəm” (B.Vahabzadənin İ.Əbilova yazdığı 16 oktyabr 1992-ci il tarixli məktubundan).
Dözə bilmirdi. Çünki istiqlalçıydı. “Gözəl şair olduğumu iddia edə bilmərəm, lakin namuslu istiqlalçı olduğumu cəsarətlə iddia edərəm. Çünki mənim şairliyim də istiqlalçılığıma borcludur” (28 aprel 1995 tarixli məktubundan).
Haqsızlıqlara dözmürdü. Və tarixin millətimizi imtahana çəkdiyi 1990-cı illərin əvvəllərində Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə və Türk dünyası ilə Azərbaycan arasında mötəbər körpülərin qurulmasında hamıdan daha artıq xidmətləri olan Hans Əhməd Şmide ilə bölüşürdü. Şmide ömrünü Azərbaycan mədəniyyətinin Almaniya və Türkiyədə daha dərindən tanınmasına həsr etmiş alman əsilli müsəlman, az qala, türkləşmiş bir alman idi. Alman şərqşünaslığının ən parlaq ismlərindən Annemarie Şimmelin də ayrıca dəyər verdiyi əzizlənməyə layiq böyük bir türkoloq-şərqşünas idi. Bəxtiyar Vahabzadə kimi Əhməd Şmide də Azərbaycanda siyasi hakimiyyətə Heydər Əliyevin gəlişini israrla istəyirdi: “Bu anda bütün ümidimiz Heydər Əliyevədir… O, çox böyük bir siyasətçi və dövlət adamıdır. Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız H.Əliyev baş aça bilər. O, hər şeyi gözəl bilir. Mən onu həm məclisdə, həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur”. Bunu Vahabzadə Şmideyə yazırdı. Elə həmin ərəfədə Əhməd Şmide də “Azərbaycanın Türkiyədə tanınmasına yarım əsr öndərlik yapmış” Əhməd Kabaklını bilinməyən, yaxud bəlkə də Kabaklının bilmədiyi məsələlərdən agah edirdi. Üçcildlik mötəbər “Türk ədəbiyyatı” kitabının, “Məbəd və millət”, “Alpərən” əsərlərinin müəllifi, “Türk ədəbiyyatı” dərgisinin başyazarı Kabaklıya xitabən Rusiyanın Azərbaycan siyasətinin mahiyyətində dayanan ən həssas məqamların təfərrüatını, “Gülüstan” müqaviləsindən tutmuş, neft kontraktları kontekstinə qədər politoloji incəliklə şərh edən Şmide, 1993-cü ildə Kabaklıya xatırladırdı ki, Azərbaycan heç bolşevik zamanında belə, bu dərəcədə milli çöküm idrak etməmişdir. Bütün bunlara rəğmən milli vəhdət yerinə milli nifaq baş alıb gedir. Hər kəs hər kəsin şeytanına çevrilib. Və Şmideyə görə, “siyasi partiyaların milləti müxtəlif istiqamətlərə çəkməsi nəticəsində əhalinin getdikcə gücdən, qüvvətdən düşməkdə olduğu bir ortamda dövlətin başına professional, dirayətli, dinamik bir liderin gəlməsi, taleyin xoş bir jesti” idi: “Yarım əsrdən bəri türklük və müsəlmanlıq uğrunda, bəzən çox, bəzən az, fasiləsizcə çalışdığımı, Siz Xocamdan daha iyi bilən kimsə yoxdur. Bunun əcrini insanlardan deyil, Cənabi-Mevladan bəkliyor və niyaz ediyorum… Təxminən iyirmi beş-otuz ildir bu fəaliyyətləri sürdürməkdəyiz. Bu zaman dilimi zərfində, bolşevikliyin ən şədid (şiddətli) olduğu dövrlərdə Azərbaycan KP-nin birinci katibi Heydər Əliyevin şəxsən təsvibi ilə (uyğun bilməsi ilə) on kərə Azərbaycana gedə bildim. Nə yuvanın quşu olduğumu, nəyə hizmət etdiyimi, Azərbaycanda bolşevik rejimin müxalifləriylə ünsiyyət qurduğumu, gəlişlərimlə, söhbətlərimlə onlara cəsarət verdiyimi bu adam çox iyi biliyordu. Bildiyini də bən, bana qarşı olan şəxsi tavrından biliyorum… Əliyev gerçəkçidir, genəlliklə, Azərbaycan türk millətinin xeyrinə çalışmışdır. Azərbaycanda bolşevik əleyhdarı ən önəmli ədib və düşünürləri Əliyev, kəndi pozisiyonunu təhlükəyə düşürməməklə, himayə etmiş, milli məfkurə doğrultusunda çalışmalarına imkan vermiş, ən azından göz yummuşdur”.
Bunları Bəxtiyar Vahabzadə deyil, onun vəsiləsiylə Azərbaycana bağlanmış Şmide – Vahabzadənin məfkurə yoldaşı, hədsiz dərəcədə praqmatik düşünən bir alman, “Dədə Qorqud”u alman dilinə çevirən bir Qərb mütəfəkkiri söyləyirdi. Kabaklı isə sıradan biri deyildi, Türkiyədə onun təsir dairəsində ümmətçisiylə, milliyyətçisiylə böyük bir aydınlar zümrəsi vardı. Kabaklı Şmidenin də türk dünyası qarşısındakı təmənnasız və böyük xidmətlərini Türkiyədə hamıdan yaxşı bilirdi və Bəxtiyar Vahabzadə də Kabaklıya görə, “klassik və yeni Azəri şeirinin mövcud bütün özəlliklərini şeirində toplaya bilmiş” çağımızın “üstün bir şairi” idi. Hətta Bəxtiyar Vahabzadənin 1973-cü ildə yazdığı “Yel qayadan nə aparar?” məqaləsində qaldırdığı məsələləri, yuxarıda da xatırlatdığım kimi, Əhməd Kabaklı 1995-ci ildə yazdığı “Alpərən egitimi ədəbiyyata qarşı üçüncü kültür ihtilalı” adlı məqaləsində yenidən qabardırdı. Amerikan təqlidçiliyinə qarşı çıxan Kabaklının təsnifatında, birinci “kültür ihtilalı” “Əlifba inqilabı” adı altında, başqa heç bir ölkədə görülməyən… Türkiyə türklərindən “başqa yalnız ruslar tərəfindən yenə türklərə uyğulanan…” və min ildən bəri oxunan “yüz minlərlə kitabın bir daha oxunmamaq üzrə ortadan qaldırılması” ilə baş vermişdi. “İkinci kültür ihtilalı isə min il boyunca Türküstan, Anadolu və Balkanlarda yüksək ədəbiyyat dili olan türkcənin xüsusən, 1950-ci illərdən sonra planlı şəkildə yıxılaraq, XX yüzilin başında qəbilə dili halına gətirilməsi…” ilə, üçüncü kültür ihtilalı isə 1995-ci ildən etibarən məktəblərdə ədəbiyyat dərslərinin (“Dədə Qorqud”, “Qutadqu Bilik”, Yunus Əmrə, Füzuli… təsəvvüf, milli mücadilə ədəbiyyatı) tədrisinə ayrılan saatların ixtisar edilməsi ilə, daha doğrusu, milli kökü keçmişdən ayırmaqla, köksüz bir nəsil yetişdirməyə cəhd etməklə, mədəniyyətin əsası olan davamlılığın aradan qaldırılması ilə başlanırdı. İyirmi il əvvəl Əyyuboğluna etiraz edən Vahabzadə bu dəfə Əhməd Kabaklının səsinə səs verməyi özünə borc bilirdi. Hətta sovetlər dönəmində Bəxtiyar Vahabzadəni Türkiyəyə dəvət edən ilk türk aydını da Ankara Bələdiyyəsinin rəisi Vedat Dalokaydan sonra Əhməd Kabaklı olmuşdu…
Vahabzadə tükçüydü, amma “Azərbaycan-Türkiyə” şeirinin yazarı Azərbaycanın Türkiyə tərzində, əslində isə Qərb üsulunda türkləşməsini istəmirdi: “Bir mühüm məsələ son zamanlar məni yalnız düşündürmür, həm də bu bəlaya əlac axtarıram. Bu əlacı Mirzə Cəlillər tapa bilmədi, mən hardan tapa biləcəyəm? Yazırsan ki, “bizi özümüz olmağa qoymurlar”. Bu fikrinə bir iradım var: Çünki heç kəs bizim əlimizdən tutub özümüz olmağa mane olmur, biz özümüz özümüz olmaq istəmirik, biz özümüz başqalarını təqlid eləməkdən ötrü ölürük. Bir sözlə, biz təqlid dəlisiyik, biz özümüzdən başqa hər kəsə bənzəmək istəyirik. Min dəfə təəssüf olsun ki, bu, yalnız biz Azəri türklərinə məxsus deyil. Bütün türklər bu xəstəliyə tutulub. 70 milyonluq Türkiyə türklərindən tutmuş, Orta Asiya türklərinə qədər hamısı yamsılamaq xəstəliyinə tutulub. Bir neçə il bundan əvvəl Türkiyə mətbuatında nəşr etdirdiyim “Ey qocaman Türkiyə” məqaləmdə yazmışdım: “Ey Türkiyə türkləri, 200 ildən çox bir müddətdir ki, “Batı Batı” (Qərb, Qərb) deyə-deyə özünüzü batırdınız. Kifayət deyilmi? Qərb sizə nə verdi? Sizi Avropa Birliyinə də qəbul etmədilər. Etməyəcəklər də. Batının dalında sürünməkdənsə, Şərqin önündə getməyiniz yaxşı olmazdımı?”. Açığını deyək, müasir türklər nə türk kimi türk, nə də avropalı kimi avropalıdırlar. Bir sözlə, avara məzhəb olublar. Müsəlman türkündən başqa, hər şeyə bənzəyirlər… İndiki cümhuriyyət türkləri, elə bil, dünənki Osmanlı türklərinin törəməsi deyil. Budur biz türklərin faciəsi! Bir sözlə, çəkiləsi dərd deyil…” (2004-cü ilin 7 noyabrında İ.Əbilova göndərdiyi məktubdan).
Bəxtiyar Vahabzadənin türkçülük məsələsinə belə bir gerçəkçi tərzdə yanaşmasının kökləri daha əvvəllərə gedib çıxırdı. Haqlı nigaranlıqlar, həssas həyəcanlar çoxdan başlamışdı…
***
…Hələ yeniyetməlik illərimdəki söhbətlərimizdən və nəhayət, 1998-ci ilin 14 avqustunda atamla, rəhmətlik Mamay müəllimlə (Məmməd Cabbarov) birgə Şəkidəki həyətində oturub gecədən keçmişə qədər etdiyimiz söhbətdən bilirəm ki, türk ədəbiyyatında ən yüksək dəyər verdiyi şair Məhməd Akif idi. Baxmayaraq ki, Şəkidəki evinin kitab rəflərində, əsasən, irfan ədəbiyyatı, xüsusən, Mövlana “Məsnəvi”sinin cildləri mühüm yer tuturdu, amma o, Akifin heyranıydı: “Çanaqqala şəhidləri” Allahın möcüzəsidir. Şeirin misraları, sanki vəhydən alınmış kimidir”, – deyirdi.
Hans Əhməd Şmide bir məktubunda sovetlər dönəmində Bəxtiyarın qonağı olduğu günləri xatırlayıb, “Nə gözəl günlərdi! Akifi oxuyaraq ağlaşardıq: “Doğacaqdır sana vəd etdiyi günlər hakkın. Kim bilir bəlkə yarın, bəlkə yarından da yakın”.
Dışarıda sovet ruzgarları əssə də, içəridə Məhməd Akif Ərsoyun şeirini oxuyub ağlaşırdılar. SSRİ-nin tezliklə dağılacağını da 1985-ci ildə Çingiz Aytmatov Vahabzadənin Hüsü Hacıyev küçəsindəki evində söyləmişdi.
1990-cı ilin 20 yanvarında Bəxtiyar Vahabzadə də Məhməd Akif kimi, “əhli-səlibin həyasız üzünə” və “güvənilməz sözünə tüpürmüşdü”. Amma Akifdən fərqli olaraq, yəni təkcə şeirlə deyil, həm də fiziki baxımdan tüpürmüşdü.
***
“Zəminxarə, Meracın musiqisidir. Merac gecəsi baş verən ilahi söhbətin səslərlə ifadəsidir”, – sözlərini Bəxtiyar Vahabzadə heç yerdə, o cümlədən “Muğam” poemasında da qələmə almayıb. Amma mən bu sitatı 1976-cı ildən qalma bir lent yazısında, Vahabzadənin səsinə istinad edərək yazıram. “Zəminxarə”dən danışır, sonra da bədahətən dörd misra şeir deyir:
Qan udub, dövran əlindən,
ey Füzuli, söylədin:
Dövrü çövründən
şikayət etməmək mümkün deyil.
Mənsə bir dövranə
düşdüm ki, bu viranxanədə
Dövrü çövründən
şikayət eyləmək mümkün deyil…
1976-cı ildir. Çoxlarının ağlına da gəlmir ki, Bəxtiyar müəllim viranxanədə – SSRİ-də söz azadlığının qəhətliyindən danışır. Kimin ağlına gəlsin? Həmin şeirli gecə bir Muğan kəndində – bizim həyətimizdə baş verib… İndi dəyərli Kamil Cəlilov o günü yaxşı xatırlayır, qoboyda “Zəminxarə” çalırdı və Bəxtiyar Vahabzadə “Zəminxarə” barədə qənaətlərini söyləyirdi…
Yuxarıdakı şeirin bədahətən deyildiyini isə ondan bilirəm ki, iyirmi il sonra – 1997-ci ildə xəstəxanada müalicə olunduğu vaxt onun barəsində “Qan udub dövran əlindən” adlı bir yazı yazmışdım, yazı “Xalq qəzeti”ndə dərc olunmuşdu və həmin şeiri də o yazıda misal gətirmişdim. Həmin gün Bəxtiyar müəllim zəng vurdu. Yuxarıdakı şeirin kimə aid olduğunu soruşdu. “Sizindir” – dedim. – Siz o vaxt o şeiri bədahətən söylədiniz. Hətta evimizdə şeirin Sizin xəttinizlə həmin dəqiqələrdə yazılmış əlyazması da qalır”. Kövrəldi.
***
1985-ci ildə İrkutskda əsgərlikdəydim. Bəxtiyar Vahabzadə ona göndərdiyim bir məktuba cavab yazmışdı. Sonralar davamlı məktublaşacaqdıq. Amma bioqrafiyasının öyrənilməsi baxımından ilk məktubunun necə böyük əhəmiyyət daşıdığını düşünərək, bu yazının sonunda onu xatırlatmağa ehtiyac duyuram: “Əzizim Azər, salam. Od dolu məktubunu aldım. Adresdən məlumdur ki, İrkutskda qulluq edirsən. O yerlərə yaxşı bax. İrkutsk – ər qurt sözündəndir. Ər – kişi mənasında, qurt da bizim türk babalarımızın totemi, emblemidir. Babalarımızın ayaq izlərini gör orda tapa bilirsənmi? Baykal gölü Bəy göl deməkdir. O gölün ətrafındakı dağlar Hamar daban dağlarıdır. Nə isə… Nə demək istədiyim sənə məlumdur. Çalış, orda rus dilini mükəmməl öyrənəsən. Lazımdır, çox lazımdır. Ürəyindəki oddan ehtiyatlı ol. Cavansan, gələcəyin var. Bir də o od bizə lazımdır, onu mənasız yerə xərcləmə. Yanındakı vətən oğullarına salam söylə. Hörmətlə Bəxtiyar. 12 fevral 1985”.
“Nə demək istədiyim sənə məlumdur… Yanındakı vətən oğullarına salam söylə” ifadəsi, – “nə demək istədiyimin fərqinə varın”, – anlamına gəlirdi…
Bu yazını tamamlamaq istəyirəm… Amma könlüm bu yazını bitirmək istəmir. Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrim qalaq-qalaqdır. Yaddaşımın Vahabzadə ilə bağlı munis guşəsində əzizlədiyim xatirələri isə nə vaxtsa yazmaq ümidindəyəm…