Rusiyanın Asiya bazarlarında neft satışı kəskin azalıb – Çin və Hindistana daşınmalar aşağı düşüb
“Rusiyanın dəniz yolu ilə xam neft ixracı iyulun 1-dək olan 7 gün ərzində yenidən qalxdı. Ancaq Hindistana məsafəni azaltmaq üçün tankerlər Qara dəniz terminalına istiqamətləndirilsə də, Asiyaya daşınmalar azalmaqdadır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyində dərc olunan məqalədə bildirilir. Qeyd olunur ki, Rusiya limanlarından gələn ümumi xam neft axınının, Primorsk, Baltik limanından daşınmaların qısa müddət ərzində dayandırılması zamanı itirilmiş həcmin böyük hissəsini bərpa etmək mümkün olub. Yəni daşınan neft həcmi 23% artıb: “Buna baxmayaraq, Asiyaya gedən yüklər – Çin və Hindistanın Ukraynaya təcavüzünə cavab olaraq Rusiyanın ixracatını dəstəkləmək üçün daxil olduqları mühüm bazar – həm həftəlik, həm də aylıq orta hesabla 15%-dən çox azalıb”.
Məqalədə bildirilir ki, ümumilikdə, Rusiyanın dəniz yolu ilə daşınmaları aprelin əvvəlindən bəri əldə edilən yüksəlişə uyğun olaraq gündə 3,67 milyon barel həcmə çatıb.
“Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından ibarət G7 qrupunun liderləri dörd ay əvvəl qoşunlarının Ukraynanı işğal etməsindən sonra Kremlə pul axınını azaltmaq üçün Rusiyanın neft ixracına qiymət həddi tətbiq edilməsi ideyasını müzakirə etməyə başladılar… Belə bir məhdudiyyətin necə tətbiq oluna biləcəyi və Prezident Vladimir Putinin ona necə reaksiya verəcəyi bardə suallar hələ də açıq qalır. Ancaq G7 ölkələri qiymətləri məhdudlaşdırma planlarına başlasalar belə, Rusiyanın dəniz yolu ilə xam neft ixracına dair həftəlik məlumatlar göstərir ki, onsuz da axınlar getdikcə aşağı düşməkdədir.
İyulun 1-dək olan dörd həftə ərzində tədarüklər gündə orta hesabla 3,46 milyon barel təşkil edib ki, bu da aprelin 15-dən bəri ən aşağı göstəricidir”, -məqalədə vurğulanır.
“Bloomberg” qeyd edir ki, Çin və Hindistanın hakim olduğu bazarlarda Asiya ölkələri hələ də Rusiyadan göndərilən xam neftin yarısından çoxunu alırlar, lakin bu pay da getdikcə aşağı düşür: “Son dörd həftəlik dövrdə Asiyaya daşınmalar Rusiyanın ümumi dəniz ixracının 52%-ni təşkil edib. Bu rəqəmə Baltik və Qara dəniz limanlarından Süveyş kanalına gedən tankerlərin həcmi daxildir və aprelin 15-nə kimi bu göstərici 63% təşkil edirdi”.
Analitik məqalədə daha sonra yazılır ki, Çinə tədarüklər son dörd həftədə gündə orta hesabla 887,000 barel, Hindistana isə gündə 641,000 barel təşkil edib. “Ancaq bu rəqəmlərin hər ikisinin artacağı gözlənilir. Rusiyanın Çin və Hindistandan başqa Asiya ölkələrinə göndərişi demək olar ki, yoxdur, nadir hallarda Sakit okean terminallarından Yaponiya və Cənubi Koreyaya yüklər gedir“,- müəlliflər bildirirlər.
“Boloobberg” yazır ki, Rusiya artıq Avropanın şimalında neft-qaz bazarındakı payının demək olar ki, üçdə ikisini itirib. Nəzərə alsaq ki, Aİ-nin Rusiya neftinin idxalına qadağasının başlanmasına hələ beş ay var. Avropanın şimalında göndərilən həcm aprelin sonundan bəri gündə 400-450 min barel arasında sabitləşib. Bunun çoxu isə Hollandiyanın Rotterdam şəhərindəki saxlama çənlərinə gedir.
Məqalədə bildirilir ki, Rusiya xam neftinin Aralıq dənizinə nəqli isə Ukraynanın işğalından sonra artıb və dörd həftəlik orta hesabla gündə təxminən 750 min barel səviyyəsində qalıb: “”Lukoil”-in İtaliyanın Siciliya adasındakı ISAB zavodu Rusiya xam neftinin əsas alıcısıdır. Türkiyə də alışları artırmaqdadır. Aİ-nin dəniz yolu ilə daşınan Rusiya xam neftinə qadağası dekabrda qüvvəyə minəndə ISAB-ın nə edəcəyi bəlli deyil. O vaxta qədər isə Rusiya xammalının satın alınmasına heç bir qanuni maneə olmadığı və alternativin az olmasına görə, daşınmaların aşağı düşməsi ehtimalı çox azdır”.