Prezident DTX-ya yeni səlahiyyətlər verdi – Bu informasiya strukturlarına nəzarət edəcək
“Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlərin xeyli hissəsi Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) verilib”.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bu məsələlər Prezidentin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişikliklərin təsdiqi və onun tətbiqi ilə bağlı fərmanında öz əksini tapıb: “Bu fərmana görə, həm də bir neçə ay bundan öncə kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qəbul eidlən fərmana görə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlər əsasən DTX-ya verilib. Yeni qaydalara görə, yalnız DTX-nın müəyyən etdiyi qurum, yəni kibertəhlükəsizlik xidməti provayderi kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər. Amma bu fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.
Digər dövlət qurumlarında bu fəaliyyəti DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirəcək DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə kritik informasiya infrastrukturu obyektlərində ildə bir dəfədən az olmayaraq kənar audit yoxlamalarının keçirilməsini təşkil etməlidir. DTX həm də kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin operatoru səlahiyyətini əldə edib”.
Ekspert vurğulayıb ki, yeni dəyişikliklərə görə kritik informasiya infrastrukturu subyektləri təhlükəsizliyi qotumaq üçün müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər. Onun sözlərinə görə, DTX həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.
“Bütün kritik informasiya infrastrukturu subyektləri məsul şəxs təyin etməli və bu barədə məlumatı kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirməlidir”, – O.Gündüz əlavə edib.
Ekspert düşünür ki, yeni dəyişikliklər ölkədə kiber mühitin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və xüsusilə də, bu dəyişikliklər kritik informasiya infrastrukturun dayanıqlığında, kibertəhlükəsizlyin gücləndirilməsində ciddi rol oynayacaq.