ƏRDOĞAN PUTİNİ YENƏ GÖZLƏMƏYƏ MƏCBUR ETDİ – O da hirsini bloknotdan çıxardı.
Bundan əvvəl Rusiya Prezidenti Putini iki dəfə ayaq üstə gözlətdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən sammitdə də eyni şeyi edib. Ərdoğan bu dəfə Putini iki dəqiqə ayaq üstə gözlədib.
Hadisə bu həftə Astanada baş tutan Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilən görüş zamanı yaşanıb.
Bundan əvvəl də Vladimir Putini iki dəfə ayaq üstə gözlədən Ərdoğan, Astanada keçirilən sammitdə də eyni şeyi edib. Gözləyərkən kifayət qədər gərgin olduğu müşahidə edilən Putinin Ərdoğan zala daxil olarkən, əlindəki dəftəri əsəbi şəkildə stolun üstünə atması diqqətdən yayınmayıb.
Xatırladaq ki, ikili arasında “diplomatiya savaşı” 5 mart 2020-ci ildə Kremldə baş tutan görüşlə başlayıb. Həmin vaxt Vladimir Putin Ərdoğan və nümayəndə heyətini 2 dəqiqə qapıda gözlədib. Rusiya tərəfi bu hadisəni protokol tənzimləmələri ilə bağlı texniki prosedur adlandırsa da, dövlət televiziyasında yayımlanan görüntülər böyük müzakirələrə səbəb olub. Qeyd edək ki, bu görüntülərdə videoaya sayğac yerləşdirilib və Putinin Ərdoğanı gözlətməsi fərqli formada təqdim olunub. Ərdoğanın 2 dəqiqə gözlədilməsi “diplomatik rüsvayçılıq” kimi qiymətləndirilmişdi.
Türkiyə lideri 2020-ci ildə baş verən hadisənin qisasını ilk dəfə iyulun 19-da Tehranda keçirilən toplantıda alıb. Bu görüşdə Ərdoğan Putini təxminən 1 dəqiqə gözləməyə məcbur edib.
Daha sonra, sentyabrın 17-də Ərdoğan Putini Səmərqənd sammitində düz bir dəqiqə gözlədib.
Bu həftə keçirilən Astana sammitində isə Ərdoğanın Putini 2 dəqiqə gözlətdiyi üzə çıxıb. Bununla da Ərdoğan Putindən 2020-ci ildə yaşanan hadisənin qisasını üçüncü dəfə alıb.
Xatırladaq ki, belə “ağıl oyunları”nı sevən Putin bundan əvvəl Almaniyanın keçmiş baş naziri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, katolik dünyasının ruhani lideri Papa Fransisk və Böyük Britaniya kraliçası II Elizabethə qarşı da buna bənzər hərəkətlər edib. Məsələn, Putin 2018-ci ildə Helsinkidə keçirilən görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Trampı 45 dəqiqə ayaq üstə gözləməyə məvbur edib.
Daha öncə oxşar vəziyyətə düşməyən Putinin, Ərdoğanla görüşlərdə təkrar-təkrar eyni aqibəti yaşaması həm sosial mediada, həm də beynəlxalq ictimai rəydə böyük marağa səbəb olub.