Bu il Azərbaycanda narkotikə görə 8694 cinayət faktı aşkarlanıb.
Bu ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanıb.
Bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.
Bildirilib ki, onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı oub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə, müsadirə olunan 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.