“SUROVİKİNİN ARMAGEDDONLA PROBLEMLƏRİ OLACAQ” – “O da Putinin uğursuz generalları ilə bir sırada duracaq”
Vladimir Putin Ukrayna müharibəsində qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilməyən generalları mütəmadi olaraq tutduqları vəzifələrdən çıxarıb, yenilərilə əvəzləyir. Bu hallar tez-tez baş verir və indi növbədə ordu generalı Sergey Surovikindir. O da əksər generallar kimi Suriyadakı müharibənin iştirakçısıdır.
Suriyada rusların qələbə qazanmasının başlıca səbəblərindən müxalif silahlı qüvvələrin əlində Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin olmaması idi. Hazırda Surovikin Suriyada tətbiq etdiyi yaşayış məntəqələrinin bombalanması taktikasını Ukraynada təkrarlayır. Şübhəsiz ki, o, Putinlə məsləhətləşmədən strateji addımlar atmır.
Ukraynanın infrastruktur obyektlərinə böyük ziyanlar vurulmasına baxmayaraq, Ukrayna Silahı Qüvvələrinin, mükəmməl olmasa da, hər halda HHM sistemləri var və onlar rusların xeyli sayda raket zərbələrini dəf edə bilirlər. NATO Ukraynaya yeni HHM-lər göndərəcəyini vəd edib. Ukrayna ordusu dronlara və raketlərə qarşı effektli mübarizə aparandan sonra, böyük ehtimalla Surovikin də iş bacarmayan digər “günahkar” generalların cərgəsinə qoşulacaq.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” internet portalı “Surovikinin Armageddonla problemləri olacaq” başlıqlı məqaləsində Rusiyanın Ukraynadakı ordusunun yeni komandanı, ordu generalı Sergey Surovikinin fəaliyyətinə toxunur. Həmin məqaləni təqdim edirik: ”Hələlik cəbhə xətti boyunca nəzərəçarpacaq dəyişiklik baş vermir. Ukrayna şəhərlərinin Rusiya raketləri və dronları vasitəsilə atəşə tutulmasının intensivliyi davam etsə də, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə sistemlərinin səmərəliliyi də artır. Müttəfiqlər İranın “moped” dronları ilə mübarizə aparmaq üçün tezliklə lazımı köməyin ediləcəyini vəd ediblər, ona görə də ümid edək ki, şəhərlərin atəşə tutulması böhranının kəskinliyi tədricən azalacaq.
Rusiya birləşmiş ordu qruplarının komandanı, ordu generalı Sergey Surovikin və onun hər cür əlaltıları Xersonun dinc əhalisinin təxliyəsi ilə məşğuldurlar, bu isə “Xerson uğrunda” döyüşlərin başlayacağından xəbər verir. Bugünkü vəziyyətlə əlaqədar deyə bilərik ki, lap tezliklə Ukrayna ordusunun Xersona hücumu gözlənilmir. Ona görə də Nikolayev vilayətinin rəhbəri Vitali Kimin söylədiyi kimi, Surovikin hansısa kələk hazırlayır.
Görəsən, məqsəd nə ola bilər? Bəlkə, Putin üçün tamaşa qurulub? Ola bilərmi ki, onlar Putini qorxudurlar ki, o, bu istiqamətə daha çox ordu, silah, mərmi göndərsin? Bütün bunlardan sonra isə rus ordusu “Xerson uğrunda döyüş”də qələbə qazansın və Putin onları yaxşıca mükafatlandırsın?
Əgər hələlik heç bir döyüş yoxdursa, onun düşünüb tapılması heç də pis olmazdı. Bunkerdə oturan Putin real döyüşlər barəsində əsl məlumatı haradan biləcək? Konaşenkov Surovikinin ona verdiyi məlumatları səsləndirəcək. Konaşenkov Moskvada oturub, həqiqətləri haradan öyrənəcək?
Bu axmaqların ağlına nə yerləşdiyini kim anlaya bilər? Əlbəttə, onların öz oyunları var və normal adam bunu çətin anlayar. Belə bir hipotez irəli sürmək olar: ”General Armageddon”(qiyamət günü) adlandırılan Sergey Surovikin görünür ki, öz sələflərindən yalnız piar kampaniyadan daha yaxşı anlaması ilə fərqlənir. Elə ona görə də, o, özü üçün gözünü qırpmadan bütov şəhərləri yer üzündən silməyə hazır olan qəddar başçı obrazı yaradıb.
Ancaq bir sərkərdə kimi o, Jukov məktəbinin adi generalıdır və bu cür generallar inanırlar ki, qələbəni yalnız “top yemi” hesabına qazanmaq olar və bundan da təəssüflənməyə dəyməz – rus qadınları yenə doğarlar.
Surovikinin real hərbi təcrübəsi yalnız Suriya əməliyyatı ilə məhdudlaşır. Hərçənd ki, “Vikipediya”da onun İkinci Çeçen Müharibəsinin iştirakçısı olduğu yazılır. Amma onun tərcümeyi-halında bu barədə heç bir söz yoxdur. O, Rusiyanın Suriyadakı Hərbi Kosmik Qüvvələrinə komandanlıq edib. Bu da ona imkan vermişdi ki, Suriya şəhərlərini bombalamaq üçün bütün strateji resurslardan istifadə etsin. Məhz bu bombalama sayəsində nəticə əldə olunmuşdu və Surovikinin barəsindəki obraz da elə oradan yaranıb. Şübhəsiz ki, heç bir Hava Hücumundan Müdafiə sistemi olmayan şəhərləri bombalayıb toza çevirmək elə də böyük qəhrəmanlıq və xüsusi hərbi bacarıq tələb etmir.
İndi isə vəziyyət bir qədər fərqlidir: Ukraynanın keyfiyyətli Hava Hücumundan Müdafiə sistemləri var və bu sistemlər tezliklə daha da güclü olacaq. Surovikin “Armageddon”la problemlər yaçayacaq. O, bunu başa düşür. Çünki “Armageddon” alınmayacağı təqdirdə o, öz sərkərdəlik istedadını nümayiş etdirməlidir. Amma onun özünün də bu məsələ ilə bağlı əsaslı şübhələri var. Ən azından ona görə ki, Surovikin hələ indiyədək öz istedadını sınamayıb və bu səbəbdən ümumiyyətlə, istedadının olub olmadığını heç özü də bilmir. Surovikin qorxu yayır və deyir ki, yaxın günlərdə Xersonu təslim edəcək. Bəli, o, “çətin qərar vermək” ərəfəsindədir. Gözləmək olardı ki, yaranmış vəziyyətlə əlaqədar Surovikin kinayə ilə “məndən əvvəl sizi hansı baytar müalicə edib” deyəcək.
Deməli, Surovikin üçün istənilən halda uduş var: Xersonu verərsə deyər ki, “bəs, mən sizə xəbərdarlıq etmişdim, baytarlar günahkardır”. Əgər Xersonu verməzsə, olacaq qəhrəman! Beləliklə, Surovikin postmodernist tipdir. Onun üçün hər işdə ən başlıcası piardır.
Amma çox yaxın zamanlarda bu general Putinin tapşırığını yerinə yetirə bilməyən digər generalların uzun sırasında öz yerini tutacaq. Bu generalların zəhmli obrazını Ukrayna Silahı Qüvvələri dağıdır, necə ki, ardıcıl surətdə Kadırov tik-tokerlərinin və həmçinin də Putinin Dvornikov kimi generallarının qorxulu obrazları dağıdıldı.
Yadınızdadırsa, Dvornikov barəsində də bizə hansısa vahiməli tarix danışırdılar. Dvornikovun da Suruiyada “sənət əsərləri” var. Vəziyyət elə gətirdi ki, bu “Rusiya qəhrəmanı” İzyum və Limanı verməyə məcbur oldu. O, heç cənub istiqamətində də bir iş görə bilmədi.
İndi ən başlıcası duruş gətirmək, əyilməməkdir. Bilmək olmaz. Putin müharibəni uzatmaq üçün daha nələr düşünəcək. Lakin problemlər meydana çıxmamışdan öncə həll edilməlidir. İndiki problem Ukrayna şəhərlərini qorumaqdır. Bu, həll edilməlidir və artıq həll olunur.
NATO ölkələri qısa müddətdə Ukraynanı dronlarla mübarizə vasitələri və HHM sistemləri ilə təchiz edəcək. Deməli, müttəfiqlər vəziyyətin kəskinliyini anlayırlar və operativ hərəkət edəcəklər”.