PUTİNİN YENİ ŞANTAJI: “ÇİRKLİ BOMBA” – “Artıq çoxdandır ki, Rusiyadan heç kim qorxmur”

“Ölkələrimizin müdafiə nazirləri bu ölkənin xahişi ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə ayrılıqda görüşüblər. Ölkələrimiz Rusiyanın Ukraynanın öz ərazisində “çirkli bomba”lardan istifadə etməyə hazırlaşdığına dair yalan iddialarını rədd edib. Biz gərginliyi artırmaq üçün Rusiyanın bu bəhanələrini rədd edirik”.

“AzPolitika.info” xəbər verir ki, bunlar ABŞ, Fransa və Böyük Britaniya XİN rəhbərlərinin Rusiyanın Ukraynanın öz ərazisində “çirkli bomba”dan (radioaktiv tərkibli bomba) istifadə etməyə hazırlaşdığına dair iddialarına cavab bəyanatında yer alan fikirlərdir.

Məlum olduğu kimi, oktyabrın 23-də Rusiya Müdafiə naziri Sergey Şoyqu yuxarıda adı çəkilən ölkələrin müdafiə nazirlərilə sıx telefon trafiki qurub. Onlarla yanaşı, Türkiyə Müdafiə nazirinə də zəng edən Şoyqu, guya Ukraynanın “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığını bildirib.

Lakin Şoyqunun həmsöhbətlərindən heç biri deyilənlərə inanmayıb və bu iddiaları rədd edərək, Rusiyanı “çirkli bomba” adı altında nüvə silahından istifadə etməkdən çəkinməyə çağırıb. Onlar Kremlin Ukraynada eskalasiyanı artırmaq üçün istifadə etmək istədiyi bəhanələri qəbul etməyəcəklərini bəyan ediblər.

Məlumat üçün qeyd edək ki, “çirkli bomba” ən sadə radioloji silah növüdür və kütləvi qırğın silahı hesab olunur. O, radioaktiv izotop konteynerindən və partlayıcı maddədən ibarətdir. Partlayış baş verdikdə izotop konteyneri dağılır və radioaktiv maddə zərbə dalğası ilə böyük əraziyə yayılır. Bu bombanı nüvə silahının ucuz variantı adlandıranlar da var. “Çirkli bomba” indiyə qədər sınaqdan keçirilməyib. Lakin SSRİ 1953-cü ildə radioloji silahların hazırlanması və müəyyən sınaqları ilə məşğul olub. Hətta başlığı radioaktiv maye ilə təchiz olunan “R-2” raketləri də istehsal edib. Lakin bu işlər və sınaqlar 1958-ci ildə dayandırılıb. Ondan sonra açıq mənbələrdə bu silahlara aid heç bir məlumata rast gəlinmir.

Bir çox mütəxəssislər “çirkli bomba”nın partlayışının təxminən Çernobıl AES-dəki qəza ilə eyni gücdə olduğunu, ona bənzər effekt verdiyini iddia edirlər. Lakin bu da həmin bombanın kütləsindən, ölçülərindən asılıdır. Qərbdəki politoloqların, siyasətçilərin, diplomatların və hərbçilərin əksəriyyəti bu fikirdədirlər ki, “çirkli bomba” bəhanəsi Kremlin növbəti şantaj vasitəsidir. Belə ki, Rusiya artıq dəfələrlə özü etməyə hazırlaşdığı hansısa hərbi cinayəti, həmin əməli törətməzdən əvvəl “xəbərdarlıq” edərək, guya Ukrayna tərəfinin belə bir addım atmağa hazırlaşdığına dair saxta bəyanatlar verib. Digər yandan bu, Rusiyanın heç də ilk şantajı deyil. Bundan öncə taxıl şantajı, təbii qaz şantajı, infrastruktur şantajı və hətta nüvə şantajına da əl atan Putin Rusiyası Ukraynada döyüş meydanındakı məğlubiyyətini kompensasiya etmək və rəsmi Kiyevi danışıqlar masasına oturtmaq üçün əlindən gələni etsə də, heç cür istəyinə nail ola bilmir. Onu da əlavə edək ki, yeni şantajlardan biri də Xerson vilayətində Dnepr çayı üzərindəki Kaxovka HES-in guya Ukrayna tərəfindən partladılacağına dair Rusiyanın saxta xəbərdarlığıdır. Elə “çirkli bomba” şantajı da əvvəlki şantajlar sırasında duran növbəti təzyiq vasitəsidir.

Ancaq belə görünür ki, nə Qərb, nə də Ukrayna Kiyevi danışıqlar masasına oturtmağa yönələn bu təzyiqin qarşısından qaçmaq fikrində deyil. Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib ki, Ukraynanın heç bir “çirkli bombası” yoxdur. Ümumiyyətlə, bütün dünya bilir ki, Ukraynanın nüvə silahı yoxdur. O, Budapeşt sazişinə əsasən nüvə silahından imtina edib və bu sazişə görə nüvə dövlətləri onun təhlükəsizliyinə təminat verib (Baxmayaraq ki, həmin saziş Ukraynaya heç nə vermədi). Ona görə də olmayan silahın tətbiqi ilə bağlı hansısa iddiaların səsləndirilməsi riyakarlıqdır və gülüncdür.

Volodimir Zelenski isə bildirib ki, hər kəs bu müharibədə təsəvvür edilə biləcək çirkli hər şeyin mənbəyinin kim olduğunu yaxşı bilir: “Əgər kimsə Avropanın biz olan hissəsində nüvə silahından istifadə edə bilərsə, bu, bir nəfərdən başqası deyil. O da yoldaş Şoyquya harasa zəng etməyi əmr edəndir”.

Putinin “çirkli bomba” şantajına ən qısa və dolğun cavabı isə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak verib: “Artıq çoxdandır ki, Rusiyadan heç kim qorxmur. Çünki onlar öz çöküşlərini durdurmaq üçün danışıqlar arzulayan zəif qorxaqlardır. Bunu bütün dünya görür. Danışıqlar olmayacaq!”

Hamısını Göstər

Related Articles

Back to top button