PAŞİNYAN RUSİYANIN TƏKLİFLƏRİNƏ RAZI OLDUĞUNU AÇIQLADI – Putinə “Valday”da dediklərini xatırlatdı.
“Rusiya tərəfinin dağlıq Qarabağla bağlı təklifi Ermənistan üçün məqbuldur”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Putinlə keçirdiyi ikitərəfli görüşdə bildirib.
Paşinyan deyib ki, Paris danışıqlarında Putinin rəsmi bəyanatlarına istinad edib.
Ermənistan Baş naziri Putinə “Valday”dakı çıxışını xatırladıb və onun Qarabağın gələcəyilə bağlı fikrinə müsbət yanaşdığını söyləyib. Belə ki, Putin həmin çıxışında Rusiyanın bu məslənin həllində strateji tərəfdaş olduğu üçün Ermənistanın mövqeyini əsas götürəcəyini bildirmişdi.
O, deyib ki, Ermənistan Rusiyanın təklif etdiyi baza prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulmasında maraqlıdır.
Paşinyan hətta həyasızlıq edərək Putinə deyib ki, Azərbaycan Qarabağda guya rus sülhməramlılarının məsuliyyət zonasındakı ərazilərə, həmçinin Ermənistan ərazisinə müdaxilə edib və İrəvan bununla bağlı Rusiyanın mövqeyini gözləyir.
Onu da qeyd edək ki, Rusiyanın “sülh müqaviləsi” variantında rus qoşunlarının daha 10-20 il Qarabağda qalması və məsələnin birdəfəlik həllinin qeyri-müəyyən müddətə qədər uzadılması nəzərdə tutur.
“Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.
***
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı N.Paşinyanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.