Donetskdə qızğın döyüşlər gedir – Xersondan əhalinin məcburi evakuasiyası güclənib.
Rusiyanın Ukraynada enerji obyektlərinə bir gün öncəki raket zərbələrindən sonra Kiyevə elektrik və su təchizatı bərpa olunub.
Bu barədə məlumatı Kiyevin meri Vitali Kliçko verib. Kliçko noyabrın 1-də səhər “Telegram”da paytaxta elektrik verilişinin də bərpa edildiyini yazıb.
Rusiya bir neçə həftədir Ukraynada enerji infrastrukturuna, mülki binalara raket, dron, artilleriya zərbələri endirir. Bu arada Ukrayna ölkənin şimal-şərqindən Rusiya qüvvələrini çıxararaq onları şərqə və cənub-şərqə sıxışdırır.
Prezident Volodimir Zelenski ötən gecə müraciətində deyib ki, Ukraynanın havadan müdafiə sistemləri yaxşı işləyərək hava məkanına atılan raketlərin çoxunu vurublar. Onun sözlərinə görə, ölkənin havadan müdafiə qabiliyyətini gücləndirmək prioritet olaraq qalır.
“Terrorçuların hədəfə aldığı obyektlərin çoxu xilas edilib. Təkcə bu səhər terrorçular bir kütləvi hücumda 55 qanadlı raketdən istifadə ediblər. Onların 45-i vurulub. Havadan müdafiəmizi gücləndirəcəyik”, – o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya raketlərinin hədəfə aldığı vilayətlərdə bərpa işləri davam edir. Rusiyanın səkkiz aydan çoxdur davam edən işğalı hədəflərinə çata bilmir, məğlub olma perspektivi güclənir deyə, Kreml Ukrayna xalqının iradəsini qırmaq üçün onu terror edir.
Rusiya bir neçə həftənin içində Ukraynanın enerji infrastrukturunun 40 faizindən çoxunu dağıdıb. Qış qabağı paytaxt Kiyevdə, digər yerlərdə elektrik təchizatında fasilələr yaranıb.
Ukraynanın şərqi Donetsk vilayətində, Baxmut şəhəri yaxınlığında qızğın döyüşlər gedir. Baş Qərargahın noyabrın 1-də yaydığı məlumatda deyilir ki, Rusiya Donetskdə 50-dən çox yaşayış məntəqəsinə zərbə endirib.
Rusiya həmçinin işğal etdiyi Xerson vilayətindən ukraynalıların məcburi evakuasiyasını genişləndirir. Xersona Rusiyanın təyin etdiyi başçı Vladimir Saldo oktyabrın 31-də deyib ki, daha yeddi rayondan sakinlər köçürüləcək.
Ukrayna ordusu Rusiya əsgərlərinin Kaxovkada əhalisi köçürülmüş yaşayış məskənlərini minaladığını bildirib.