Şirvan şəhəri S.Hüseynov adına 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəhbərliyi, Şəhər Prokurorunun müavini, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və digərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Bildirilib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlərdən görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmalı, dərhal müəllimlərinizə, valideynlərinizə və polisə məlumat verməlisiniz.
Bundan əlavə, Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.