Nüvə raketləri ilə silahlanmış ABŞ bombardmançıları yenə Rusiyaya doğru şığıdı
ABŞ strateji nüvə bombardmançıları növbəti dəfə Rusiya sərhədləri yaxınlığında görünüb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə bombardmançılar nüvə raketləri ilə silahlanıblar və Ukrayna hava məkanından istifadə etməklə ilhaq edilmiş Krım yaxınlığında manevrlər ediblər.
“İnterfaks” agentliyinin bildirdiyinə görə, B-52H Stratofortress strateji bombardmançıları ötən gün sentyabrın 14-də Krım yarımadasından qərbdə uçuşlar keçiriblər. Qərb aviaresurslarından götürülmüş məlumatlara əsasən bombardmançılar Böyük Britaniyadakı Ferfold aviabazasından havaya qalxıblar. Onlar Ukrayna hava sahəsindən keçiblər və Odessa vilayəti üzərindən Qara dənizə keçiblər, oradan isə Krıma doğru kurs götürüblər. Bombardmançıların Krım yaxınlığında uçuşu təxminən 10 dəqiqə çəkib. Eyni zamanda Qara dəniz üzərində, Rusiya hava hüdudları yaxınlığında Böyük Britaniya Hərbi Hava Qüvvələrinin iki Sentinel R.1. kəşfiyyat təyyarəsi dövrə vururdu. “Julia51” və “Julia53” kod adlı təyyarələr bir saatdan çox Azov dənizi sahilləri boyu uçaraq kəşfiyyat aparıblar.
Hərbi mütəxəssislər qeyd edirlər ki, Böyük Britaniya təyyarələri ola bilsin Rusiyanın S-400 zenit-raket komplekslərinin radarlarının işini pozmağı məşq edirdi. Bu, ABŞ bombardmançılarının Rusiyaya nüvə zərbələrinə şərait yaratmaq məqsədi güdürdü.
Digər məlumata görə təxminən eyni saatlarda Rusiyanın Tu-160 strateji nüvə bombardmançıları Skandinaviya yarımadası üzərindən keçərək Böyük Britaniya hava sərhədlərinə yaxınlaşıb, bu ölkə ərazisindəki strateji obyektlərə raket zərbələrini məşq edib.
Xatırladaq ki, son həftələrdə ABŞ strateji bombardmançıları Krım istiqamətində Rusiya sərhədləri yaxınlığında tez-tez uçuşlar həyata keçirir.