Türkiyə Rusiyanın təklifini qəbul etdi?
Keçirilən görüş kritik mərhələnin başlanğıcıdır. Türkiyə ətrafında sülh olması, qonşu ölkələrin terror yuvasına çevrilməməsi üçün çalışır. Keçirilən görüşlərin də məqsədi budur.
Bu sözləri Axar.az-a Türkiyənin milli müdafiə naziri Hulusi Akar və MİT rəisi Hakan Fidanın Moskvada rusiyalı və suriyalı həmkarları ilə keçirdiyi görüş haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Polkovnik Rusiya və Suriyanın səmimi olacağı təqdirdə bölgədə təhlükəsizliklə bağlı mühüm işlər görüləcəyini qeyd edib:
“Görüşün keçirilməsi ilə bağlı təklif Rusiyadan gəldi. Əlbəttə ki, dövlətimizin Suriyanın şimalında keçirəcəyi antiterror əməliyyatının planı hazırdır, lakin bununla bərabər, görüş zamanı fikir mübadiləsi aparmaqda da fayda var. Türkiyə Rusiyanın təklifini qəbul etdi, eyni zamanda görüşlərin ən aşağıdan yuxarıya doğru mərhələ-mərhələ gerçəkləşdirilməsinin vacibliyini bildirdi. Proses sürətlə nazirlər səviyyəsinə doğru irəlilədi. Görüşdən sonra üçtərəfli komissiyanın da qurulması elan olundu. Əgər Rusiya və Suriya səmimiyyətlə və doğru hərəkət etsə, fikrimcə, böyük nəticələr qazanmaq mümkün olacaq. Eyni zamanda nazirliklər və kəşfiyyat orqanları arasında müəyyən informasiya mübadiləsi nəticəsində ortaq fəaliyyət planları da müzakirə oluna bilər. Lakin ABŞ-ın və bir sıra Avropa dövlətlərinin, həm də İranın belə bir yaxınlaşmaya qarşı olduğunu bilməkdə fayda var. Sözügedən mərkəzlər Suriyadakı rejimə Türkiyə ilə yaxınlaşmaması üçün təzyiqlər göstərir və kirli oyunlar oynayır. Amma bir nəticə əldə edə biləcəklərini düşünmürəm”.