FRANSADAN ERMƏNİSTANA YAR OLMAYACAQ…
Ermənistanın indiki hakimiyyətinin bir növ Rusiya ilə Qərb arasında “haça-paça” vəziyyətində qaldığı artıq çoxdandır ki, sirr deyil. Hakimiyyətə gələndə Ermənistanı ən azı Gürcüstan qədər Rusiyadan müstəqil və Qərbə meylli ölkəyə çevirəcəyinə ümid edən və buna dair hansısa dairələrə söz verdiyi az şübhə doğuran Nikol Paşinyan 2020-ci ildəki 44 günlük müharibə nəticəsində olduqca çətin duruma düşdü.
Ancaq bununla yanaşı, müharibədəki məğlubiyyət Paşinyanın Qarabağ “yükündən” azad olması üçün də münbit şərait yaratdı. Çünki belə bir şəraitdə Ermənistan Baş naziri üzünü daha cəsarətli şəkildə Qərbə çevirmək imkanı qazandı və bu işdə o, əsas himayədarı və dayaq yeri kimi Fransaya güvəndiyini gizlətmədi. Hətta İrəvanda KTMT-dən çıxmaq barədə çağırışlar səslənməyə başladı.
Lakin hadisələrin gedişi göstərir ki, Paşinyanın arxalandığı Paris onun ümidlərini doğrultmaq iqtidarında deyil və Fransanın Ermənistana dəstəyi Türkiyəni, Rusiyanı, Qafqaz dağlarını və s. aşaraq, sahədə ona hansısa real üstünlük qazandıracaq səviyyədə deyil və ola da bilməz…
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Fransa Prezidenti Emmanuel Makronla Baş nazir Nikol Paşinyan arasındakı müzakirələrə dair maraqlı məlumat yayılıb. Xəbərdə deyilir ki, Fransa Prezidenti Paşinyana Ermənistanın KTMT-dən çıxmasını məsləhət görməyib. Bunu Paşinyan özü Ermənistanın xarici ölkələrdəki səfirlərilə görüşdə bildirib. Baş nazir səfirlərə deyib ki, Makron ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Çünki “Paris Ermənistanın təhlükəsizliyinə dair təminatı öz üzərinə götürə bilmır”.
Maraqlıdır ki, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun dediyinə görə, ABŞ-ın Dövlət katibi Entoni Blinken də Ermənistan rəhbərliyinə eyni məzmunlu mesaj göndərib. Yəni, o da Ermənistana KTMT-dən çıxmamağı məsləhət görüb.
Böyük ehtimalla, Fransa və ABŞ-ın Paşinyana xəbərdarlıqları sadəcə, Azərbaycanla mümkün hərbi qarşıdurmanın Ermənistan üçün acı perspektivlərilə bağlı deyil. Bu, daha çox KTMT-dən çıxacağı təqdirdə, Paşinyanın Rusiya tərəfindən devrilməsi perspektivlərilə bağlı ola bilər. Çünki Ermənistanın Rusiyanın baş rolda olduğu yeganə beynəlxalq səviyyəli hesab olunan hərbi blokdan çıxması onsuz da Ukraynadakı durum səbəbindən başını itirmiş və aqressivləşmiş Kremlin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmasına səbəb olacaq.
Ermənistanın indiki hakimiyyətinin 44 günlük müharibədəki məğlubiyyətə və ondan sonra Azərbaycanla sərhəddə baş verən məlum hadisələrə görə məsuliyyəti hər nə qədər Rusiyanın üzərinə atmasına, bu yöndə geniş təbliğat aparmasına baxmayaraq, Ermənistanda Rusiyanın dəstəklədiyi məlum qüvvələr hələ də güclüdür. Hətta Laçın yolunda azərbaycanlı fəalların məlum aksiyası fonunda həmin revanşist qüvvələrin daha da aktivləşdiyi nəzərə çarpır. Onlar yaranmış vəziyyətə görə Paşinyanı günahlandırırlar və onun həm 10 noyabr sazişini imzalayarkən, həm də sonrakı dövrlərdə Ermənistanın maraqlarına xəyanət etdiyi üçün bu durumun yarandığını bildirirlər.
Bütün bunlar gerçəkdən də Paşinyan hakimiyyətinin qeyri-müəyyən və mürəkkəb durumda olduğuna dair qənaət yaradır. Bu “haça-paça vəziyyəti” Ermənistanın xarici ölkələrdəki səfirləri arasında da özünü göstərməyə başlayıb. Belə ki, Rusiyadakı və Ukraynadakı Ermənistan səfirləri arasında Ukraynada davam edən müharibəyə münasibətdə qalmaqal baş verib. Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Nikol Paşinyanı Ukraynanı dəstəkləməyə çağırıb və bildirib ki, “Ukraynanın qələbəsi bir neçə ayın məsələsidir”. Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutunyan isə həmkarına sərt şəkildə cavab verib və hətta onu “xəstə” adlandırıb: “Xahiş edərdim ki, burda xəstələr çıxış etməsin. Rusiya heç bir halda məğlub olmayacaq. Hətta hadisələr bu istiqamətdə gedəcəyi təqdirdə o, nüvə silahı tətbiq edəcək”. Göründüyü kimi, Ermənistanın diplomatik korpusunda da qeyri-müəyyənlik, parçalanma var və bu, artıq az qala “xoruz döyüşü” səviyyəsinə qalxıb…
Bütün bunlar bir tərəfdən Ermənistan hakimiyyətinin qibtə edilməyəcək durumda olduğunu göstərirsə, digər yandan da Azərbaycanın işğalçı dövlətlə danışıqlar prosesini çətinləşdirir. Çünki nə istədiyini, hara getdiyini, hansı yolu seçməli olduğunu özü müəyyən etməyən və edə bilməyən bir oyuncaq dövlətlə hansısa ortaq məxrəcə gəlmək, sülh bağlamaq, normal qonşuluq münasibətləri qurmaq asan məsələ deyil…