Azərbaycandan Pakistana dəstək.

Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.

Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə AR Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.

Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.

2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub, beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib. Dünya Bankı Qrupunun hesablamalarına görə həmin daşqınların nəticəsi olaraq, təqribən 9 milyon insan yoxsulluğa düçar ola bilər. Pakistan BMT sistemi, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi ilə Fəlakət Sonrası Ehtiyacların Qiymətləndirilməsi Planını hazırlayıb və daşqınların törətdiyi zərərin 14,9 milyard, iqtisadi itkilərin 15,2 milyard, yenidənqurma ehtiyaclarının isə 16 milyard ABŞ dollarını keçdiyini müəyyən edib. Yenidənqurma, reabilitasiya, bərpa və davamlılıq çərçivəsinin (4RF) əsasını təşkil edən plan dolanışığın və kənd təsərrüfatının canlandırılması, özəl yaşayış evlərinin yenidən qurulması, ictimai infrastrukturun bərpası və yenidən inşa edilməsi kimi əsas prioritetləri müəyyənləşdirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button