Kreml Paşinyanı cəzalandırmaq fikrindədir…
Məhəmməd Əsədullazadə: “Azərbaycanla Ermənistan arasında sülh prosesinin dalanda qalması Putinin maraqlarına cavab verir”
“Azərbaycan tərəfi Xankəndi-Laçın yolunda etiraz aksiyasından geri çəkilməməli, sona qədər mübarizə apararaq ekoloji postu təsis etməlidir”
Elxan Şahinoğlu: “Gümrü şəhərində keçirilən aksiyanın iştirakçıları Paşinyanın düşündüyünü dilə gətiriblər”
Şahin Cəfərli: “Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir”
Zaur Məmmədov: “Azərbaycanla vəziyyəti gərginləşdirməkdə xüsusi marağı olan Vardanyan faşizmin Qarabağdakı erməni əhalisi arasında baş qaldırmasına hər cür səy göstərir”
Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, eko-fəalların, eyni zamanda media təmsilçilərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Xankəndi-Laçın yolunda başlatdıqları etiraz aksiyası 30 gündür ki, davam edir. Lakin hələ də onların haqlı tələbləri yerinə yetirilməyib. Nəzərinizə çatdıraq ki, sözügedən yol humanitar məqsədlər üçün açıq olsa da, özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş Ruben Vardanyan və erməni diasporu dinc aksiyanı “blokada” və “genosid” kimi uydurma iddialarla təqdim etməyə çalışır. Bununla bağlı axar.az-da yer alan məlumata görə, rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, yanvarın 9-dan etibarən beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini “blokada” və “soyqırım”da ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədirlər. Korotçenko əlavə edib ki, ekspertlərin hesablamalarına görə, ilk mərhələdə planlaşdırılan antiazərbaycan informasiya kampaniyasının büdcəsi 50 milyon dollar təşkil edəcək.
Bu arada, onu da qeyd edək ki, Azərbaycanın Qarabağda iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların lideri Araik Arutyunyan Vitali Balasanyanı “təhlükəsizlik şurası” katibliyindən azad edib. Onun yerinə isə general-mayor Ararat Melkumyan “təyin olunub”. Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş Ruben Vardanyan isə öz növbəsində, bütün imkanlardan istifadə etməklə Xocalı aeroportunun açılmasına çalışır. Vardanyan bildirib ki, hazırda hava dəhlizinin açılması Qarabağ erməniləri üçün vəziyyəti kökündən dəyişə biləcək yeganə həll yoludur. Lakin o, bir məqamı unudur ki, Xocalı aeroportunun açılıb-açılmaması məhz rəsmi Bakının verəcəyi qərardır.
“Yalnız ABŞ prosesi apara bilər, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara İrəvana təzyiq edə bilər”
Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Xankəndi-Şuşa yolunda etiraz aksiyasının 30 gündür davam etməsinə baxmayaraq, Ermənistan və Rusiya tərəfinin geri addım atmadığını vurğulamaqla yanaşı, bunun Kremlin separatizmin inkişafında maraqlı olduğunu və Azərbaycanın etnik ermənilər üzərində suverenliyinə imkan vermək istəmədiyini sübuta yetirdiyini bildirib: “Ermənistan isə öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını nümayiş etdirir. Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah-sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı ermənilərə təminat daşımaq kimi nə öhdəliyi, nə də vəzifəsi var. Onların mütəmadi maşın kolonunun keçməsi isə əsaslı şübhələr yaradır”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, məhz buna görə də Azərbaycan tərəfi Xankəndi-Laçın yolunda etiraz aksiyasından geri çəkilməməli, sona qədər mübarizə apararaq ekoloji postu təsis etməlidir: “Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton prosesi davam etdirməkdə və sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da, prosesin dalanda qalması onun maraqlarına cavab verir. Brüssel formatına gəldikdə, burada əsas pozuculuq fəaliyyəti Fransa edir. Odur ki, yalnız ABŞ prosesi apara bilər, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara İrəvana təzyiq edə bilər”.
Politoloq sonda onu da əlavə edib ki, 2023-cü ilin may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq: “Düşünürəm ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanmasıyla Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq”.
“Rusiyadakı dairələr Balasanyandan lazımi məqamlarda Paşinyana və Arutunyana qarşı istifadə edəcəklər”
Laçın yolundakı etiraz aksiyasının birinci ayına yaxınlaşdığını xatırladan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların sözügedən aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, atılan bütün addımlar, hətta Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticəsiz qalıb.
Vitali Balasanyanın “təhlükəsizlik şurası” katibliyindən azad edilməsinə gəlincə, politoloq bildirib ki, o, erməni separatçıları arasında “əmrə” tabe olmayanlardandır: “İddialı Balasanyan Qarabağ separatçılarının lideri olmaq istəyirdi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə “lider” kürsüsünə Araik Arutunyan otuzduruldu. Ancaq Balasanyanın bekar qalmaması və Araik Arutunyana mane olmaması üçün onu separatçıların “təhlükəsizlik şurasının katibi vəzifəsinə təyin” etdilər. Balasanyan 2020-ci ilin müharibə dövründə ortada yox idi. Balasanyan müharibə bitdikdən sonra yenidən peyda oldu və elə həmin dövrdən başlayaraq onunla Araik Arutunyan arasında fikir ixtilafı barədə xəbərlər yayılmağa başladı. Balasanyan Paşinyanın rəqibi Robert Köçəryanın kadrıdır. Balasanyan bir neçə dəfə açıq şəkildə Paşinyanı tənqid etmişdi. Digər tərəfdən, Ruben Vardanyanın Moskvadan gətizdirilib Xankəndidə Balasanyana “rəhbər” təyin edilməsi də ikincinin narazılığına səbəb olub. Bu vəziyyətdə Arutunyan-Vardanyan cütlüyü Balasanyanı “vəzifəsindən” kənarlaşdırmağa üstünlük verdilər”.
Elxan Şahinoğlunun sözlərinə görə, Robert Köçəryanın dostu olan Vitaliy Balasanyanın Rusiyanın hərbi dairələri ilə sıx əlaqələri var: “Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbərliyi Balasanyanla dialoq içindədir. Separatçıların “təhlükəsizlik şurasının katibi vəzifəsinə” Ararat Melkumyan “təyin” olunub. Rusiya hərbi kontingentinin komandanlığı yeni “katiblə” təmas qursalar da, Balasanyanın simasında köhnə kadrlarını da unutmayacaqlar. Rusiyadakı dairələr Balasanyandan lazımi məqamlarda Nikol Paşinyana və Araik Arutunyana qarşı istifadə edəcəklər. Separatçılar arasındakı “yerdəyişmələrin” Azərbaycana dəxli olmasa da, nəzarətimizdən kənardakı bölgəni diqqətdə saxlamağa məcburuq. Separatçılar arasında fikir ixtilafları müharibənin ermənilər üçün ağır nəticəsinə və Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir. Demək, əlimizdəki alətlərdən istifadə etməliyik”.
“Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyaya gəlincə, politoloq qeyd edib ki, Nikol Paşinyan polisə aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə guya aksiya ilə əlaqəsi olmadığını göstərmək istəyib: “Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq: “Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”.
“Moskva Bakını Vardanyanla üz-üzə qoyur, belə vəziyyətdə isə dialoqun baş tutması qeyri-mümkün görünür”
Siyasi şərhçi Şahin Cəfərli isə bu qənaətdədir ki, Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir: “Qarabağda Ruben Vardanyan ətrafında aparılan təmərküzləşmə və onun Rusiyanın faktiki nəzarətindəki ərazidə tək adam rejimi qurması da diqqətdən kənarda qalmamalıdır. Yerli ermənilər arasında nüfuza malik olan Vitali Balasanyanın uzaqlaşdırılması bu prosesin tərkib hissəsidir. Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir. Balasanyan sırf hüquqi baxımdan – Azərbaycan qanunvericiliyi nöqteyi-nəzərindən cinayətkar olsa da, azərbaycanlılarla ünsiyyət, hətta dostluq təcrübəsi yaşamış, dilimizi bilən, qeyri-rəsmi səviyyədə dialoq qurula biləcək Qarabağ ermənilərindən biri idi. Onu kənarlaşdırmaqla Moskva Bakını Vardanyanla üz-üzə qoyur, belə vəziyyətdə isə dialoqun baş tutması qeyri-mümkün görünür”. Siyasi şərhçi hesab edir ki, Laçın dəhlizində davam edən aksiya da Moskvanı narahat etmir: Çünki konfrontasiya və düşmənçiliyin davam etməsi görüntüsü yaradır ki, bu da dünyanın gözündə Rusiyanın Qarabağdakı mövcudiyyətini daha önəmli hala gətirir”.
“Azərbaycan və ermənilər arasında dialoqun başlanmasında maraqlı olmayan qüvvələr Ruben Vardanyanı bölgəyə gətirdilər”
Qarabağdakı separatçılar arasında gərgin anların yaşandığını vurğulayan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, Vardanyanın Qarabağa gəlişindən sonra Balasanyan və Arutunyan arasında iplər daha da qırılıb: “5 aya yaxındır ki, Xankəndidə əyləşən separatçı liderlər arasında ciddi şəkildə münaqişə baş qaldırmaqdadır. Sirr deyil ki, hazırki vəziyyətdə Vardanyan, Arutunyan, Balasanyan əsas fiqurlar kimi arxalarında müəyyən mafioz qruplara hakimlik etməkdədirlər. Vardanyanın Qarabağa gəlişindən sonra Balasanyan və Arutunyan arasında iplər daha da qırılıb. Artıq məlum olub ki, Vardanyan və Arutunyan hansılar ki, əslində separatizmin vaxtilə baş qaldırmasında və bu illər ərzində inkişaf etməsində Balasanyandan fərqli olaraq rol oynamayıblar, ikincini “hakimiyyət kürsüsündən” qovublar. Yeri gəlmişkən, Vardanyanın gəlişi ərəfəsində vaxtilə Azərbaycana qarşı sərt ritorikası ilə seçilən Vitali Balasanyan həqiqəti qəbul etməyə sanki qismən başlamaqda idi. Tərəflər arasında müəyyən təmaslarda məhz Balasanyan iştirak etmişdi. Əlbəttə ki, Azərbaycan və ermənilər arasında dialoqun başlanmasında maraqlı olmayan qüvvələr Araik Arutunyanın Balasanyan və bəzi digər qrupların öhdəsindən gələ bilməyəcəyini, sonunda Araikin də Bakının şərtlərini qəbul etməli olacağını başa düşdüklərindən B variantına əl ataraq Ruben Vardanyanı bölgəyə gətirdilər”.
Politoloqun fikrincə, Balasanyanın kreslodan qovulması Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə erməni separatçıları arasında bütün rıcaqları əlinə almasının göstəricisidir: “Ağdərəli Balasanyanın xocavəndli Ararat Melkumyan ilə əvəz olunması gözlənilən idi. Araik Arutunyanın özü də məhz Hadrut-Xocavənd klanını təmsil edir. Beləliklə, Xankəndi, Ağdərə, Xocavənd klanları arasında soyuq küləklər əsdiyi bir vaxtda Vardanyanın başçılığı altında separatçıları əsl soyuq düş gözləməkdədir. Hadisələr onu deməyə əsas verir ki, Vardanyan Azərbaycanla vəziyyəti gərginləşdirməkdə xüsusi olaraq maraqlıdır. Məhz onun gəlişi ilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin müzakirəsi faktiki olaraq donduruldu, yerli ermənilər arasında dialoq dayandırıldı”.
Qarabağda yaşayan ermənilərin hüquqların müdafiəsi kampaniyasına start verildiyini deyən Bakı Politoloqlar Klubunun rəhbəri sonda onu da əlavə edib ki, Fransanın bir qrup hüquq müdafiəçisinin fikrincə, Vardanyanın apardığı siyasi kurs təkcə sülhü deyil, eyni zamanda, onsuzda ağır vəziyyətdə olan yerli sakinlərin hüquqlarını sual altında qoyur: “Eyni zamanda, onlar Vardanyanı Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edirlər. Qeyd edim ki, Vardanyan azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkün olmadığını qeyd edir və faşizmin yerli erməni əhalisi arasında baş qaldırmasına hər cür səy göstərir”.