“Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə sahibkarlar məlumatlandırılıb
Yanvarın 23-də xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə daha bir görüş Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, məqsəd sahibkarları “Şəxsi hesab vərəqəsi” elektron xidməti haqqında geniş məlumatlandırmaq olub.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Anar Cahangirov “Şəxsi hesab vərəqəsi” elektron xidmətin əhəmiyyətindən danışıb, pilot variantda istifadəyə verilən yeni elektron xidmətin biznes fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev son dövrlərdə Komitə tərəfindən tətbiq edilən yeni layihələr və “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı geniş təqdimatla çıxış edib. Qeyd edilib ki, “Şəxsi hesab vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına, maliyyə-uçot sisteminin düzgün qurulmasına imkan verir.
Tədbirdə “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı videoçarxlar da nümayiş olunub.
Dövlət Gömrük Komitəsinin əməkdaşları sözügedən elektron xidmətindən istifadə qaydalarını canlı olaraq izah ediblər.
Sonda sahibkarların və gömrük təmsilçilərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.