“ŞEİRİM”-GÜNÜN ŞEİRİ
Yaş ötüb, ayılıb görürsən bir vaxt
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq
Ömrünün şikayət misralarıdır…
Tələsik qələmi alırsan ələ,
Ürək də titrəyir əllərin kimi.
Lakin görünürsən Vətənə, elə
Sən də yazılmamış əsərin kimi.
Bəzən quşa dönür saat da, an da.
Axşam gəzdiyini səhər tapırsan.
Elə də olur ki, baxtın tutanda
Daş axtaran yerdə gövhər tapırsan.
Kainat deyimmi mən şerə, sözə!–
Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar…