Sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatına xidmət edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Xalq qəzeti”nə eksklüziv müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:

– Cənab nazir, 2023-cü ilin ilk günlərindən Azərbaycanda yeni sosial islahat mərhələsinə start verildi. Bu islahat paketinin bir istiqaməti olan əməkhaqqı artımı nə qədər insanı əhatə edir?

– Bildiyiniz kimi, dünya böhran və inflyasiyanın yeni dalğasına məruz qaldığı bir vaxtda Azərbaycan sosial dövlət olaraq yeni islahat paketi ilə öz vətəndaşına dəstək olduğunu bir daha təsdiq etdi. Prezident İlham Əliyevin bu günlərdə yerli telekanallara müsahibəsində bəyan etdiyi kimi, “Biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək”.

2023-cü il cənab ­Prezidentin imzaladığı fərman və sərəncamlarla əməkhaqqı və sosial ödənişlərdə növbəti artımları təmin edən yeni və son beş ildə artıq dördüncü sosial islahat paketinin icrası ilə başlandı. Baxmayaraq ki, ölkəmiz zəfərlə başa vurduğu bir müharibədən çıxıb, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialını daha da gücləndirmək üçün bütün imkanlar səfərbər edilib, dövlət başçısı tərəfindən yenə də sosial sahəyə xüsusi diqqət ayrıldı.

Son beş ildə icra olunan,  4 milyon insanı əhatə edən əvvəlki 3 islahat paketi üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı. Yeni, 4-cü sosial paket 1,9 milyon insanı əhatə edir, əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq illik 750 milyon manat ayrılıb.

Yeni sosial islahatlar üzrə cənab Prezidentin sərəncamı ilə minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqı artımı 19 pilləli vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artıma səbəb olacaq. Yəni, yalnız 345 manatdan aşağı məbləğdə deyil, bu məbləğdən yuxarı əməkhaqqı alanların da maaş artımı baş verəcək. Bu cədvəlin ilk pilləsindəki maaş 300 manat idi, yeni artımla artıq 345 manata çatdırılır, sonrakı pillələrdəki maaş göstəricilərində də artımlar olacaq. Minimum əməkhaqqı artımı 700 min işçini əhatə edir, dövlət büdcəsindən bu artım üçün illik əlavə olaraq 440 milyon manat vəsait ayrılıb. 

Son 5 ildə ardıcıl sosial islahatlar nəticəsində minimum əməkhaqqında 2,7 dəfə artıma nail olunub, 130 manatdan 345  manata çatıdırılıb. İmzalanan digər sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları da 2023-cü il yanvarın  1-dən orta hesabla 15 faiz artırılıb.

– Yeni müavinət və təqaüd artımları hansı istiqamətləri əhatə edir, yəni kimlərin sosial ödənişləri 2023-cü ilin əvvəlindən artırılıb?

– Yeni fərman və sərəncamlarla 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün  600 manat, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının pozulması faizlərinə görə 500 (1-ci dərəcə), 400 (2-ci dərəcə), 330 (3-cü dərəcə) manat,  ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faizinin pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 300 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faizi pozulmasına görə  əlilliyi olanlar üçün isə 200 manat müəyyənləşdirilib.

2018-ci illə müqayisədə Prezident təqaüdünün məbləği şəhid ailələri üçün 2,5 dəfə, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 dəfəyə yaxın, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslər üçün 2 dəfə artıb. Təqaüdlə yanaşı, əlilliyi olanların müavinətləri orqanizmin funksiyalarının pozulma faizinə görə 270,  220 və 150 manata çatdırılıb.

Əlilliyi olan şəxslərin bu təqaüd və müavinətləri ilə yanaşı, onlardan orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə 2019-cu ildə Prezidentin aylıq təqaüdü təsis olunmuşdu ki, həmin təqaüd də ötən dövrdə artıq iki dəfə artırılaraq 100 manata çatdırılıb.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 76 faiz, son beş ildə isə 4,6 dəfə artımla 500 manata, dəfn üçün birdəfəlik müavinət 42,9 faiz, son 5 ildə isə 3,4 dəfə artımla 500 manata çatdırılıb. Həmçinin beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 50 faiz, son beş ildə isə 3,2 dəfə artımla 105 manata çatdırılıb. Ünvanlı sosial yardım alan ailələrə sosial yardımla bərabər, həmin ailədə 1 yaşadək uşaq olduqda, həmin uşağa görə də əlavə olaraq müavinət təyin edilir. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət də 43 faiz, son 5 ildə isə 2 dəfəyə yaxın artırılaraq 100 manata çatdırılıb. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərin hər il müalicə üçün birdəfəlik müavinət 26,6 faiz artırılaraq 300 manat olub. Yaşa görə müavinət də son beş ildə 3 dəfə artırılaraq yeni islahatla artıq 220 manata çatdırılıb.

 Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü 330 manat, ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 120 manat, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 500 manat, fəlsəfə doktorları üçün  300 manat, “Xalq” fəxri adına görə  təqaüd 200 manat, “Əməkdar” fəxri adına görə 150 manat, Prezidentin fərdi təqaüdü 1500 manat müəyyənləşdirilib. Bu ödənişlərdə də son beş il ərzində ciddi artımları edilib. Məsələn, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü 2021-ci ilin əvvəlindən təsis olunub və artıq iki ildən sonra bu təqaüdün məbləğində 2,5 dəfə artım baş verib.

Yeni müavinət və təqaüd artımları 660 min nəfəri əhatə edir, eyni zamanda 150 minədək doktorant və tələbənin də təqaüdlərində artımlar edilib. Yəni, müavinət və təqaüd artımı 810 min insanı əhatə edib.

Digər sosial ödəniş artımı əlilliyi olan 18 yaşadək uşaqlarla bağlıdır: beş il əvvəl həmin uşaqlara yalnız 82 manat məbləğində sosial müavinət ödənilirdi. Dövlət başçısının tapşırığı ilə aparılan sosial islahatlar onlara yönələn ödənişlərin ciddi artımına imkan verdi. Belə ki, həmin uşaqlara qulluq edənlər üçün 2019-cu ildə  Prezidentin aylıq təqaüdü təsis edildi və müavinətləri də artırıldı. Sonrakı islahatlar və yeni islahat çərçivəsində həm onların müavinətində, həm də qeyd olunan təqaüddə artımlar davam etdirildi. Bu gün artıq əlilliyi olan 18 yaşadək uşaqlardan orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olanlara həm 270 manat müavinət, həm 200 manat (gözdən əlilliyi olanlar üçün 300 manat) təqaüd, həm də onlara qulluq edənlər üçün 100 manat təqaüd təyin olunur, yəni bu istiqamət üzrə sosial ödəniş 570 manata (gözdən əlilliyi olan 18 yaşadək şəxslər üçün 670 manata) çatıb. 2018-ci illə müqayisədə bu sahədə 7 dəfə, gözdən əlilliyi olan 18 yaşadək şəxslərlə bağlı isə 8,2 dəfə artım baş verib.

 – Son 5 ilin artıq dördüncü sosial islahat paketi icra olunur. Əldə olunan nəticələr, sosial uğurlar barədə məlumat vermənizi istərdik.

 – Ümumilikdə, son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqında 2,7 dəfə artım baş verib. Yeni sərəncamla minimum pensiyanın da 280 manata çatdırılması nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən  2,5 dəfə artım deməkdir. 2018–­2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiyada 80 faiz artıma nail olunub. Təbii ki, bu göstəricilər cari ilin əvvəlinə olanlardır, yeni artımlarla bu il həmin orta aylıq göstəricilərdə növbəti artım olacaq.

2018–2022-ci illərdə pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Bu ödənişlər hər il artımla özünü göstərir, məsələn, pensiya üzrə ödənişlərə ötən il 2021-ci ilə nisbətən 361 milyon manat çox olmaqla 4 milyard 948 milyon manat yönəldilib.

2018-ci illə müqayisə etdikdə sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait o zaman 300 milyon manat idisə, artıq həmin məbləğ 1,5 milyard manatı ötür, bu da həmin vəsaitlərdə 5 dəfədən çox artım deməkdir. Qeyd olunan dövrdə 10-dan çox yeni sosial ödəniş növü də təsis olunub.

Digər tərəfdən, məşğulluq imkanlarının artırılması davamlı xarakter alıb. Təkcə ötən il məşğulluq orqanları vasitəsilə 40 min və həmçinin ilkin peşə hazırlığı olmayan işsiz və işaxtaranların məşğulluq imkanlarına yiyələnməsində önəmli rola malik “İşsizin dostu” ödənişli ictimai işlər proqramı üzrə də 52 min şəxsin məşğulluğu təmin olunub, 16 min 100 nəfər özünüməşğulluq proqramına, 4 min 600 şəxs  peşə hazırlığına, 70 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub.

Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə 15 dəfə artıb. Cənab Prezidentin bildirdiyi kimi, “Özünüməşğulluq proqramı kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq”.

2022-ci ildə daha 16,1 min şəxs bu proqrama cəlb olunaraq onlar üçün kiçik bizneslər yaradılıb. Bu il də  proqrama ən azı 15 min şəxsin cəlb olunması nəzərdə tutulur. Dünya Bankı ilə birgə icra etdiyimiz “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də bu il davam etdiriləcək.

2018–2022-ci illərdə əmək müqavilələrinin sayında da 33 faiz artım olub.  Ötən il də əmək müqavilələrinin sayı 62 min və ya 3,7 faiz artaraq 1 milyon 746 min 309-a çatıb. Bu müsbət proseslər, habelə əməkhaqqı islahatları əməkhaqqı fondunda da 2018–2022-ci illərdə 2,3 dəfə artıma imkan verib. Təkcə ötən il bu artım 21 faiz olub.

– Bu ilin əvvəlindən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün hansı işlər aparılıb?

– Pensiyaçıların sosial mü-dafiəsi aparılan sosial ­islahatların əsas istiqamətlərindən biridir.  Qeyd etdiyim kimi, minimum pensiya 2018-ci ilə nisbətən  2,5 dəfə artırılmaqla 280 manata çatdırılır. 2018–2022-ci illərdə orta aylıq pensiyada isə 80 faiz artım baş verib. Pensiyaçılara 2022-ci ilin əvvəlindən maddi yardım, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və bu kimi kateqoriyadan olanlara 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənildi və həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrıldı. Bu il isə həmin maddi yardımlar onların pensiyalarının tərkibinə daxil edilməklə pensiyaları artırılıb.

Yeni qanunla  bu ilin əvvəlindən bütün pensiyaların artımı üzrə vahid indeksasiya metoduna keçilib və bütün növ pensiyalar indeksləşdirilərək artırılacaq. Həmçinin vətəndaşların pensiya kapitalının ötən il üzrə istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq.

Ümumilikdə, bu il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilin müvafiq göstəricisinə  nisbətən 650 milyon manat çoxdur.
2023-cü ildə pensiyaların orta aylıq məbləği ötən ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləği isə 14,5 faiz çox olmaqla 456 manat olacaq.

Həmçinin son 4 ildə pensiya sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb və  2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilir. Həmçinin erkən pensiya hüququ olan kateqoriyaların sırası daha da genişləndirlib.

 – Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlarla bağlı postmüharibə dövründə geniş sosial dəstək proqramı icra olunub. Xüsusilə, onların mənzillə təminatı, müharibədə əzalarını itirən hərbçilərin reabilitasiyası sahəsində görülən işləri qeyd etməyinizi istərdik.

– Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. İcra olunan bu dəstək paketi çərçivəsində onlardan 102 min şəxsə 114 min aylıq sosial ödəniş təyin olunub. 16 min 800 nəfərə birdəfəlik ödəmə təyin olunub, 3 min 100 şəxsə sığorta ödənişi verilib.

Eyni zamanda, həssas qrupdan olanların mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Prezident İlham Əliyevin yerli telekanllara müsahibəsində dediyi kimi, “Keçən il bu istiqamətdə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu günə qədər 13 min ailə mənzillə təmin olunub”. Ümumilikdə ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 7 min 500-dən çox şəxs minik avtomobili ilə təmin olunub. Bu il cənab Prezidentin tapşırığına uyğun olaraq ən azı 1500 mənzil onlara təqdim olunacaq.

Postmüharibə dövrü sosial dəstək paketi üzrə şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 36 min 700 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
1 min 800 şəxs 30 min 700 reabilitasiya vasitəsi, 387 nəfər 403 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Həmçinin 16 min 500 şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9 min 500 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində 71 min 700 şəxsə xidmətlər göstərilib və s. Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 122 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 264 min xidmət göstərilib və bu dəstək işləri hazırda davam edir.

– Bu günlərdə daha bir DOST mərkəzi açıldı və DOST şəbəkəsinin genişlənməsi, həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə DOST, ümumilikdə, sosial infrastrukturun qurulması üçün hansı işlər aparılır?

– DOST konsepsiyası Azər-baycanda son illər aparılmış sosial islahatların mühüm innovativ uğurlarından biridir.
Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Artıq Bakı şəhəri və Abşeron rayonu DOST mərkəzləri şəbəkəsi ilə əhatə olunub. Ötən il bu mərkəzlərdə 618 min, ümumilikdə ötən dövrdə isə 1,3 milyon şəxsə xidmət göstərilib və vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

Azərbaycanın DOST təcrübəsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Nazirliyin  qurumları 2022-ci ildə 11 beynəlxalq mükafata sahib olub. O cümlədən DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib. Nazirliyinin qurumları son iki ildə “Keyfiyyətli idarəetmə sistemi”, “Korrupsiyaya qarşı idarəetmə sistemi”, “Müştəri məmnunluğu və şikayətlərin idarə edilməsi sistemləri” üzrə 12  İSO sertifikatı əldə ediblər. DOST təcrübəsini öyrənməyə, tətbiq etməyə maraq göstərən ölkələrin sırası da genişlənir.

Onu da diqqətinizə çatdırım ki, hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada DOST mərkəzlərinin açılması üçün işlər aparılır.  Həmçinin 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.

Ümumilikdə, həmin ərazi-lərdə böyük quruculuq və yenidənqurma işləri çərçivəsində müasir sosial infratstrurkturun da qurulması təmin olunacaq.

Dövıət başçısının 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən 2023–2026-cı illərdə Cəbrayılda Regional DOST mərkəzi və Peşə Hazırlığı Mərkəzi, həmçinin  Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada  DOST filialları, Kəlbəcərdə Reabilitasiya Mərkəzi yaradılacaq. Eyni zamanda, işağaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı aktiv məşğulluq proqramları icra olunacaq.

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin rəqəmsallaşması sahəsində çox geniş miqyasda işlər aparır. Nazirliyin fəaliyyət sahələri üzrə elektronlaşma hazırda hansı səviyyədədir?

– Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir. Artıq nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. Yəni nazirlik üzrə  elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir və ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu oldu.

Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli fərmanı ilə yaradılan “e-sosial.az” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və 100-dən çox xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Həmçinin ötən ilin may ayında ölkəmizdə ilk dəfə olaraq kadr uçotu sisteminin rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi.

Nazirliyin elektron xidmətlərinə son bir ildə 21 milyona yaxın müraciət qeydə alınıb. Həmçinin 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb, keçən il 231 min, ümumilikdə, ötən 4 ildə isə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Eləcə də ötən il daha 212 min fərdi şəxsi hesab e-qaydada açılıb.

Nazirliyin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən 2022-ci ildə nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon olub. Bu elektronlaşma proqramı qarşıdakı dövrdə də davam edəcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button