AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstan telekanalında Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan danışıb

Gürcüstanın AdjaraTv12 televiziya kanalında Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı veriliş yayımlanıb.

“Adjara PS” Media Holdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidze müasir dünyada baş verən terror aktlarından, o cümlədən Azərbaycan səfirliyinə edilən hücumdan danışıb. C.Meqrelidze bildirib ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum Venesiya Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Verilişdə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycan səfirliyinə edilən hücumu terror aktı adlandırdığını, dünyanın 60-dan çox ölkəsinin, o cümlədən Gürcüstan hökumətinin, beynəlxalq təşkilatların bu hücumu kəskin şəkildə pislədiklərini diqqətə çatdırıb.

X.Əzizov terror aktının İran tərəfinin məsuliyyətsizliyi səbəbindən baş verdiyini vurğulayıb. Bildirib ki, bütün məsuliyyət İran tərəfinin üzərinə düşür və rəsmi Tehran baş verənlərə görə cavab verməlidir.

Eyni zamanda, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun fəaliyyəti barədə danışılıb, İran hökumətinin konsulluğun və diplomatik nümayəndəliyin əməkdaşlarının təhlükəsizliyinə cavabdeh olduğu bir daha diqqətə çatdırılıb.

Verilişdə digər çıxış edənlər də bu terror aktını pisləyib və Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button