“Deprem”-GÜNÜN ŞEİRİ
Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.
Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.
Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.
Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.
Bəxtiyar Vahabzadə