Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan Gənclər Evində görüşüb
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan
Gənclər Evində şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif
şagirdləri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən
məlumata görə, görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov
şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının
qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat
verib. O, bildirib ki, polis sıralarına qatılmaq arzusunda olan gənclər sağlam həyat
tərzi keçirməli, dərslərini yaxşı oxumalıdır.
Daha sonra çıxış edən digər tədbir iştirakçıları polisin gündəlik fəaliyyətini
şagirdlərin diqqətinə çatdıraraq, Polis Akademiyasında yaradılan şərait,
kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat veriblər.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı
müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş
olunub.