“Bizim üçün Azərbaycan və Türkiyə eynidir”
“Həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə ilk yardım Azərbaycan gəldi”.
Bunu Modern.az-a açıqlamasında “İlim yayma cəmiyyəti”nin İdarə Heyətinin üzvü Mehmet Ali Doğan bildirib.
Azərbaycana Türkiyənin çətin günlərində yardım etdiyinə görə təşəkkürünü çatdıran Mehmet Ali Doğan göstərilən dəstəyi heç vaxt unutmayacaqlarını söyləyib:
“Azərbaycana yardımlarına görə təşəkkür edirik. Türkiyə xalqı olaraq qardaş Azərbaycana minnətdarıq. Pakistandan Kanadaya, Almaniyadan Yunanıstana qədər bizə dəstək oldular. Lakin ilk yardım Azərbaycandan gəldi və qardaşlarımız Türkiyə xalqının dərdinə şərik çıxdılar. Bizim üçün Azərbaycan və Türkiyə eynidir, biz ayrı dövlət kimi görmürük. Azərbaycanla Türkiyəni bir-birindən ayırmırıq. Bir millət, iki dövlət anlayışı bir daha öz təsdiqini tapdı”.
O, zəlzələdən sonra Türkiyədəki vəziyyətdən söz açıb və təmsil olunduğu təşkilatın yardım kampaniyalarında aktiv iştirak etdiyini söyləyib:
“Biz insanların təxliyəsi, zəlzələdən zərərçəkən insanların qidalanmasına kimi bir çox işlərdə yaxından iştirak edirik. Bizim cəmiyyətin tabeliyində olan yurdları AFAD-ın ixtiyarına vermişik. Orada zəlzələ bölgəsindən olan insanlar yerləşdirilir. Bundan əlavə, yardımlarımız da davam edir. Türkiyədənin hər yerindən, Azərbaycandan, eləcə də digər yerlərdən yardımlar və axtarış-xilasetmə qüvvələri gəlib. Bunlar çox önəmlidir. Hazırda əsas məsələ insanlarımıza mənəvi dəstək verilməlidir. Bu istiqamətdə çalışmalar davam etdirilir.
Televiziya kanalları vasitəsilə keçirilən marafon da bizim üçün çox önəmli idi. İnsanlar həm maddi, həm də mənəvi dəstəklərini çatdırdılar. Əlbəttə, zəlzələnin vurduğu yaralar 1-2 günə düzələn deyil. Lakin indiki durumda Türkiyəyə maddi və mənəvi dəstək göstərilməsi yaralarımızı sağaltmaq üçün önəmlidir”.