Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələr yüksək səviyyədədir
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin nüfuzlu “Preporod” qəzetinə geniş müsahibə verib.
AZƏRTAC xəbər verir ki, səfir müsahibədə Azərbaycan-Bosniya və Herseqovina münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, ölkəmizdəki mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı, bu günlərdə növbəti kədərli ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımı, erməni işğalçılarının tam məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsi və Qarabağ Zəfəri haqqında geniş danışıb.
V.Quliyev Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Sarayevo şəhərində diplomatik korpus və Bosniya və Herseqovina ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək konfrans barədə məlumat verib, Azərbaycandan gələn nümayəndə heyətinin Srebrenitsa Memorial Mərkəzini də ziyarət edəcəyini söyləyib.
Diplomat müsahibəsində son günlərin böyük faciəsi – Türkiyədə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən də söz açıb, Azərbaycan dövlətinin və xalqının təbii fəlakətin ilk saatlarından Türkiyənin yanında olduğunu, qardaş ölkəyə hər cür maddi və mənəvi yardım göstərdiyini vurğulayıb.
Azərbaycan-Bosniya və Herseqovina arasında qarşılıqlı münasibətlərdən danışarkən səfir, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əməkdaşlığın hələ də arzuolunan miqyas almadığını bildirib. Bu məqsədlə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın yaradılmasının, iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.