Yanvar ayında ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 1050 cinayət faktı aşkarlanıb


2023-cü ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasından Polise.az-a bildirilib ki, cari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanıb. Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 674 kiloqram 760,289 qram narkotik vasitələrin və psixotrop maddələrin 218 kiloqram 743,7 qramını heroin, 391 kiloqram 912,157 qramını marixuana, 12 kiloqram 629,341 qramını tiryək, 32 kiloqram 320,25 qramını həşiş, 18 kiloqram 944,491 qramını psixotrop maddələr, 210,35 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1 kiloqram 400 qram olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4 qram və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfə cəlb edilib ki, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər, 30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edir. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə, 1-i Rusiya Federasiyası vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kiloqram 335,616 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb. 148 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 158 kiloqram 470,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Qanunsuz dövriyyədən götürülmüş 674 kiloqram 760,289 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 26 milyon 491 min manatdır.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7427 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 178 nəfərindən 118-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

“802” qaynar xətt telefon zəng xidmətinə 98 vətəndaş müraciəti daxil olub ki, onların 17-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 52-si narkotik asılılıqdan müalicə, 29-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 69 məktub ünvanlanıb.

Belə ki, “802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button