Milli Kitabxanada Əhməd Cavadla bağlı kitabların təqdimatı keçirilib
Fevralın 22-də Milli Kitabxanada Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir təşkil olunub və kitabxananın nəşr etdirdiyi “Əhməd Cavad: biblioqrafiya” və TÜRKSOY-un nəşr etdirdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, TÜRKSOY-un və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil olunub.
Hər iki nəşri çox dəyərli abidə hesab edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, kitabxana tərəfindən tərtib olunan “Əhməd Cavad: Biblioqrafiya” kitabı görkəmli şair haqqında son vaxtlara qədər çap olunan bütün materialları əhatə edir.
Milli Kitabxananın TÜRKSOY-la 2006-cı ildən etibarən əməkdaşlıq etdiyini qeyd edən K.Tahirov bildirib ki, bu ənənə hələ də davam etməkdədir.
Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev rəhbərlik etdiyi təşkilatın bir çox mədəniyyət adamlarının yaradıcılığının işıqlandırılması istiqamətində reallaşdırdığı layıhələrdən danışıb. Azərbaycan şeir sənətinin görkəmli nümayəndələrindən olan, qiymətli əsərlər müəllifi Əhməd Cavad haqqında kitablarım hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür etdi.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, Mədəniyyət Nazirliyi TÜRKSOY ilə birlikdə bir çox layihələr həyata keçirib. Bu layihələr türk dünyasının gücünün göstəricisidir. Əhməd Cavadın Ankarada heykəlinin qoyulması, eləcə də silsilə tədbirlərin təşkili TÜRKSOY-un ona verdiyi dəyərin nümunəsidir. Əhməd Cavad 45 illik ömrü çərçivəsində böyük Turan elini özünə sığdıran bir ədibdir.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, Əhməd Cavad türk dünyasının böyük şairidir və daima türk xalqlarının birliyi üçün çalışıb. Bu baxımdan “Çırpınırdın Qara dəniz” şeiri çox böyük əhəmiyyətə malikdir. O, Türkiyədə Əhməd Cavadın kitabının nəşr olunmasına çox şad olduğunu bildirib.
TÜRKSOY-u türk dünyasının UNESCO-su adlandıran AMEA-nın prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli qeyd edib ki, himn yazmaq böyük bir tarixdir. Ə.Cavad bununla öz adını Azərbaycan tarixinə qızıl hərflərdə həkk edib. Akademik daha sonra Milli Kitabxananın hazırladığı biblioqrafiyanın əhəmiyyətindən bəhs edərək, deyib ki, bu biblioqrafiya dahi ədəbin nəsr əsərlərinin tədqiq olunmasında çox böyük əhəmiyyətə malikdir və yeni tədqiqatların başlanğıcı olacaqdır.
Tədbirdə Əməkdar elm xadimi Qəzənfər Paşayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Mədəniyyət Nazirliyinin TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, ADPU-nun Türk araşdırmaları bölməsinin müdiri, professor Elman Quliyev çıxış edərək Əhməd Cavadın yaradıcılığını çox yüksək qiymətləndirdiklərini və onun adının Azərbaycan ədəbiyyatında daima yaşayaçağını qeyd ediblər.
Bildiriblər ki, maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qurucusudur. Dahi şair nəinki Azərbaycan himninin, həm də ilk hərbi marşın müəllifidir.
Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ailəsinin adından çıxış edərək, belə bir tədbiri təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və TÜRKSOY-a təşəkkürünü bildirib
Sonda TÜRKSOY-un Baş katibi professor Sultan Rayev başçılıq etdiyi təşkilatın on illər ərzində Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlığına böyük töhfə verdiyinə görə TÜRKSOY-un xatirə hədiyyəsini Milli Kitabxananın direktoruna təqdim edib.
Tədbirin sonunda qonaqlar “Milli istiqlal şairi Əhməd Cavad” adlı geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “İstiqlal şairi-Əhməd Cavad” adlı Elektron məlumat bazası ilə tanış olublar. Qeyd edək ki, məlumat bazası üç dildə (azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.