Azərbaycan və Qazaxıstan Respublikalarının Daxili İşlər Nazirlikləri arasında memorandum imzalandı-Foto
Fevralın 22-də Qazaxıstan Respublikasının daxili işlər naziri, polis
general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə
iki günlük rəsmi səfərə gəlib.
Nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək
xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad
ediblər.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik
Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov bu səfərin iki dost ölkənin daxili işlər
orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə
əminliyini ifadə edib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin
bağladığını, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq
xarakteri daşıdığını xatırladan nazir hər iki dövlət başçılarının müəyyənləşdirdikləri
strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə
edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı
əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli
mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ
informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə
xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət
etdiyini vurğulayıb.
Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki
Marat Axmetjanov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı
həmkarına təşəkkürünü bildirərək ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla
mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə nazir
V.Eyvazova məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər
Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu
məqsədə xidmət edəcəyini bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və
Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında Memorandum”u
imzalayıblar.
Qəbulda ölkəmizin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Ağalar Atamoğlanov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Serjan Abdıkarimov və Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Qazaxıstan Respublikasındakı nümayəndəsi, polis polkovnik-leytenantı
Ənvər Zöhrabbəyli iştirak ediblər.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi
hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və “102 – Zəng
Mərkəzi”nə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.