Zelenskidən ŞOK BƏYANAT
Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə Vladimir Putinin ünvanına sərt ifadələr işlədən Ukrayna prezidenti Vladimir Zelenski onunla heç bir görüşü qəbul etməyəcəyini bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü hər iki ölkənin liderləri ilə telefon danışığı aparıb.
Ukrayna lideri Kiyevdə mətbuata açıqlamasında Türkiyənin yeni təşəbbüslə ortaya çıxıb-çıxmadığı barədə sualı belə cavablandırıb:
“Türkiyə prezidenti cənab Ərdoğan ölkəmiz üçün bir sıra mühüm işlərə imza atıb. Birincisi, taxıl dəhlizi sazişinə böyük töhfələr verib. Onun ikinci yardımı o oldu ki, ruslar bizim Mariupol şəhərimizi tutanda oradakı dəmir-polad zavodunda girov götürülən əsgərlərimizin dəyişdirilməsi prosesini başlatdı. Rusiya ilə görüşə gəlincə, Türkiyə prezidenti mənim bu məsələ ilə bağlı fikirlərimi bilir. O, çox yaxşı bilir ki, mən Putinlə görüşə razılıq verməmişəm. Təxminən bir il əvvəl, müharibənin başlamasına bir neçə gün qalmış mən ondan və digər dünya liderlərindən xahiş etdim ki, böyük və dağıdıcı müharibə başlamazdan əvvəl Putini danışıqlar masasına oturmağa razı salsınlar. Bir il əvvəl heç kim Putini mənimlə görüşməyə razı sala bilmədi. İndi onun danışıqlar masasına oturması ehtimalı var. Amma artıq mümkün deyil. İndiki məqamda Rusiyanın başında duran o adamı həmsöhbət kimi görmürəm. İstanbulda mümkün liderlərin görüşü təşkil edilsə və məni dəvət etsələr belə, gedib o masaya oturmazdım”.
Xatırladaq ki, liderlər səviyyəsində olmasa belə, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təmas 29 mart 2022-ci ildə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Tərəflər arasında keçirilən görüşdən sonra Moskva ilə Kiyev arasında əlaqələr kəsilib. Bəzi böhranların mesbət istiqamətdə həllində fəal rol oynayan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müharibənin birinci ilindən (24.02.2022 – 24.02.2023) bir gün əvvəl Ukrayna və Rusiya liderləri ilə telefon danışığı aparıb.