“Türkiyə xarici işlər nazirinin Qahirəyə səfəri münasibətlərin normallaşmasında mühüm addım olacaq”

Martın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə səfər edəcək. Bu, son 10 ildə Ankaradan Qahirəyə nazirlər səviyyəsində ilk səfər olacaq.

Polisə.az  “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin bu gün yayılan bəyanatında deyilir: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Misirə şənbə günü həyata keçirəcəyi səfər iki ölkə arasında normal münasibətlərin bərpası üçün mühüm bir yol açır. Səfər iki qardaş dövlət və xalqın maraqlarına cavab verən qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə ikitərəfli münasibətlər, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər üzrə dərin səviyyəli dialoqun başlanğıcı olacaq”.

XİN rəsmisi məlumat verib ki, Mövlud Çavuşoğlunun Misirin xarici işlər naziri Sami Şükri ilə təkbətək və geniş tərkibdə görüşləri olacaq. O əlavə edib ki, daha sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun misirli həmkarının dəvəti ilə şənbə günü Qahirə və Ankara əlaqələrinin bərpası istiqamətində aparacağı danışıqlar böyük əhəmiyyətə malikdir. “Nazirlər ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər”, – deyə rəsmi Ankara qeyd edib.

Mövlud Çavuşoğlunun səfəri misirli həmkarı Sami Şükrinin keçən ay Türkiyənin zəlzələ bölgəsinə etdiyi səfərdən sonra xoş məram əlaməti olaraq həyata keçiriləcək. Fevralın 6-da həm Türkiyə, həm də Suriyada baş verən və 50 mindən çox insan tələfatına səbəb olan 7,8 bal gücündə zəlzələdən sonra Misir Türkiyəyə yardım edib. Faciə günü Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək dağıdıcı zəlzələ qurbanları üçün başsağlığı verib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button