Günü-gündən artan qadın qətlləri, səssiz haray – KİMDİR MÜQƏSSİR?
“Biz təkcə qadını deyil, ümumilikdə ailəni də xilas etməliyik!”
Bunu son günlər günü-gündən artan qadın zorakılığı və qətlləri ilə bağlı həyəcan təbili çalan sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.
Ə.Qəşəmoğlu belə hadisələrin törədilməsində bir səbəbi də ictimai qınağın olmamasında görür:
“Əvvəllər ailədə aparıcı rolu mənəvi dəyərlər, xalqın adət-ənənəsi təşkil edirdi. Ailədə hansısa neqativ hallar baş verəndə dərhal qohumlar, yaxınlar bu məsələyə müdaxilə edirdi, problemi həll edirdi. İctimai qınaq önəmli rol oynayırdı. İndi vəziyyət dəyişib. İndiki vəziyyətdə təəssüf ki, cəmiyyətdə ictimai qınaq faktoru getdikcə əhəmiyyətini itirir, yaxud da ikinci plana salınır.
Səbəblər çoxdur. İlk sıralarda başqa mənəvi dəyərlər yer alıb. Ailələrdə mənəvi dəyərlər sıxışdırılır. 30 il əvvəllə müqayisədə indi vəziyyət tam fərqlidir. Əfsuslar olsun ki, belə ciddi problemləri taleyin axarına buraxmışıq. Nəticə də göz qabağındadır. Ailə münaqişələri fonunda qadın qətllərinin sayı günü-gündən daha geniş vüsət alır”.
Vəziyyətdən çıxış yollarını göstərən sosioloq bu cür hadisələrin qarşısının alınması üçün fəaliyyət proqramlarının hazırlanmasını önəmli sayıb:
“Ailə məsələləri ilə bağlı xüsusi fəaliyyət proqramları hazırlanmalıdır. Yalnız paytaxtda deyil, bölgələrdə də bununla bağlı işlər görülməlidir. Səbəblər araşdırılmalı, çıxış yolları göstərilməlidir. Televiziyalar, elmi mərkəzlər, sosial şəbəkələr, dövlət qurumları bu istiqamətdə ciddi addımlar atmalıdır. Daha çox onlar bu sahədə fəaliyyətlərini aktiv şəkildə göstərməlidirlər. Eləcə də yerlərdə maarifləndirmə işləri aparılmalıdır, qadınlar təhsil proqramlarına cəlb olunmalıdır. Təəssüf ki, aktivlik olmadığı üçün istənilən nəticə əldə olunmur”.