Quba polisi Tibb Kollecinin tələbələri ilə görüşüb
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox
deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, kollecin pedaqoji
heyəti və tələbələri iştirak ediblər.
Tələbələrlə görüşdə çıxış edən RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Vüsal
Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu
zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin
apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Rəis müavini yeniyetmə və
gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi
bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini,
vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə
çevrilmələrini tövsiyə edib.
Tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və
fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotikin fəsadlarından bəhs edən
videoçarx nümayiş olunub.