Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistana səfəri çərçivəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rustambek Kurbanov və Azərbaycan icması ilə birlikdə paytaxt Daşkənddə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan meydanı ziyarət edib.
Bu barədə Polise.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, ziyarət zamanı Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub, xalqımızın və Türk dünyasının qüdrətli şəxsiyyətinin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra komitə sədri Özbəkistanın yerli mətbuat orqanlarına müsahibə verib.
Sonra komitə sədri Fuad Muradovun Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinin sədri Rustambek Kurbanovla görüşü keçirilib. Görüş zamanı Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan və Özbəkistanın müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ikitərəfli əməkdaşlıq perspektivləri və fəaliyyət prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. Ötən müddət ərzində Türk dünyasının diaspor təşkilatları arasında səmərəli əlaqələri formalaşdırmaq və onları daha da genişləndirmək istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Özbəkistanda müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsindəki təşkilati dəstəyinə və Azərbaycan diasporunun geniş fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri komitəsinə minnətdarlıq bildirilib, Azərbaycan dövlətinin adından komitə sədri Rustambek Kurbanova “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim olunub.
Polise.az