Dövləti min manata görə şantaj edənlər…

Bu gün bəzi Qeyri-Hökumət Təşkilatları rəhbərlərinin Prezident Administrasiyası qarşısında etiraz etməsini görəndə, 3 il əvvələ, Vətən müharibəsi ilinə boylanıram. Yadıma Prezident İlham Əliyevin təkbaşına verdiyi informasiya savaşı gəlir. BBC-nin, CNN-nin və digər xarici telekanalların dövlət başçısına ünvanladığı məqsədyönlü suallara, ittihamlara İlham Əliyevin necə təmkinli, səlis və hərtərəfli cavab verdiyini xatırlayıram. 

Və indi mən sual verirəm: bu gün Prezident Aparatı qarşısında etiraz edən QHT rəhbərləri onda haradaydı? Həmin vaxt sözügedən “qhtşniklər”in fəaliyyəti nədən ibarət idi? Təkcə Müdafiə, Xarici İşlər Nazirliyinin rəsmi xəbərlərini, bəyanatalarını öz sosial şəbəkə hesabında dostu, qohumu, xalası-BİBİSİ (BBC yox ha) üçün paylaşmaqmı? Hansı biri dövlətin başının qarışıq olduğu dönəmdə öz imkanları çərçivəsində həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına nail oldu?

Onu da düşünün ki, bu gün etiraz edən QHT rəhbərlərinə ümumilikdə 2019-cu ildən bu yana 600 min manatdan çox pul ayrılıb. Yəni, bu gün Prezident Aparatının qarşısına toplaşanlar ortalama indiyədək lahiyə adı altında hərəsi 35-40 min manat arası dövlətdən pul alıb. Bu dəfə etiraz etmələrinin səbəbi isə, ötən il alınan, misal üçün, 9 min manatın bu dəfə 8 minə endirilməsidir. Yəni, onları Prezident Aparatının qarşısına aparan səbəb pulun ayrılmaması deyil, sadəcə, min manat az vəsaitin ayrılmasıdır. Belə çıxır ki, pula görə dövləti şantaj edirlər. 

Hələ Aparatın qarşısında da açıqlama verirlər ki, heç kim mənim layihəmin pulunu kəsə bilməz. 

Sual: Layihənin, yoxsa sənin?

Maraq üçün bu gün etiraz edən 18 QHT rəhbərlərinin son 4 il ərzində həyata keçirdikləri layihələrin icrasına göz gəzdirirəm. Qarşıma yutub platformasında fərqli-fərqli “qhtşniklər”in ərsəyə gətirdikləri iki sənədli film çıxır. Birinə 2 il ərzində cəmi 17 baxış olub, digərinə isə 97… 

Bu fakt qarşısında adamın vicdanı sızıldamalıdır. 17 baxışa görə, dövlətdən 10 min manat almaq olar? Bu, soyğun deyil, bəs nədir?

“Yuxarırda dövləti şantaj edirlər” ifadəsini boşuna qeyd etmədim. QHT rəhbərlərindən birinin bugünkü aksiyada dediklərinə diqqət edək:

“Bu gün az bir qismdir, birdən-birə bura gəlməyə qərar verdik, amma bir neçə günə on bu boyda olacaq. Bizi qışqırtmasınlar”.

“Dövlətin yanındayıq” deyən QHT rəhbərlərinin indi dövlətin qarşısında olmasına səbəb budəfəki layihəsinə cəmi 1500 manatın az ayrılmasıdır. Halbuki o, ən çox qrant qazanan QHT rəhbəridir və 4 il ərzində 67 100 manat dövlətdən layihə həyata keçirmək adı altında pul alıb. 

Bəs, ortaya qoyulan iş hanı? Layihə təkcə press-reliz yaymaqdan ibarət deyil axı.

Aydın məsələdir ki, bu gün etiraz edən QHT rəhbərlərinin dərdi icra edəcəkləri layihəni daha yaxşı həyata keçirmək deyil, daha artıq qazanmaqdır. Dövlətçi deyillər, alverçidilər… Dövlətlə də “pazarlık” olmaz!

Emin Səfərov

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button