Deputat: Qarabağda erməni separatizminə son qoyulmalıdır

Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diktə edən tərəfdir. Ermənistanın və ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları kontingentinin təxribatları hiddət doğurur. Bu gün Qarabağdakı erməni separatçılarının davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüququn normalarına tamamilə ziddir. Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir.

“Son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılmasının tərəfdarıdır. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni, ərazi iddiasından əl çəkməli və sülh müqaviləsini imzalamalıdır”, – deyə S.Fətəliyeva bildirib.

Ermənistanın üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməli olduğunu vurğulayan deputatın sözlərinə görə, bu mənada 10 noyabr razılaşmasının 4-cü bəndinə əməl olunmalıdır. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, separatizmə dəstək verməməli və sülh prosesini uzatmamalıdır.

“Qarabağda erməni separatizminə son qoyulmalıdır. Dövlətimizin bu məsələdə mövqeyi prinsipialdır. Eyni zamanda, beynəlxalq birlik də aydın və konkret mövqeyini ortaya qoymalı, ikili standartlardan çıxış etməməlidir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button