Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin martı

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

2 mart. Prezident Heydər Əliyev görkəmli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycana gətirilmiş vaksinlərin təqdim olunması mərasimində iştirak etdi.

3-4 mart. Mstislav Rostropoviçə “İstiqlal” ordeni təqdim etdi və onun 75 illiyi şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

6 mart. Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarının dəstə rəisləri ilə görüşdü.

7 mart. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

14 mart. Avropa “Top-komanda“ kuboku yarışlarının qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvlərini qəbul etdi.

16 mart. ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.

19 mart. Bakı şəhərindəki uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün Respublika sarayında təşkil edilən Novruz şənliyində iştirak etdi.

21 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etdi.

22 mart. “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdim olunmasına həsr edilmiş mərasimdə çıxış etdi.

26 mart. ABŞ nümayəndə heyəti ilə görüşdü.

31 mart. Şəhidlər xiyabanını ziyarət etdi.

X X X

Prezident Heydər Əliyevi maestro Mstislav Rostropoviçlə səmimi dostluq telləri bağlayırdı. Hələ 1970-ci illərin əvvəllərində, SSRİ-də Mstislav Rostropoviçə çox soyuq münasibət bəslənildiyi bir vaxtda Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsində çalışarkən onu Azərbaycana dəvət etmişdi. Bununla da zəmanəmizin iki görkəmli şəxsiyyəti arasında böyük dostluğun təməli qoyulmuşdu.

“Əziz dostum Slava!”- Prezident Heydər Əliyev öz böyük həmvətəninə belə müraciət edirdi. Onların illər uzunu davam edən dostluğu Azərbaycanın xeyrinə işləyir, dünyaşöhrətli musiqiçi ölkəmiz haqqında həqiqətlərin dünyaya yayılmasında sidq-ürəkdən iştirak edirdi.

2002-ci ilin martında Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycana uşaqlar üçün vaksinlər gətirildi. Ulu Öndər vaksinlərin təqdim edilməsi mərasimindəki çıxışında bu nəcib təşəbbüsə və yardıma görə görkəmli musiqiçiyə təşəkkürünü bildirdi. Onu Azərbaycanın yaxın dostu və insan haqları uğrunda mübarizənin çox böyük bir nümayəndəsi kimi səciyyələndirdi.

Martın 3-də Mstislav Rostropoviçə ölkəmizin ali dövlət mükafatı – “İstiqlal” ordeni təqdim edildi. Heydər Əliyev mərasimdəki nitqində onun Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini, müstəqil ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi.

Sitat: “Siz Azərbaycana təkcə mədəniyyətimizin inkişafına, incəsənətimizə kömək etməklə böyük diqqət yetirmirsiniz. Siz həm də ölkəmiz haqqında həqiqəti, Azərbaycan xalqı haqqında həqiqəti, müstəqil dövlətimiz haqqında həqiqəti, bugünkü real həyatımız haqqında həqiqəti bir çox ölkələrdə yayırsınız. Qaçqınların çadır şəhərciklərinə şəxsən getdiyinizə, onların necə çox ağır şəraitdə yaşadıqlarını gördüyünüzə, Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasındakı münaqişənin necə məşəqqətli nəticələrə gətirib çıxardığının və Azərbaycan xalqının erməni təcavüzündən, bu münaqişədən necə böyük zərər çəkdiyinin şahidi olduğunuza görə Sizə təşəkkür edirəm”.

Ulu Öndər müstəqilliyin əsas amillərindən biri olan dövlət sərhədinin qorunmasına xüsusi diqqət yetirirdi. Martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarının dəstə rəisləri ilə görüşən Heydər Əliyev qarşıya sərhədlərin mühafizəsini daha da gücləndirmək, Sərhəd Qoşunlarının şəxsi heyətinin fiziki-mənəvi sağlamlığını möhkəmləndirmək kimi həlli vacib vəzifələr qoydu. Eyni zamanda, diqqəti 2001-ci ilin sentyabrında ABŞ-da törədilmiş dəhşətli terror aktlarına yönəldərək beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı: “Beynəlxalq terrorizmlə mübarizə həmişə aktual vəzifə olubdur. Ancaq ötən il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda baş vermiş dəhşətli terror hadisələrindən sonra beynəlxalq terrorizmin bütün bəşəriyyət üçün, bütün dünya üçün nə qədər təhlükəli olduğu bir daha aşkar oldu və təbiidir ki, bununla əlaqədar beynəlxalq terrorizmlə mübarizə güclənməlidir”.

ABŞ-dakı 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan beynəlxalq terrorizmə qarşı öz etiraz səsini ucaltmış və bu mübarizədə Amerika Birləşmiş Ştatları ilə bir alyansda olduğunu bəyan etmişdi. Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə bu bərədə danışan Ulu Öndər iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini məmnunluqla qeyd edərək dedi: “Azərbaycan bu on il müddətində öz müstəqilliyini qoruyub saxlayıb, iqtisadi cəhətdən, siyasi cəhətdən və bütün başqa əlamətlərinə görə güclü bir dövlətə çevrilibdir. On il ərzində biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi daim inkişaf etdirmişik. Bu əlaqələr genişlənir, dərinləşir və demək olar ki, bütün sahələri əhatə edir. Bu əlaqələrin inkişaf etməsinin səbəbi təkcə bizim istəyimiz, arzumuz deyil, eyni zamanda, Amerika Birləşmiş Ştatları hökumətinin də Azərbaycan ilə əlaqələri genişləndirmək, inkişaf etdirmək niyyətləridir”.

Ermənistanın təcavüzkar siyasətinin dövlət səviyyəsində ifşası, Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırımı faktlarının ictimailəşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident Fərmanına əsasən, 1998-ci ildən etibarən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlandı. Bununla bağlı xalqa 2002-ci ilin martında etdiyi növbəti müraciətində Heydər Əliyev müasir dövrümüz üçün də xüsusi aktuallıq kəsb edən bir sıra məqamları diqqətə çatdırdı.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətdən

• Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmiş və onun gerçəkləşdirilməsi istiqamətində xüsusi cəhdlər göstərilmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmış, Azərbaycan toponimləri erməniləşdirilmişdir.

• Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948–1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi, xüsusi ssenari ilə aparılmışdır. Bunun ardınca, 1980-ci illərin sonunda Dağlıq Qarabağ millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, bunların sonradan əsl irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı – bütün bunlar “böyük Ermənistan” xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların tam olmayan siyahısıdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button