Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə hərbi qardaşlığının heç vaxt unudulmayacaq dəyərli səhifəsidir

Azərbaycan xalqının dövlətçilik tarixində şərəfli mərhələ olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə qazanılmış çoxsaylı uğurlardan biri də Bakı şəhərinin işğaldan azad edilməsi və onun öz sahiblərinə qovuşması idi. Bu tarixi hadisə həm də ölkəmizin qəhrəmanlıq tarixinin, Azərbaycan-Türkiyə hərbi qardaşlığının heç vaxt unudulmayacaq dəyərli səhifəsidir.

1918-ci ilin mayında müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilindəki ərazilərin yarıdan çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr isə hələ təşkilatlanmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi. Bu müraciətdən sonra Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə ölkəmizin milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu yaradıldı. Osmanlı Türkiyəsinin hərbi naziri olan  bu Ordunun komandanı, Azərbaycanın görkəmli hərbçisi Əliağa Şıxlinski isə onun müavini təyin edildi.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun “Bakı Zəfərinin 105-ci ili” adı məqaləsində yer alır.

Polise.az məqaləni təqdim edir.

Qafqaz İslam Ordusu təşkil edildiyi gündən də Bakıda hakimiyyəti qəsb etmiş Bakı Soveti qoşunları ilə ağır döyüşlərə cəlb olundu və bu Qaraməryəmdən başlayaraq Bakıya qədər qürur doğuracaq döyüş yolu keçdi. 1918-ci il iyulun son günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı həndəvərinə yetişməsi ilə Stepan Şaumyanın rəhbərliyi altındakı Bakı Soveti istefa vermək və şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə vermək məcburiyyətində qaldı. Bu hökumətin və ona tabe olan hərbi qüvvələrin rəhbərliyinin də əsasını erməni daşnakları təşkil edirdilər. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən dərhal sonra daşnak nümayəndələri İrana göndərildi və onların vasitəsilə bu ölkədə mövcud ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birlikdə Bakıya dəvət olundu. Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti dərhal yaranmış fürsətdən istifadə etməyə çalışdı. General Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqustun 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. Onların gəlişini sonsuz sevinclə qarşılayan erməni daşnakları öz niyyətlərinə yaxın olduqlarını düşünürdülər. Bakı üzərinə həyata keçirilmiş ilk genişmiqyaslı hücumun nəticələri də onların bu sevincinə əlavə qol-qanad verdi. Belə ki, bir gün sonra Qafqaz İslam Ordusu qüvvələrinin Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün başlatdıqları ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusu qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücum zamanı bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinliklərindən sonradan əvvəlki mövqelərinə, yəni Qurd qapısı ilə üzbəüz yüksəkliklərə geri çəkilmək məcburiyyətində qaldılar.

Amma 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Dərhal Bakı üzərinə növbəti uğurlu hücumun təşkili üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakının qısa zamanda azad olunmasını arzulayan Ənvər Paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının şəhər ətrafına göndərilməsi haqqında sərəncam verdi. Sentyabrın 6-da Türkiyədən əlavə göndərilən 15-ci piyada diviziyası nəhayət ki, Ağstafaya çatdı və oradan da dərhal qatarla Gəncəyə yola düşdü. Elə həmin gün Gəncə dəmir yolu stansiyasında bu diviziya qüvvələrinin qarşılanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələyə qədəm qoydu. Həmin hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər. Döyüş bölgəsinə gəldikdən sonra Nuru Paşa ilə Əliağa Şıxlinski şəhər ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Mövcud vəziyyət qiymətləndirildikdən sonra sentyabrın 13-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Həmin əmrə əsasən Bakının yad qüvvələrdən azad edilməsi üçün həlledici hücum sentyabrın 14-nə keçən gecə başlamalı idi.

Hazırlanmış hücum planına əsasən 5-ci türk diviziyası və ona verilmiş milli hərbi dəstələr Qurd qapısının Bayıldan başlayaraq təxminən Biləcərinin qərb ətəklərinədək olan ərazidən hərəkət etməli idi. Biləcəri-Sabunçu-Əhmədli ətrafı boyunca isə 15-ci türk diviziyası və ona verilmiş milli hərbi qüvvələr hücuma keçməli idilər. Azərbaycanın milli hərbi qüvvələrinin və könüllü dəstələrinin böyük hissəsi bu istiqamətdən hücuma qoşulmuşdu. Nəzərdə tutulmuşdu ki, əsas zərbə Qurd qapısı istiqamətindən vurulsa da, Bakının şimal-şərq ətrafı boyunca mövcud düşmən qüvvələr də tədricən şəhərə sıxışdırılsın. Hücum planına görə, 5-ci türk diviziyası Qurd qapısı yüksəkliklərinə qalxmaqla düşmənin birinci və ikinci müdafiə xətlərini ələ keçirməli və sonra orada möhkəmlənməli idi. Bu hücum elə sürətlə həyata keçirildi ki, hətta Qafqaz İslam Ordusunun komandanlığı üçün onun nəticələri böyük sevinclə qarşılandı. Gün ərzində Qurd qapısı istiqamətində qazanılan uğur 15-ci diviziyanın mövqelərində də təkrarlandı.

Sentyabrın 14-ü üçün qarşıya qoyulan tapşırığı yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə yanaşı, həm də son döyüşə hazırlıqda keçirdilər. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokaspi rəhbərliyi Qafqaz İslam Ordusu rəhbərliyi ilə əlaqə yaradılması üçün yollar axtarmağa başladı. Bu məqsədlə aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakını Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi üzərinə götürdü. Beləliklə, Bakı bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. “Sentrokaspi” Diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular.

Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi keçidi keçirildi. Bu rəsmi keçid Qırmızı Qışlaq adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil olundu. Rəsmi keçiddə Xəlil Paşa, Nuru Paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi keçid bitdikdən sonra həmin şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və rəsmi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladılar və Bakının azad edilməsi kimi böyük tarixi hadisənin sevincini onlarla bölüşdülər.

Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə belə qiymət verirdi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

Bununla, Bakı öz azadlığına qovuşdu və onun tarixində müstəqil xalqın baş şəhəri olmaq kimi şərəfli bir səhifənin başlanğıcı qoyuldu.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button