Şəmsəddin Əliyev: “Bizdəki insan haqları və təhlükəsizlik məsələsi heç Avropanın bir çox ölkələrində yoxdur”
Avropa Parlamenti hazırda həbsdə olan ADR Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı müzakirələrin yekunu olaraq qətnamə qəbul edib.
Qətnamədə Qubad İbadoğluna qarşı “uydurma və siyasi motivli ittihamlarla” cinayət təqibi pislənilir və insan hüquqlarını kobud şəkildə pozan azərbaycanlı rəsmi şəxslərə qarşı Avropa İttifaqının qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində sanksiyaların tətbiqinə çağırılır. İbadoğlunun qeyd-şərtsiz azad edilməsi tələb olunur.
Qətnaməni 569 deputatdan 539-u dəstəkləyib, 24-ü bitərəf qalıb, 6 nəfər sənədin əleyhinə səs verib.
Qarabağ və onun ətrafında həssas olan belə dönəmdə Avropa Parlamentinin böyük səs çoxluğu belə sərt qətnamə qəbul etməsi təsadüfdürmü, yoxsa Azərbaycana məhz sülh prosesi ilə bağlı təzyiq xarakteri daşıyır?
Davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatının qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdi və məhkəmənin müstəqilliyinə hörmətsizlik sayıla bilərmi?
Qeyd edək ki, son zamanlar Avropa İttifaqı “humanitar böhran” “Laçın yolu” adları altında Azərbaycanla bağlı müzakirələri kifayət qədər intensiv hala çevirib. Hər kəs çox yaxşı başa düşür ki, əslində nə Avroparlamenti İbadoğlu maraqlandırmır. Azərbaycana qarşı davamlı şəkildə qərəzli mövqe tutmaqda olan Avropa Parlamenti “İbadoğlu” şousuna anti-Azərbaycan fəaliyyətində növbəti fürsət kimi yanaşır. Bu qərəzin və bütövlükdə proseslərin çox sadə səbəbi var. Bu gün Azərbaycan Respublikasının özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması neoimperialist güclərin, o cümlədən korrupsiya yuvası olan Avroparlamentin niyyətləri ilə üst-üstə düşmür. Əgər bu təsisatı həqiqətən insan haqları maraqlandırsaydı, ilk növbədə 30 il ərzində təməl hüquqlarından məhrum olan 1 milyondan artıq Qarabağ və Şərqi Zəngəzur sakini, habelə Qərbi Azərbaycandan didərgin salınan 300 mindən artıq soydaşımızın haqları barədə danışardı.
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AP-nin bu davranışı bütün beynəlxalq prinsiplərə ziddir: “Azərbaycan məhkəməsinin işinə müdaxilə və təzyiq üsuludur. Əgər xatırlayırsınızsa, son 30 il müddətində bir milyona yaxın Azərbaycan vətəndaşının hüququ yerlə bir olub, tapdandı, ancaq Avropa Parlamentindən səs çıxmadı. BMT-nin 4 qətnaməsi icra edilmədi. Biz öz gücümüz hesabına bunları həll etdik. Birada ciddi təzad var. 10 milyondan biri olan vətəndaşla bağlı belə qətnamənin qəbulu çoxlu şübhələrə yol açmış olur. Bir daha sübut olunur ki, Qubad İbadoğlu həmin dairələrin təsiri altında olub. Mənim qənaətim budur ki, Qubad İbadoğlu iqtisadçı kimi əldə etdiyi bütün məlumatları onlarla bölüşüb. Bunun özü də bir xəyanətdir. Avropanın xüsusi marağı yoxdursa, niyə bu cür addım atır? Deməli, həm də beynəlxalq səviyyədə bir korrupsiya baş verir. Hansı insan haqlarından söhbət gedir? O, hələ təqsirli şəxs kimi cəlb olub. Bəlkə məhkəmə bu adama bəraət verəcək. Məhkəmə qərarları ilə razılaşmayacaqları təqdirdə onların Avropaya Məhkəməsinə müraciət etmək hüquqları yaranır. Niyə bunu gözləmirlər?Onların indiki məqamda belə davranmasının siyasi kökləri var. Onlar sülh danışıqları ilə bağlı prosesdə Azərbaycana təzyiq edirlər. Onlar bölgədə gərginliyi saxlamaq istəyirlər. Avropa Parlamenti Azərbaycanı başqa ölkələrlə bir tərəziyə qoymasın. Biz dünyada sözümüzü demiş ölkəyik. Bizdəki insan haqları və təhlükəsizlik məsələsi heç Avropanın bir çox ölkələrində yoxdur. Avropa Parlamenti bizə qısqançlıq nümayiş etdirir. Adi bir şəxsin cinayət məsuliyyətinə cəlb olunma faktı belə səs-küyə səbəb olmamalıdır. Bunun adı açıq hədədir. Biz hamıya görk olacaq , qanunlarla uzlaşan bir fəaliyyət ortaya qoyuruq. Onlar belə müraciətləri əvvəl etdilər. Azərbaycan rəsmi cavab verdi ki, istintaqın işinə heç kim qarışa bilməz”.
Polise.az